Bişkekdə XII Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb

11:40 24.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğıstanın paytaxtı Bişkekdə MDB, Baltikyanı ölkələr və Gürcüstanın qısametrajlı filmlərinin XII Beynəlxalq kinofestivalına start verilib.

Hafta.az-ın “Kabar”a istinadən yazdığına görə, bu barədə Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu il festival Qırğızıstanın xalq artisti, yüksək kateqoriyalı cizgi filmlərinin rejissoru Saqınbek İşenovun 90 illik yubileyinə həsr olunub.

“Kinofestivalda iştirak etmək üçün ümumilikdə xarici və yerli kino xadimlərindən 800-dən çox müraciət daxil olub. Festival müsabiqəsi iki proqramdan ibarətdir: beynəlxalq və milli, burada bədii, sənədli, animasiya və eksperimental film janrlarında filmlər təqdim olunur. Festival çərçivəsində “Manas” kinoteatrında iştirak üçün seçilmiş qısametrajlı filmlərin pulsuz nümayişi təşkil olunacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, kinofestival 2010-cu ildə ictimai-siyasi xadim Sadıq Şer-Niyaz tərəfindən MDB ölkələri, Baltikyanı ölkələr və Gürcüstan arasında mədəni dialoqu inkişaf etdirmək, özünəməxsusluğu qorumaq və ənənəvi mədəni dəyərləri inkişaf etdirmək məqsədilə təsis edilib və Qırğızıstanın Kinematoqrafiya Departamenti, MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Dövlətlərarası Fondu (MFGS), “Mədəni Əməkdaşlıq Fondu” ictimai fondu və “Ayış” ictimai fondu tərəfindən dəstəklənir.

Oxunma sayı 482