Dünya reytinqinə həsrət qalan universitetlərimiz – Təhsil

13:25 02.03.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin əvvəlində “Webometrics” platforması 2022-ci ilin nəticələrinə görə, dünyanın 30 mindən çox universitetinin reytinq cədvəlini öz saytında dərc edib. Həmişə olduğu kimi, bu ildə də nəinki top beş yüzlüyə, heç minliyə də bir Azərbaycan universiteti belə düşə bilməyib. Qeyd edək ki, ilk 20-likdə 17 ABŞ, 3 Britaniya və bir Kanada universiteti yer alıb. Top yüzlükdə olan universitetlərin hamısı inkişaf etmiş ölkələrə aiddir.

Bəs, görəsən, Azərbaycanda fəaliyyət göstərən ali məktəblər niyə rəqabətqabiliyyətli deyil və bu reytinq sıralamasında hansı səbəbdən yoxdur? Yerli universitetlərimiz dünyanın top universitetlərləri sırasına niyə düşə bilmir?

Yeri gəlmişkən, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bu məsələyə toxunaraq bildirib ki, ölkəmizdə universitetlər dar profilli olduğu üçün dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir:

“Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıda görə bilməyəcəyik, çünki universal deyillər. Yaxud  dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da Tibb fakültəsi yoxdur. Buna görə ölkəmizin ali təhsil müəssisələrinin adların top 500 siyahısında görmək çətindir”.

Mövzu ilə bağlı bizimlə söhbətində təhsil eksperti Kamran Əsədov isə deyir ki, dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqinin tərtib olunmasında bir neçə meyarı nəzərə alırlar:

“Bu kriteriyalar əsasən, akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı ilə ölçülür. Hesab edirəm, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhlili bilən, dünya təhlilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar.

Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Başqa səbəb isə universitetə xarici tələbə axınının az olmasıdır. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi də aşağı səviyyədədir. Yəni bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur”.

Ekspert, həmçinin vurğulayır ki, ən etibarlı reytinq Böyük Britaniyanın ”Times Higher Education" jurnalı və “Thomson Reuters” agentliyinin hazırladığı reytinq hesab olunur:

“Bu agentliyin reytinqinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəssüflər olsun ki, Azərbaycan universitetləri bu reytinqdə yoxdur. Azərbaycanda ali təhsilin bütövlükdə aşağı səviyyədə olması sirr deyil. Köhnə sovet tədris sistemi davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor, müəllim heyəti əsasən Boloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir, hər zaman da əleyhinə təbliğat aparır. Ali məktəbi əla qiymətlərlə bitirən məzun işsiz gəzib dolaşır, onunla bərabər oxuyan və ondan çox zəif oxuyan tələbə müxtəlif yollarla yaxşı vəzifə tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbəttə ki, istisnalar da var”,

K.Əsədov həmçinin qeyd edib ki, bizdə universitetlərin gəlirləri ancaq tələbələrin ödədikləri təhsil haqqlarıdır: “Əlavə başqa bir ixtiralar yoxdur. Məsələn, 2001-ci illə 2021-ci il arasındakı 20 il ərzində Azərbaycan ali təhsil müəssisələrində heç bir dəyişiklik yoxdur. 20 il əvvəl nələr tədris olunurdusa, indi də onlar tədris olunur. Bu müddət ərzində dünyada isə hər şey dəyişib. 2001-ci ildəki telefonlarla indiki telefonları müqayisə etdikdə görürük ki, indi rahat şəkildə görüntü ilə danışırıq, onlayn konfranslar keçiririk. 20 ildə dünya kifayət qədər çox dəyişib. Lakin bu dəyişikliklərdə Azərbaycan təhsil müəssisələrinin payı yoxdur. Azərbaycan öz tarixi torpaqlarını azad etdi, burada da təhsil müəssisələrinin heç bir payı yoxdur. Nə iqtisadiyyatda, nə siyasətdə, nə mədəniyyətdə, nə də hərbidə. Bütün uğurlarımızda Azərbaycan universitetlərimizin payı yoxdur. Səbəb odur ki, universitetləri idarə edən şəxslərin müasir menecerlik qabiliyyətləri yoxdur. Reytinq siyahısına baxanda görürük ki, ərazisi Bakının yarısının yarısı qədər olan Sinqapurun 2 universiteti var. Həmin 2 universitetdə xaricdən gələn tələbə sayı 80 min nəfərdir. Azərbaycanın 51 universitetində isə xaricdən gələn tələbə sayı 5400 nəfərdir. Onların da 70 faizi bizim dövlətin pulu ilə oxuyur. Azərbaycana xarici tələbələr gəlmir. Əgər biz universitetlərimizin beynəlxalq reytinqinin artmağını istəyiriksə, elmi-tədqiqat işlərimiz tapşırıqla, pulla keçməməlidir. Azərbaycan alimlərinin kəşflərinə, ixtiralarına istinad edilməlidir. Bizim alimlərimizi ciddi qəbul etmirlər. Biz elmi-tədqiqatlarımızı beynəlxalq əhəmiyyətli etməliyik. Universitetlərin reytinqinin artmasına birinci növbədə xaricdən gələn tələbələrin sayı, onların yataqxanasının olub-olmaması təsir göstərir. Kitabxanalar elektron olmalıdır. Tədris bir neçə xaric dildə olmalıdır. Bizim hazırda ingilis dilində tədris keyfiyyətlərimiz aşağıdır. Bunlar düzəlsə, normal bir xəritə hazırlansa, düşünürəm ki, ən geci 2 ilə Azərbaycan universitetlərini dünya reytinqində irəlilətmək olar”.

Məsələyə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, dünyada bir çox reytinqlər mövcuddur. Bu reytinqlərin hansının ədalətli olması bir çox hallarda mübahisə doğurur:

“Bütün hallarda Azərbaycan universitetləri bu reytinqlərdə yer almaqla bağlı ciddi şəkildə düşünməldirlər. Bu reytinqlərdə yer almaq üçün bir çox parametrlər mövcuddur və bu parametrlərə əməl olunması bizim universitetlərin inkişafında müsbət yer ala bilər. Universtetdə təhsil alan tələbələr, tədqiqatların keyfiyyəti, çalışan xarici müəllimlərin sayı bu parametrlərə daxildir. Son illərdə Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülür. Bütövlükdə, hər bir universitetin bu istiqamətdə strategiyası olmalıdır. Qarşılarına müəyyən bir hədəf qoymalıdırlar və o hədəflərə çatmaq üçün işlər görülməlidir. Bu, xeyli zaman aparan bir prosesdir”.