Ceyms Dinin imzaladığı fotoşəkil və müqavilələr 260 min dollara satılıb

10:17 30.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur aktyor Ceyms Dinin xatirə əşyalarının yer aldığı 400-ə yaxın kolleksiya 260 min dollardan baha satılıb. Kolleksiyaya əsasən Dinin imzaladığı fotoşəkillər və məktublar daxildir.

Hafta.az-ın “MovieWeb”ə istinadən yazdığına görə, Hollivud əfsanəsi ilə əlaqəli əşyalar 2008-ci ildə vəfat edən aktyorun meneceri Ceyn Disinin Nyu Yorkdakı iqamətgahında tapılıb. Hərrac keçən həftə Neyt D. Sanders Hərrac Evində baş tutub.

Ən yüksək təklif kino ulduzunun 48 dəfə parafladığı Warner Bros ilə Şərqi Eden müqaviləsinə gəlib. 7 aprel 1954-cü il tarixli müqaviləyə ümumilikdə 18 təklif verilib. Müqavilə 22958 dollara satılıb.

Hərrac evi sənədi “Hollivud tarixində ən mühüm aktyorluq müqavilələrindən biri” kimi qiymətləndirib. Bu filmdən sonra Ceyms Din 1955-ci ildə “Səbəbsiz üsyançı” və daha sonra “Nəhəng” filmində rol alıb.

Hərracda ikinci ən yüksək təklif 2 aprel 1955-ci il tarixli “Giants Love” üçün bağlanan müqavilə olub. Müqavilə ümumilikdə 14 təklif alıb və 15679 dollara alıcı tapıb.

30 sentyabr 1955-ci ildə cəmi 24 yaşında olarkən yol qəzasında dünyasını dəyişən Ceyms Din karyerası boyunca cəmi üç filmdə çəkilib.

Hərracda üçüncü ən yüksək təklif film ulduzunun meneceri Ceyn Disiyə göndərdiyi 34x26 sm ölçüsündə fotoşəkil olub. Bildirək ki, aktyor Ceyn Disini özünə ikinci ana bilirmiş. İmzalı fotoda Ceyms Din gülümsəyərək siqaret çəkərkən görünür. Fotoşəkil cəmi 6 təklif alıb və 15101 dollara satılıb.

Oxunma sayı 292