Cənub sərhəddində iki gün - REPORTAJ

11:22 27.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 30-u Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramıdır.

Dövlət Gömrük Komitəsi (DGK) ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin yanvar ayının 30-da yaradılıb. Gömrük işinin təkmilləşdirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi, habelə uğurlu kadrların yetişdirilməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Astara Sərhəd Gömrük Keçid Məntəqəsi

Bu həftə Hafta.az olaraq Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda Lənkəran şəhərində təşkil etdikləri ikigünlük təlimdə iştirak etdik. Mediatur çərçivəsində Astara Sərhəd Gömrük Keçid Məntəqəsi ilə əyani tanış olmaq imkanı qazandıq.

Gömrük postunda bizi DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov müşayiət etdi. O, burada yaradılmış şərait, həmçinin gömrük işinin təşkilindəki yeniliklər haqqında bizləri bilgiləndirdi.

İlk tanışlığımız sərhədin başladığı nöqtə - İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəd-buraxılış məntəqəsi ilə oldu. Əsas gömrük yoxlanışı buradan başlayır. Yollara quraşdırılmış xüsusi cihazlar sayəsində gömrük ərazisinə girən nəqliyyat vasitələrinin giriş-çıxışı qeydə alınır. Toplanan məlumatlarda nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduğu, qeydiyyat prosesi üçün sərf etdiyi və gömrük zonasını tərk etdiyi vaxt göstərilərək avtomatlaşdırılmış sistemdə qeyd olunur. Burada əsas məqsəd gömrükdə nəqliyyat vasitələrinin sürətli keçidini təmin etməkdən ibarətdir.

Gömrüyə daxil olan nəqliyyatın ölçülərini və çəkisini hesablamaq üçün cihazlar da quraşdırılıb. Rəis müavininin sözlərinə görə, hazırda postda 2 tərəzi var. Onlardan biri oxlara düşən yükə görə çəkini təyin edir, digəri isə “qapan tərəzi”dir. Nəqliyyat vasitələrinin çəkiləri haqqında məlumatlar da digərlərində olduğu kimi avtomatlaşdırılmış idarəetmə sisteminə ötürülür.

Növbəti mərhələ tərəzidən keçən nəqliyyat vasitəsinin qeydiyyatı prosesidir. Bu zaman sürücü avtomobildən düşüb, müvafiq sənədləri gömrük əməkdaşlarına təqdim edir. Paralel olaraq maşınlara gömrükçülər tərəfindən fiziki baxış keçirilir. Yoxlama bitdikdən sonra gömrükçü nəqliyyat vasitəsinin fiziki yoxlanışı barədə öhtəlik götürür və bu məlumat da sistemə ötürülür. Proses zamanı hər hansı problem yaranarsa maşınlar ölkəyə buraxılmır.

Sənədlərin təqdim olunduğu hissədə 10-a yaxın gömrük əməkdaşı sürücülərə xidmət göstərir. İşlərin daha da sadələşdirilməsi məqsədilə indi əvvəlki illərdən fərqli olaraq malın qeydiyyatı, icazə blankı, yol vergiləri, sığorta, ödənişlər və s xidmətlər ayrı-ayrı pəncərələrdən keçmir. “Bir inspektor-bir nəqliyyat vasitəsi” layihəsi tətbiq olunduqdan sonra bütün pəncərələr eyni zamanda fəaliyyət göstərir və hər biri bir nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirir. Digər yenilik isə rüsumlarla bağlıdır. Keçmişdə sürücülərin ödədiyi rüsumları gömrük əməkdaşı qəbul edirdisə, daha bu işlə məntəqədə yaradılmış “Azərpoçt” MMC-nin əməkdaşları məşğul olurlar. Beləliklə baş verə biləcək xoşagəlməz halların qarşısı alınmış olur.

Ardınca avtonəqliyyat vasitələri nəhəng skaner qurğusunda yoxlanışdan keçir. Təbii ki, bu zaman yük maşınlarının içindəki malların növü nəzərə alınır. Skanerə gedə biləcək avtomobillər qurğudan keçdikdən sonra proses tamamlanmış olur.

Bir məqamı da diqqətinizə çatdıraq ki, gömrükdə şübhəli nəqliyyat vasitələrinin axtarışına kinoloji itlər də cəlb olunur. Proses haqqında məlumatı kinoloqla apardığımız söhbət zamanı əldə etdik. Kinoloq bildirdi ki, itlər sayəsində bu günə qədər xeyli miqdarda narkotik vasitə aşkar edilib. Həmçinin bizim kinoloji mərkəzin itləri dəfələrlə xarici ölkələrdə Azərbaycanı təmsil edib və birinci yerə çıxıb. Elə “Holland afçarkası” Tvina da onlardan biridir. Gömrükçü dostumuz Rusiyada keçirilən yarışda qalib olub.

Təxminən, birsaatlıq gəzintinin ardından Astara Sərhəd Gömrük Keçid Məntəqəsi və burada gömrük işinin təşkili ilə əyani tanışlığımız başa çatdı.

İndi isə gəlin görək, ötən il Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyəti nə ilə yadda qalıb? DGK son bir ildə hansı işləri görüb?

