Covid-19 dərmanları ilə bağlı qıtlıq yoxdur - Reportaj

12:34 26.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Pandemiya şəraitində keçən bir ili geridə qoyduq. Bu müddət ərzində dünyaya yad olan bir sıra xoşagəlməz təcrübələr yaşandı. Hal-hazırda virus əleyhinə vaksinlər hazılanıb istifadə edilsə də, təəssüflər olsun ki, yoluxma halları var və davam etməkdədir. Məlumdur ki, Covid-19-a yoluxma zamanı bir sıra dərman preparatları qəbul edilir. Misal olaraq, "Arbidol", "Azitromitsin", "Herqoferon", "Favipiravir", "Theraflu", vitamin "D" və "C" komplekslərini göstərmək olar. Virusa yoluxma pik həddə çatdığı aylarda, hətta apteklərdə belə dərman qıtlığı yaranmışdı.  Bəs görəsən, ötən aylarda və hazırda bu dərman vasitələrinin satışı, qiymətləri arasında nə kimi fərqlər yarandı? Apteklərin dərman çatışmazlığına cavabı nədir? İndi də bu müalicə vasitələrinə olan tələbat əvvəlki qədərdir?

Hafta.az əməkdaşı yaranmış suallarla bağlı paytaxtın müxtəlif ərazilərində yerləşən apteklərə baş çəkdi, həmin sorğunun nəticəsini sizə təqdim edirik.

Əvvəlcə onu deyək ki, suallar eyni olsa da, cavablar fərqlidir. Kimisi ümumiyyətlə dərman qıtlığının yaşanmadığını söyləsə də, bəziləri bir müddət öncə, depolarda belə Covid-19 müalicəsində istifadə olunan preparatların bitdiyini dilə gətirdi.

İlk olaraq yaxınlaşdığımız aptekin əməkdaşı Emil bəy indi satışlatın əvvəlki kimi olmadığını bildirdi:

"Şükürlər olsun ki, indi həm xəstəliyə yoluxma, həm də dərmanlara olan tələbat azalıb. Elə buna görə də virusun müalicəsində istifadə olunan dərmanların satışları xeyli aşağıdır. Deyim ki, "Arbidol", "Herqoferon" kimi  preparatlardan başqa, vitamin komplekslərinə də tələbat çox idi. İndi əvvəlki qədər çox olmasa da, vitaminlər yenə də alınır".

Başqa bir aptekdən isə deyildi ki, ən çox alınan dərman "Azitromitsin", "Arbidol", "Kleksan"dır:

"Qiymətlər isə uşaq və böyüklər üçün doza fərqlərinə görə müxtəlifdir. Böyüklər üçün istifadə olunan "Arbidol" 7.40 manatdan başlayır. Bundan başqa, "Theraflu" 0.80 qəpik, vitamin "C" 15, "D" isə 10 manatdır. Hazırda bu dərman vasitələrinin satışı xeyli dərəcədə azalıb. Daha əvvəl isə gəldiyi ilə bitməyi bir olurdu. Bu müddətdə qiymət artımı olmasa da, qıtlıq yaranmışdı. Dərmanlar depodan gəlmirdi. Nə "Arbidol", nə də "Kleksan" tapılırdı. "Valeryan" belə gəlmirdi, 15 ədəd göndərilirdi ki, o da tez satılıb qurtarırdı. Hə, bir də ki, spirt çox satılırdı. Elə indi də dərmanlara baxmış satışı xeyli yüksəkdir. Spirtdə də qiymət artımı olmadı - 0.70 qəpikdir".

Qeyd edək ki, yaxınlaşdığımız bir neçə aptekdən mövzu ilə bağlı danışmağa icazə verilmədiyi söylənildi. Biz də yolumuzu şəhərin mərkəzində deyil, bir qədər ətraf ərazilərdə yerləşən apteklərdən də saldıq.

Məhəllələrdə yerləşən apteklərdən bir neçəsindən bildirildi ki, yoluxma sayı çox olduğu vaxtlarda belə, daha çox vitamin kompleksləri alınırdı. Yəni virusa yoluxan insanlar deyil, özünü qoruyanlar üstünlük təşkil edib.

Əczaçı Aygül xanım söylədi ki, hələ virus yayılmağa yenicə başladığı vaxtlarda insanlar daha çox vitaminlərin alışını həyata keçirirdi:

"Normal olaraq hamı vəsvəsədə idi. Elə indi də spirt və digər antiseptik maddələr, vitaminlər çox satılır. Vitaminlər 6.16 və 10.36 manat arası dəyişir. Fərqləri isə tabletlərin sayındadır. "Arbidol"un qiyməti də 14 manat 78 qəpik olaraq qaldı. Şükürlər olsun, dərman qıtlığı yaranmadı. Adıçəkilən dərmanların qiymətləri  dövlət tərəfindən təyin edilib. Ona görə də bizim ixtiyarımız yoxdur, onları təyin olunandan ucuz və ya baha satmağa".

Əczaçı spirtə olan tələbatın pik həddinin ötən ilin aprel və may aylarında olduğunu da bildirdi:

"3-4 ay əvvəl də bir qədər çox alınırdı. İndi isə bu məhsulun satışı xeyli aşağıdır".

Daha sonra şəhər sakinləri ilə kiçik bir sorğu apardıq. Müsahiblərimizin yüksək əksəriyyəti tibbi vasitələrdən daha çox, qrip və qızdırma əleyhinə dərmanlardan, maska və spirtdən istifadə etdiklərini söylədi.

Paytaxt sakini Nazilə xanım isə sentyabr ayında oğlunun virusa yoluxduğunu, lakin xəstəliyi ağır keçirdiyindən müalicəsini xəstəxanada davam etdirdiyini dedi:

"Virus oğlumun ciyərlərinə keçdiyi üçün xəstəxanaya aparıldı. İlk vaxtlar müalicə məqsədilə "paraşok" dərmanlardan istifadə etsə də faydası olmadı. Güclü oynaq və başağrıları olduğuna görə narahat olub test etdirdi. Nəticə də bildiyiniz kimi... Evdə hamıda bir qorxu var idi, bizim testlərimiz neqativ çıxsa da, ehtiyatlı davrandıq. Ailə həkimimiz evdəkilərə bir neçə vitamin kompleksindən istifadə etməyi məsləhət gördü. Şükürlər olsun,  indi hamımız yaxşıyıq, İnşallah, bu virus tez müddətdə məhv olar".

Apardığımız sorğulardan belə nəticəyə gəldik ki, bəzi əczaçıların bir qismi qəbul etməsə belə,  dərmanlarda qıtlıq yaşanıb. Hal-hazırda yoluxma sayının azalması isə satışlara da öz "mənfi" təsirini göstərir.