Cənub bölgəsinin turizm potensialı - REPORTAJ

16:14 25.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə bir qrup jurnalistin Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) mediaturu baş tutub. Jurnalistlər tur çərçivəsində bu rayonlarda 8 yerli turzim məkanına səfər ediblər.

Hafta.az-ın əməkdaşı da səfərə qoşulan jurnalistlər arasında idi.

Bal Qayası

İlk dayanacağımız Talış dağlarının sıldırım qayalıqlarında, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşən Astara rayonu Sım kəndi oldu. Bura özünün sərt relyefi, sıldırım qayalıqları, bulaqları və tarixi məkanları ilə tanınır. Kəndə qalxan nahamar yollar, qayaları bəzəyən lalələr, mamır və əsrarəngiz yaşıllıqlarla müşayiət olunur. Sım kəndində bizləri, qonaqlama, tur və ekskursiyalar  təklif edən “Bal qayası” komandası gözləyirdi.

“Bal qayası” turizmin sahibi, turizm və dəmirçiliklə məşğul olan Pərviz Salayev ilə həmsöhbət olduq. O bildirdi ki, Bal qayası ailəvi istirahət mərkəzi, dünyanın bir neçə nöqtəsindən, xüsusən Türkiyə və Belçikadan turistləri qəbul edir. Qonaqlama üçün kotejləri olan mərkəzin ərazisində gələnlər üçün hər cür şərait yaradılıb.

Sım kəndi sakinlərinin ata-babalarından yadigar, tarixi peşələrindən biri də dəmirçilikdir. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Pərviz bəy bildirir ki, indi kürüyü vintelyatorlarla əvəz ediblər. Kürük dəridən düzəldilir. Sımdakı qədim kürüyün yaşı 1 əsrdən artıqdır.

Kürüyün əsas özəlliyi hava axınını idarəedəbilmək bacarığıdır. Dəmirçilər öz kiçik emalatxanalarında dəmiri əridib müxtəlif formalara salır, alətlər düzəldirlər. Burada əsasən kənd təsərrüfatı üçün lazım olan bel, dəhrə, balta, qayçı, nal və s ə. məhsullar hazırlanır.

Müsahibimiz deyir ki, dəmirçilik peşəsi gələn turistlərin böyük marağına səbəb olur. Yəqin buna görədir ki, dəmirçi həm də kiçik suvenirlər hazırlayır:

“Atam 54 il həkim işləyib, buna baxmayaraq 60 il dəmirçi sənətini də yaşadıb. Biz də ailə yadigarı, qədim sənəti ondan öyrədib, gələcəkdə öz övladlarımıza ötürəcəyik”.

Pərviz bəy özü də dəmirçiliyin sirrlərinə bələd olsa da hazırda bu işlə əsasən qardaşı Təhmasib Salayev məşğul olur.

Yaşıl göl

Bizi gözləyən növbəti məkan, təbiətlə iç-içə zaman keçirməyi və balıq tutmağı sevənlər üçün unikal məkan, Astaranın Səncərədi kəndində yerləşən “Yaşıl göl” istirahət mərkəzidir.

Yaşıl göl 4 ildir fəaliyyətdədir. Burada 2, 3 və 5 nəfərlik koteclər mövcuddur. Ərazinin daxilində ləziz kənd yeməklərinin hazılandığı kafe və restoran da var. Həmçinin feyxoa, mandarin, limon ağacları da var ki, gələn qonaqlar məhsulları dada və alıb apara bilərlər.

İstirahət mərkəzinin sahibi Tələt Həbibov Yaşıl göl haqqında bizlərə məlumat verdi. Onun  sözlərinə görə, hazırda məkanda 3 kotec var:

“Burada qarşılama mərkəzi, 5 yataq otağı, 10 çarpayı, emalatxananın olduğu 3 qonaq evi fəaliyyət göstərir. Koteclərin qiyməti naharla birgə, 2 nəfərlik 50, 3 nəfərlik 60 manat,   5 nəfərlik isə 100 manatadır. Ziyarətçilər ərazidə balıq ovlaya, göldə gəzintiyə çıxa bilərlər”.

