“Çətin ölüm” bütün zamanların ən yaxşı döyüş filmi seçildi

12:30 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bruc Uillisin detektiv Con Makleyni canlandırdığı Con MakTirnan klassiki, “Çətin ölüm” ("Die Hard") filmi bütün zamanların ən yaxşı döyüş filmi seçilib.

Hafta.az-ın "Daily Mail"a istinadən yazdığına görə, 2 min nəfərin iştirak etdiyi sorğuda 1988-ci ildə çəkilmiş film yüzdə 18 səslə birinci, Stiven Spilberqin "İndiana Cons" serialının ilk filmi olan “İtirilmiş gəminin basqıncıları” isə yüzdə 15 səslə ikinci yeri tutub. Üçüncü yeri 13 faizlə “Top Gun” tutub, “Terminator 2: Judgment Day” və “Gladiator” filmləri müvafiq olaraq 12 faiz və 11 faiz səslə ilk beşliyə daxil olub.

Sorğunu aparan "Showcase Cinemas"dan Con Dikson deyib: "Aksiyon filmləri böyük ekran üçün əvəzolunmazdır və sorğumuzda iştirak edənlərin 62 faizi bunun kinoda izləmək üçün ən maraqlı janr olduğunu bildirir".

68 yaşlı Uillis səhhətində yaranan problemlərə görə ötən il məcburi təqaüdə çıxmaq qərarı vermişdi. "Emmi" və "Qızıl Qlobus"un qalibi Uillis ona frontotemporal demensiya diaqnozu qoyulduğunu açıqlayıb.

İngiltərənin Sanderlend şəhərində yaşayan və onun ən böyük “Die Hard” fanatı olduğunu deyən Terri Blek Uillisin hələ də qəhrəmanı olduğunu, filmə təxminən 150 dəfə baxdığını deyib: "Die Hard"a ilk çıxanda baxmışdım və məncə o vaxtdan bəri ildə 4-5 dəfə baxmışam. Filmdə əzbər bilmədiyim bir söz yoxdur və mənim üçün bundan yaxşı döyüş filmi yoxdur".