“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin bugünkü səfərinin ölkəmiz və bütövlükdə region üçün sülhün möhkəmlənməsi, əməkdaşlıq və əmin-amanlıq baxımından böyük perspektivlər vəd etdiyini düşünürəm”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.
Deputat qeyd edib ki, Vensin səfəri rəmzilikdən uzaqdır və ABŞ-nin regionla bağlı yeni strategiyasının reallaşdırılması üçün konkret əməkdaşlıq təklifləri və razılaşmaları özündə cəmləşdirir.
“Bu o deməkdir ki, region artıq geosiyasi qarşıdurma platformasından geoiqtisadi əməkdaşlıq platformasına çevrilir. Vaşinqton burada arbitr yox, sponsor kimi çıxış etmək niyyətindədir və elə artıq edir”, – S.Alıyev vurğulayıb.
Deputat əlavə edib ki, ABŞ-nin əvvəlki rəhbərliyinin böyük maneçiliyi ilə üzləşməsinə baxmayaraq, bu çevrilişi reallaşdıran və onun baş tutması üçün şərait yaradan məhz Azərbaycan dövləti, dövlət başçısı İlham Əliyevdir:
"Ona görə də indi regiona hay diasporu ilə sıx əlaqəsi olan hansısa məmur yox, ilk növbədə Amerikanın maraqları üçün çalışan və oradakı hakimiyyət iyerarxiyasında ikinci adam sayılan vitse-prezidentin gəlişi bizim üçün çox əhəmiyyətlidir. Vensin İrəvandakı mətbuat konfransında dediyi "Sülh keçmiş üçün yox, gələcək üçün yaradılır" sözləri göstərdi ki, miflərlə, uydurmalarla və nifrətlə dolu qaranlıq keçmişə dönüş yoxdur. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: ABŞ-dəki daşnak yığnağı və bəzi guya dini maraq güdən çevrələr səfər öncəsi böyük kampaniya apararaq miatsumçu rejimin artıq məhkəmə qərarı ilə cəzalandırılmış nümayəndələrini həbsdən azad etməyə çalışırlar. Əminəm ki, cənab Tramp da, onun komandasındakılar da burada qətiyyən humanitar niyyət güdülmədiyinin, iki ölkə arasında növbəti qarşıdurma yaratmaq üçün hazırlıq aparıldığının fərqindədirlər. Bu regionda sülhdə maraqlı olmayan dövlətlərin parlament və parlamentarilərinin oxşar tələbləri də bizim üçün milçək vızıltısı təsiri bağışlayır və bunu təsdiqləyir”.
S.Alıyev ümid edir ki, bu səfər hər iki tərəf arasındakı əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə yol açacaq, həmçinin bu fon səviyyəsində qara ləkə təsiri bağışlayan 907-ci və SSRİ dağılandan bəri heç bir məna daşımayan Cekson-Venik düzəlişlərinin tam aradan qaldırılmasında mühüm rol oynayacaq.
Tahirə Qafarlı