Gömrük ödənişlərinin toplanması

2021-ci ildə Dövlət Gömrük Komitəsi 4,3 milyard manatdan çox vəsaiti dövlət büdcəsinə köçürməklə, proqnoza 111,29 faiz əməl etmişdir. Nəzərdə tutulan proqnozdan 440,37 milyon manat artıq toplanılıb.

2017-21-ci illər üzrə hüquqpozmaların sayı

2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma faktı aşkar edilmişdir. Son beş ilə nəzər salsaq pandemiya şəraitinə baxmayaraq hüquqpozmaların sayında artım müşahidə olunur.

Hüquqpozmaların növ tərkibi

2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq. Əvvəllər bəzi illərdə bu 8% təşkil edirdisə 2021-ci ildə cəmi 2,4 faiz təşkil etmişdir.

Aşkar edilmiş cinayətlərin əsas növləri

İl ərzində aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olmuşdur.

 Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülmüşdür.

2021 – narkoqaçaqmalçılığın nisbəti

2021-ci ildə qaşaqmalçılıq cinayətlərinin 69 faizini narkoqaçaqmalçılıq təşkil etmiş, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 56 nəfər: 55 kişi və 1 qadın olmaqla 22 nəfər Azərbaycan vətəndaşı, 34 nəfər əcnəbi (14 İran, 12 Türkiyə, 6 Rusiya, 1 Gürcüstan və 1 Ukrayna vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilmişdir.

Narkocinayətlərin sayı

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2021-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunmuşdur.

COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin gediş-gəlişinə tətbiq olunan məhdudiyyətlər səbəbindən son 2 ildə faktların sayında ciddi azalma müşahidə olunur.

2021-ci ildə götürülmüş narkotiklərin içərisində daha ağır və təhlükəli narkotiklər olan heroin və metamfetaminin xüsusi çəkisinin kəskin artması ciddi narahatçılıq doğurur. Belə ki, 622 kq 75 qramı maye halında olmaqla 2 ton 106 kq 134 qram heroin (2020-ci illə müqayisədə 47 % çox), 194 kq 122 qram metamfetamin (2020-ci illə müqayisədə 30 dəfə çox) tutulmuşdur ki, bu da ümumi götürülmüş narkotiklərin 75%-dən çoxunu təşkil edir.

Bundan əlavə 2021-ci ildə 698 kq 247 qram tiryək, 44 kq 672 qram həşiş və digər maddələr də qanunsuz dövriyyədən çıxarılmışdır.

Spirtli içkilər

2021-ci ildə 96 min 400 litrdən çox spirtli içki ilə əlaqədar yol verilmiş hüquqpozmalar üzrə iş açılmış, 310 ədəd saxta və saxta aksiz markası ilə markalanmış müxtəlif markalı spirtli içkilər qanunsuz dövriyyədən götürülmüşdür.

Tütün məmulatları

2021-ci il ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 310 min manat dəyərində 1 milyon 780 min ədəddən çox xaricdə istehsal olunan siqaretlər, eləcə də 1840 ədəd istifadə üçün yararsız, saxta və keyfiyyətsiz siqaretlər tutlmuşdur.

Valyuta və valyuta sərvətləri

«Valyuta tənzimi haqqında» Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 137 910 ABŞ dolları, 3 348 000 rus rublu, 41 550 avro, 6820 gürcü larisi, 50300 saxta ABŞ dolları, 2 milyon 713 min 831 manat dəyərində 7328 ədəd qızıl zinət əşyaları və külçələr, 23 378 manat dəyərində 428 ədəd gümüşdən hazırlanmış məişət və zinət əşyaları, 1 335 135 manat dəyərində 11 692 karat qiymətli daşlar və s. aşkar olunmuşdur.

Pirotexniki vasitələr

Heç bir təhlükəsizlik tələblərinə cavab verməyən 965 465 manat dəyərində 274 min ədəd pirotexniki məmulatların qanunsuz ölkəyə gətirilməsinin qarşısı alınmışdır.

Mobil telefonlar və elektronik əşyalar

2021-ci ildə 965 min 465 manat dəyərində 1504 ədəd mobil telefon, 6464 ədəd mobil telefonların aksesuarları, 263257 manat dəyərində məişət texnikası götürülmüşdür.

Dərman vasitələri

Son illər dərman vasitələrinin qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri intensivləşmişdir. 2021-ci ildə gömrük orqanları tərəfindən 101 hüquqpozma faktı üzrə 749 435 manat dəyərində dərman vasitələrinin, 255 582 manat dəyərində qida əlavələrinin, 40472 manat dəyərində tibb ləvazimatlarının qanunsuz idxalının qarşısı alınmışdır.

2019-2021-ci illər ərzində ümumilikdə 247 hüquqpozma faktı (84-ü cinayət xarakterli fakt, 163-ü isə inzibati xəta faktları) üzrə 1milyon 813 min qutu, 113 min həb, 41 min konvolyut, 5348 flakon, eləcə də istifadəyə yararsız 100 həb dərman vasitəsi gömrük orqanları tərəfindən aşkar edilərək götürülmüşdür.

P.S.

Sonda isə “Həftə içi” qəzeti olaraq bütün gömrükçüləri təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayırıq. Yolunuz aydın olsun!

Fotolar: Fariz Faiqoğlu

Oxunma sayı 72