Yeni tədris ilinin başlanmasından yarım ay keçməsinə baxmayaraq, təhsil sahəsində mövcud olan və həllini gözləyən məsələlər ictimai müzakirələrin gündəmindən çıxmır. Təhsil millətin, güclü dövlətin gələcəyini müəyyən edən əsas faktorlardan bir olduğu üçün bu sahə daim diqqətlə izlənir. Hər bir vətəndaşın, ailə üzvlərinin gələcəyə doğru atdığı ilk addımları məktəblə başlayır, inkişaf edir. Buna görə də orta, daha sonra ali məktəblərdə qurulan keyfiyyətli təhsil, eləcə də sosial vəziyyətindən asılı olaraq, hər bir gəncə verilən təhsil imkanları xüsusilə əhəmiyyətlidir.
Bu proses Elm və Təhsil Nazirliyi tərəfindən necə nizamlanır və narahatlıq yaradan məqamlara münasibət nədir?
“Həftə içi” qəzeti və Hafta.az saytı olaraq bu yöndə müəyyən araşdırmalar apardıq. Mövcud suallarla qanunverici orqanın üzvləri, eləcə də Elm və Təhsil Nazirliyinə suallar ünvanladıq. Milli Məclisin deputatlarının məsələyə münasibəti artıq dərc edilib.
Bu dəfə Elm və Təhsil Nazirliyinin mövqeyi ilə tanış olacaqsınız:
- Məlumdur ki, ödənişli ali təhsil müəssisələrində təhsil haqlarının ildən-ilə artması narahatlıq doğuran məqamlardan biridir. Niyə stabil qiymət tətbiq edilmir və təhsil alanın sosial vəziyyəti nəzərə alınmır? Bu şərtlərlə imkansız gənc təhsil haqqını necə ödəsin?
- “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1 bəndinə uyğun olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
Həmin şəxslər bunlardır:
- – dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- – şəhid ailəsi üzvləri; Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
- – orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;
- – Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
- – “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Qanununa uyğun olaraq məcburi köçkün statusu olan vətəndaşlar;
- – 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
- – köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.
Onu da qeyd edək ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi həyata keçirilir.
- Bir çox məktəblərdə bir sinifdə 40-45 uşaq olur. Bu, tədrisə, dərsin qavranmasına mənfi təsir edən faktor kimi qeyd edilir. Problemin həlli yolları necə aranır və hansı addımlar atılır?
- “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Bildiririk ki, şagird sıxlığı məsələsi nəzarətdə saxlanılır və normalara uyğun siniflər komplektləşdirilir.
- 1-ci sinif şagirdlərinin məktəbə qəbul olunması ilə bağlı bu il də müəyyən narazılıq yaradan məqamlar qeydə alındı. Məsələn, Bakıda kirayədə qalan, qeydiyyatı olmayan ailəni götürək. Əgər ailədə iki uşaq məktəb yaşındadırsa, müəssisə uşaqlardan birini qəbul edir, digərini yox. Niyə bu cür problemlər yaranır və necə aradan qaldırılmalıdır?
- 2025-2026-cı tədris ili üzrə şagirdlərin birinci sinfə qəbulu prosesi uğurla başa çatıb. 130 mindən çox uşaq artıq birinci sinifdə təhsil alır. Elektron qaydada aparılmış proses çərçivəsində qeydiyyat dövründə ərazi prioriteti prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlara övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçmək imkanı yaradılıb. Daimi qeydiyyatı olmayan valideynlər isə prioritet prinsipinin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada məktəb və müəllim seçimi etmək hüququna malik olublar. Qeydiyyat, eləcə də məktəb və müəllim seçimi mərhələsində çətinliklə üzləşən şəxslərə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, eləcə də yerli təhsili idarəetmə orqanlarına müraciət etmək tövsiyə edilib.
- Dərsliklər hər il dəyişir. Bu məsələ ilə bağlı nəzarət sistemi necə işləyir?
- Ümumi təhsil pilləsi üçün dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən tərtib edilir. Həmin Qaydanın 3.12-ci bəndinə əsasən, qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən sonrakı 5 tədris ili ərzində istifadəyə yararlı hesab olunur. Bununla da istifadə müddəti bitən dərsliyin yenilənməsi və ya təkmilləşdirilməsi həyata keçirilir.
- Dərsliklərin keyfiyyəti də arzuolunan hesab olunmur. Xüsusilə, Azərbaycan dili, Ədəbiyyat dərsliklərində şeirlər, çalışmaların tərtibatında nöqsanlar sosial şəbəkələrdə geniş müzakirə edilir. Dərsliklərin tərtibatı ilə bağlı ekspertlərin seçilməsi, monitorinqi necə aparılır?
- Təhsilin məzmununu özündə əks etdirən dərsliklər bütün ölkələrdə cəmiyyətin maraq dairəsində olan əsas tədris vəsaitlərindən sayılır. Azərbaycan cəmiyyətində də dərsliklərə hər zaman həssaslıqla yanaşılıb, onlarda müşahidə olunan nöqsanlar geniş müzakirələrə səbəb olub ki, bu da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Ümumi təhsil pilləsi üçün dərsliklər ümumi təhsilin dövlət standartları əsasında hazırlanmış təhsil proqramları – kurikulumları - üzrə tərtib olunur. Həmin təhsil proqramları təhsilalanlarda formalaşdırılacaq bilik, bacarıq və səriştələri müəyyənləşdirir. Qaydalara əsasən ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı müəyyən edilmiş tələblər mövcuddur və dərslik 100 ballıq şkala üzrə müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan, ən azı, 3 nəfər mütəxəssis cəlb edilir.
Bununla yanaşı, həmin dərsliklər Dövlət İmtahan Mərkəzinin dərsliklərin nəşrqabağı elmi-metodiki monitorinqinin nəticələri əsasında da təkmilləşdirilir.