Böyük mədəniyyətin simfoniyası - Reportaj

21:30 21.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik yanında Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə təşkil olunmuş səfər çərçivəsində Ankarada, Türkiyənin ən əski orkestri olan Cumhurbaşqanlığı Simfonik Orkestrini ziyarət etdik.

200 yaşlı orkestr

Bələdçimizin dediyinə görə, orkestrin yaranma tarixi 1826-cı ilə uzanır. Tarixi mənbələrə əsasən, sultan II Mahmudun dövründə ordu üçün hərbi orkestr qurulur. Cümhuriyyət dövründə - 1924-cü ildə Ankaraya köçürülən somfonik orkestr 1932-ci ildə Təhsil Nazirliyinin balansına verilir, 1957-ci ildən günümüzədək isə Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyətini davam etdirməkdədir.

Orkestr binası çox özəl üslubda tikilib. Ərazi dərəli-təpəli olduğu üçün, hər iki yanda qalan binalar sanki bir tərəfi torpağa bataraq əyilmiş kimi görünməkdədir. Binanın Misir ehramlarını xatırladan əsas hissəsi üçbucaq şəklində dizayn olunub və damı tünd rəngli sınmayan şüşə ilə örtülüb. Sağda və solda isə günbəz formalı çıxıntılar yerləşir. Bunlar konsertlər üçün nəzərdə tutulan – sağda 500 yerlik “Mavi salon”, solda isə Cümhuriyyətin 100-cü ildönümünü xatırladan 2023 yerlik “Böyük salon”dur. Bundan əlavə, 600 yerlik başqa bir “Tarixi salon” da mövcuddur. Salonlar adi, bildiyimiz kürəni xatırladır ki, bu da üslub baxımından dünya arxitekturasına yeni töhfə sayıla bilər.

Bu arada, qeyd edək ki, orkestrə istər sənətçi, istərsə də tamaşaçı müstəvisində böyük maraq var. Məsələn, artıq 30 yeni sənətçi orkestrə qatılıb. Tamaşaçıya gəlincə, belə bir narahatlıq var ki, ən böyük olan 2023 yerlik salon belə bəs etməyəcək. Çünki hələ yaxın keçmişdə 600 nəfərlik salon tamaşaçılara yetmirdi, satışa çıxarılan biletlər cəmi 3 dəqiqəyə satılıb qurtarırdı.

Yeri gəlmişkən, burada ön sırada yerin qiyməti 100, orta sıralarda 70, arxa sıralarda isə 50 lirə nəzərdə tutulub. Üstəlik, tələbələrə bilet 50 faiz ucuz satılacaq.

Mədəniyyət kompleksi - CerModern

Simfonik Orkestrlə qonşuluqda yerləşən CerModern sanki vahid kompleksi tamamlayır. İçində sərgi salonları, açıq havada kinoteatr, konfrans salonları və sənət atelyeləri ilə zəngin olan, 4,5 min kvadratmetr sahəyə malik, Türkiyənin ən böyük sərgi salonu olan CerModern olduqca müasir və güclü havalandırma sistemi ilə təchiz edilib. Pandemiya şəraiti olduğu üçün bura gələnlərin qapıdaca hərarəti ölçülür və sonra içəri buraxılır.

Bu mərkəzdə nələr yoxdur: sərgi qalereyası, foto qalereya, 500 yerlik konfrans zalı, rəssam emalatxanası, kafe, park sahəsi və satış bölmələri mövcuddur. Bələdçimizin dediyinə görə, burada öz əsərlərini sərgiləmək istəyən istənilən sənətkar rəhbərliklə danışmalı və ən əsası, təqdim edəcəyi əsərlər CerModern-in tələblərinə uyğun olmalıdır.

Bu isə əsasən müasir, postmodern əhvalı nəzərdə tutur. Üstəlik, buradakı qalerareyada ancaq ilk dəfə nümayiş olunacaq əsərlər sərgilənə bilər. Elə CerModern-i başqa məkanlardan fərqləndirən əsas xüsusiyyət də ilklərə xidmət etməsidir.

 

Bakı-İstanbul-Ankara

Oxunma sayı 2553