Bolqar alimlər üzəri kiril hərfləri ilə yazılı olan 1100 illik sinə zirehi tapıblar. Onlar hesab edirlər ki, bu yazının anlamı "şərdən qorunmaq" mənasını verir.
Hafta.az-ın “Live Science”yə istinadən yazdığına görə, artefakt Bolqarıstanın Yunanıstanla həmsərhəd bölgəsində yerləşən dağıdılmış qalanın xarabalıqları arasından tapılıb.
Bolqarıstan Milli Muzeyinin arxeoloqu, ekspedisiyanın rəhbəri İvaylo Kanev “Mətn sahibini bəladan və şərdən qorumaq üçün sinəsinə taxılan qurğuşun lövhədə yazılıb” deyib. Alimin sözlərinə görə, kitabə Pavlo və Dimitar adlı iki şəxsə aiddir.
"Pavlo və Dimitrinin kim olduğu bilinmir, lakin çox güman ki, Dimitri qarnizonun üzvü olub, qalada məskunlaşıb və Pavlonun qohumudur",- deyib Kanev.
Alim hesab edir ki, bu, 893-927-ci illərdə Bolqarıstan krallığını idarə edən Kral I Simeonun (Böyük Simeon) dövrünə aid kitabədir. Hansı ki, bu dövrdə kral imperiyanı genişləndirib, Bizans imperiyasına qarşı hərbi yürüşlərə başlayıb.
Yazılma tərzini və yazının qala daxilində yerləşdiyini nəzərə alsaq, mətn qalaya 916-927-ci illər arasında çata bilərdi. "Bu, maraq doğuran çox qəribə tapıntıdır. Tarixinə əmin olmaq üçün kitabənin tam araşdırılmasına və onun hansı kontekstdə tapıldığına baxmalıyıq", - elmi işçi Yavor Miltenov qeyd edib.
Bu arada qeyd edək ki, indiyədək Kiril əlifbası ilə məlum olan ən qədim yazı 921-ci ilə aiddir.