Onu da deyək ki, dörd hektarlıq ərazidə yerləşən istirahət mərkəzini portağal bağları əhatə edir. İlin 4 fəsli, xüsusilə də yaz və yay aylarında səs küylü şəhər həyatından uzaqlaşmaq üçün əvəzsizdir.

Balıqçı Abi

Füsunkar Astara gəzintimiz davam edir. Bu dəfə isə yolumuz Astara rayonunun Kijəbə qəsəbəsində, 20 hektarlıq ərazidə yerləşən “Balıqçı Abi” turizm müəsisəsinədir. Sahibi Abi Ağayev, sitrus bağçılığı, çəltik əkini, balıqçılıq və quşçuluqla məşğul olur. Ərazidə qonaqları qarşılamaq üçün koteclər və istirahət mərkəzi fəaliyyət göstərir.

Ətəklərini Xəzərin mavi suları yuyan istirahət guşəsində, futbol, voleybol və uşaqlar üçün oyun meydançası da yaradılıb.

Müəsisə yerli turlar, masterklasslar, yerləşmə, kafe və balıq tutma kimi xidmətlər göstərir. gəzməli-görməli bu məkanda göllər, çaylar və nadir ağaclar meşəsi də mövcuddur.

2003-cü ildə müflis olmuş işadamı Abi bəy, daha sonra aşağı büccə ilə yeni iş qurmaq qərarına gəlib. Elə həmin ildən etibarən ailəsi ilə birgə 20 hektar meşə ərazisinin üzərində işləməyə başlayıb. İlk olaraq 6 hektarlıq sahədə göl düzəldib. Dostlarının və ailəsinin göstərdiyi dəstək sayəsində məkan üçün stol-stul təmini, reklam, yol və digər problemləri həll edib.

Balıqçı Abinin hazırda ziyarət etdiyimiz məkanı yenicə fəaliyyətə başlayıb. Belə üçüncü filial isə yaxın zamanda rayonun Qəmişova kəndində istifadəyə veriləcək.

Citrus Valley

Citrus Valley ölkəmizdə bənzəri olmayan aqroturizm məkanıdır. Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən təsərrüfat 15 ildir fəaliyyət göstərir. Aqroturizmə isə 3 ildir başlanılıb. Aqroturizm fəaliyyətinin ilk vaxtları pandemiyaya təsadüf etsə də, hazırda Citrus Valley-in qapıları həm yerli, həm də xarici qonaqların üzünə açıqdır.

Ərazisi 15 hektar olan turizm məkanının sahibi Rəftarə Şükürova təsərrüfat fəaliyyəti haqqında jurnalistlərin suallarını cavablandırdı. Onun sözlərinə görə, Citrus Valley-in meyvələrinin yanısıra artıq kompotları da xarici bazarlara çıxarılır:

“Bağımız 15 hektardır. Bunun 6 hektarı feyxoa, 3 hektarı yarımkivi, yerdə qalanı isə, gilas, alça, limon, mandarin, portağal və albalı ağaclarıdır. Yenicə, ərazinin 3 hektara yaxın hissəsində qarışıq sitrus meyvələri bağı salmışıq. Öz istehsalımız olan Citrus Valley kompotları, turşu, cem mürəbbə məhsullarımız var. Hansı ki, bu məhsulların kütləvi istehsalına bu ildən başlanılıb. Bu il həm də ilk dəfə kompotlarımızı Rusiyaya idxal etmişik. Bağda yığılan meyvələrin 90%-i xarici bazarlara çıxarılır. Gələcəkdə yəqin ki, əməkdaşlığımız davam edəcəkdir”.

