Baxımsız qalan “Azadlıq parkı” - REPORTAJ

13:44 07.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İlləröncə Bakıda tikilən ilk sütunsuz metro - Azadlıq stansiyasının çıxışında fərqliliyi ilə hər kəsi heyran qoyan yaşıllıq ərazi var idi. Bu ərazi metro stansiyasının daxili arxitekturası ilə vəhdət təşkil edir, şəhərin ən gözəl parklarından biri sayılırdı. Hazırda yan-yörəsi iri binalarla əhatə olunmuş parkın ərazisi gün-gündən kiçilməyə davam edir. Bu da azmış kimi, salınmış yaşıllıqlar məhv olur, sanki burada əklimiş ağaclara belə su dəymir. 

 “Azadlıq parkı”nın daş döşəmələri baxımsızlıq səbəbindən sökülüb-dağılıb. Mərkəzində tikilmiş fəvvarə isə görünür, çoxdan fəaliyyətini dayandırıb, susuz qalan hovuzun içi zir-zibillə doludur. İndi demək olar ki, heç kəs burada  oturub asudə vaxt keçirməkdə maraqlı deyil. Açığı, bunun real səbəbləri də var. Elə davam edən tikintinin səs-küyü, tozu bunu deməyə əsas verir.

Baxımsız qalmış kiçik yaşıllıq sahəsini dolaşanda nəvəsini gəzdirməyə çıxan ortayaşlı qadınla həmsöhbət olduq. “Havalar düzəlir deyə, balacanı əyləndirmək istəyirəm, ancaq zəncirlənmiş yelləncəklər və susuz fəvvarə uşağın əhvalını bir xeyli korlayıb”,  – deyə qadın bildirdi:

“Mən uzun illərdir yaxınlıqda yaşayıram. Necə deyərlər, gözümü açıb buranı park halında görmüşəm. On ilə yaxındır, ərazidə təmir işləri gedir. Bina tikilir. Parka isə baxan yoxdur. Gül kimi idi buralar. Uşaq səsindən adamın ürəyi açılırdı”.

Hə, bu uçuq-sökük yerdən park deyə bəhs etsək də, əslində, ərazi park statusu daşımır. Məlumatı Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat katibi Leyla Quliyeva Hafta.az-a açıqlamasında bildirdi. Mətbuat katibi onu da vurğuladı ki ərazi icranın yox, bələdiyyənin tabeliyindədir.

Təəssüf ki, məsələ ilə bağlı bələdiyyə ilə əlaqə saxlamağa çalışsaq da, nəticə vermədi.

Parkın daxilində inşa edilən binalar, bu ərazini kimin satdığı və metro stansiyasının üzərində tikilərək stansiya üçün təhlükə yarada biləcək bütün amillər, bir sözlə, suallar elə sual olaraq qaldı. Necə deyərlər, “Görünən kəndə bələdçi lazım deyil”. Onsuz da parkın vəziyyəti göz qabağındadır.

Xatırladaq ki, parkın salınması ilə “Körpübinatikinti” ASC məşğul olub. Stansiyanı “Azərtunelmetrotikinti” ASC tiksə də, yerüstü ərazinin təxminən 10 min kv/m olan park hissəsinin layihəsini “Bakıdövlətlayihə” İnstitutu tərtib edib. İki ilə ərsəyə gələn metrostansiya və park cəmi iki ay davam gətirdi. Viran qalmış parkın inşasına isə 2009-cu ildə 2,5 milyon manat xərc çəkilmişdi.

Oxunma sayı 477