Dövlət Komitəsində “Xocalı - bu olub” tamaşasının nümayişi keçirilib

23:16 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi ithaf olunan “Xocalı - bu olub” tamaşası nümayiş olunub.

Komitədən hafta.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Pantomima Teatrının hazırladığı tamaşanın nümayişindən əvvəl soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən, xalqımıza qarşı törədilən amansız cinayətlərdən söz açılıb, bu cinayətlərin cəzasız qalmayacağına, Xocalıda soyqırımı törədənlərin ədalət mühakiməsi və uca tanrı qarşısında cavab verəcəklərinə əminlik ifadə edilib. Qeyd olunub ki, müstəqil və güclü Azərbaycan dövləti işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməyə qardir və bunu mütləq edəcəkdir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə mövcud status-kvonu dəyişməz olaraq saxlamağın mümkünsülüyü barədə bir daha bəyanat verib.

Azərbaycan həqiqətlərinin incəsənətin bəşəri dili ilə bütün dünyaya çatdırılmasının vacibliyinə toxunulub. Dövlət Pantomima Teatrının bu sahədəki yaradıcılıq təşəbbüsü yüksək qiymətləndirilib.

 

Teatrın istedadlı kollektivi Xocalıda 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı barədə həqiqətləri incəsənətin qədim növlərindən olan sözsüz teatr oyunu – pantomima estetikası ilə təqdim edib.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Bəhruz Əhmədlidir.

Məcburi köçkün icmalarının nümayəndələri tamaşanı maraqla izləyib.

Gündəm rubrikasından digər xəbərlər