Nəzərinizə çatdıraq ki, bağa giriş 5 manatdır. Qiymətə çay da daxildir. Qonaqlara vaxt məhdudiyyəti tətbiq edilməyib. Bundan başqa, ziyarətçilərin ağacdan dərib yediyi meyvələrə görə onlardan əlavə pul alınmır.  Bağda piknik etmək üçün hər cür şərait yaradılıb. Əvvəlcədən yazıldıqda burada Lənkəran mətbəxinin ləziz təamlarından da dada bilərsiniz.

Bal süfrəsi

“Bal süfrəsi” təsərrüfat və turizm müəsisəsi Lerik rayonunun Piran kəndində, Lənkəran-Lerik yolunun yaxınlığında yerləşir.

3 hektar ərazisi olan turizm məkanının sahibi Mahir Sürətovdur. Sahibkar burada, 100 arı ailəsindən ibarət arıçılıq  və 100 baş keçidən ibarət təsərrüfat fəaliyyəti ilə məğuldur.

Burada ümumilikdə 9 otaq və 18 yatağın olduğu 3 qonaqlama da gələn turistlərin xidmətindədir.  Müəsisədə eyni anda 30 qonağa xidmət üçün hər cür şərait yaradılıb.

Arıçılıq təsərrüfatına 2 arı yeşiyi ilə başlayan Mahir Sürətov, 25 ildir bu peşə ilə məşğul olduğunu söylədi:

“İşə cəmi 2 arı ailəsi ilə başlamışam. İndi bu say 200-dən çoxdur. Əsasən bal satışı ilə məşğuluq. Qara mum və  arı südü kimi digər məhsullar hələ ki satışa çıxarılmasa da gələcək planlarda bu da nəzərdə tutulur. Balın 1 kiloqramının qiyməti 25-30 manat arasında dəyişir”.

Lerik uzunömürlülər diyarıdır. Ona görə buranın balı digərlərindən fərqlənir deyir həmsöhbətimiz. Səbəb olaraq isə ərazinin flora və faunasını göstərir. Ancaq Mahir bəy hesab edir ki, bu il, yağış az yağdı deyə, balın keyfiyyəti hər ilkinən azda olsa fərqlənə bilər.

Sonda sahibkar, fəaliyyətində dövlət dəstəyinin önəmini də xüsusi vurğuladı.

Səfalı Göl

Səfalı Göl turizm müəsisəsi Lerik rayonunun Bilnə kəndində yerləşir. 1.5 hektarlıq əraziyə malik bu gözəl məkanda, arıçılıq, maldarlıq və balıqçılıq təsərrüfatları mövcuddur. Həmçinin gələn qonaqları məmnun etmək üçün hər cür şəraitlə təmin edilmiş, 4 oturma və 8 yataq otağı, 4 qonaq evi fəaliyyətdədir.

10 ilə yaxın turizm xidməti göstərən səfalı məkan, bu ildən etibarən tam yenilənmiş formada qonaqlarını qarşılayacaq. Turizmn müəsisəsinin sahibi Əfsər Həmidov onu da qeyd etdi ki, indiyə qədər qışda fəaliyyət göstərməyən məkan, bu ildən etibarən ilin dörd fəsli gələnlərin üzünə açıq olacaq.

Turizm müəsisəsində yaşıllığın böyük hissəsi dekorativ və tut ağaclarının payına düşür. Burada çaylar, göllər, dağlar, dərələr, nadir ağaclarla zəngin meşə, bir sözlə ecazkar təbiət göz oxşayandır.

Misgərlik

Turizm müəsisəsi Masallı rayonunun Boradigah qəsəbəsində yerləşir. Müəsisənin sahibi Taleh Ağayev ata-babasından ona miras qalan misgərlik ənənəsinin 35 illik davamçısıdır. Taleh bəy söhbət zamanı bu sahəyə gənclərin maraq göstərməməsindən bir xeyli gileylənsə də,  gələcəkdə şahgird hazırlamaq istədiyini bildirdi.

Usta deyir ki, alıcılar daha çox, samovar və mis qazanlar alırlar. Burada həm də, sovet dövründən qalma samovarlar da təmir edilərək, yenilənir. Dulusçunun hazırladığı ən bahalı əşya mis samovar dəstidir ki, bu da 1000-1200 manat təşkil edir.

Misdən hazırlanmış əl əməyi-göz nuru naxışlı samovarların qiyməti əsasən 800-1000 manat arası dəyişir.

Müəssisənin qapıları rayona gələn turistlər üçün də açıqdır.

Hazırda usta, icra orqnının onun üçün ayırdığı torpağın sənədləşdirilməsi ilə bağlı bir sıra problemlər yaşayır. Sözügedən proses baş tutsa, həm yer genişləyər, həm də şagird öyrətmək üçün şərait yaranar.

Maraq yaradan bir başqa məqam isə bu oldu ki, usta həm də, insan üzlərini mis məmulatın üzərinə həkk edirdi. Bu da sifariş əsasında hazırlanır. Qiyməti ölçüsündən asılı olaraq dəyişir. Hazırlanması 2 gün vaxt alan miss portretlərin qiyməti 200 manatdan başlayır.

Obal

Mediatur çərçivəsində qatıldığımız son turizm məkanı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən,  ölkənin ən tanınmış qadın sahibkarlarından biri olan Qönçə Quliyevaya məxsus   “Obal” aqroturizm müəsisəsi oldu. Nağıllaraxas görünüşü ilə seçilən bu məkan 8 hektar ərazini əhatə edir. Yam-yaşıl düzənlikləri 1000 meyvə ağacı, 200 arı yeşiyi, inək və baramaçılıqla məşğul olmaq üçün əkilmiş 2000 tut fidanı bəzəyir.

Arıçılıq təsərrüfatı ilə adından çox bəhs etdirən xanım sahibkar deyir ki, arıları həm də onun 40 illik cehizidir:

“Atam 56 il arıçılıqla məşğul olub. Hazırda 7 qardaşım, bacılarım, və bizim övladlarımız da arıçıdır. Mən gəlin köçəndə atam, cehizlərimin yanında 2 arı ailəsi verib. Bizdə arıçılıq peşəsi nəsildən-nəslə ötürülür. Hansı bacım gəlin köçübsə arıçıdır. Elə qızlarımız da. Dövlət bizə, həm güzəştli kredit, həm də lazımı ləvazimatlar, bal süzən və geyimlər verir”.

Ərazi kənddən bir xeyli aralıda yerləşir. Ancaq sahibkar deyir ki, bu onların işinə heç bir maneə törətmir. Əksinə, arıçılıq təsərrüfatı kənddən, mal-qaradan və insanlardan nə qədər uzaqda yerləşərsə bir o qədər yaxşıdır. Təsərrüfatda hazırda 150 arı ailəsi mövcuddur. Ancaq 4-5 ildir ki,  200-250 ailə ilə işlərinə davam edirlər. Burada həm də, arıların satışı həyata keçirilir. Yeşik qarışıq satılan 1 arı ailəsinin qiyməti 300 manatdır. Yeşiksiz ana arı isə 250 manatadır.

Qeyd edək ki, müəsisədə turistlərin qəbulu üçün 3 yataq otağı və 6 çarpayıdan ibarət 2 qonaq evi də mövcuddur. Təsərrüfatda ov etmək və balıq tutmaq da mümkündür.

İki günlük səfərin ardından gözəl təbiəti və mehriban camaatı ilə yaddaşımızda xoş izlər qoyan Cənub bölgəsinə təşkil edilən mediaturun sonuna çatdıq. Təşkilatçı qurum olan “Konstitusiya” Araşdırmalar Fonduna təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Oxunma sayı 705