Əjdaha ilində itirdiklərimiz

15:04 27.12.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin sonlarına yaxınlaşırıq. Bu il ölkəmizin ictimai-siyasi, mədəni həyatında bir çox hadisələrlə yadda qaldı. Eyni zamanda, hər il olduğu kimi, 2024-cü ildə də bəzi mədəniyyət və incəsənət xadimləri, tanınmış şəxslər əbədiyyətə qovuşdu.

“Həftə içi” qəzeti 2024-ci ildə vəfat edən məşhurların siyahısını təqdim edir:

2024-cü il qədəm qoyar-qoymaz ilk vəfat edən məşhur, Əməkdar artist Aygün Bəylər oldu. Onun vəfatı bütün sənət aləmini və sevənlərini yasa boğdu. 48 yaşlı muğam ifaçısı Ankarada uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişdi. Sənətçi Suraxanı qəbiristanlığında dəfn olundu.

2024-cü ilin yanvarında dünyasını dəyişən digər məşhur Əməkdar artist Gülbahar Şükürlü oldu. 62 yaşlı qarmon ifaçısı xərçəng xəstəliyinin qurbanı oldu. Musiqiçi Buzovna qəsəbəsində torpağa tapşırıldı.

Xalq yazıçısı Mövlud Süleymanlı fevralın 21-də 81 yaşında gözlərini əbədi yumdu. Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Xalq yazıcısı yaradıcılığa lirik şeirlərlə başlamışdı. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Аzərbаycаn gəncləri" qəzetində çаp оlunmuşdu. M.Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonlarında çapdan çıxıb. 1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət 1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü görüb. Bu hekayələr M.Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıtdı. "Şanapipik", "Duzsuzluq", "Ot" yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır. Ədib Şamaxı rayonunun Kərkənc kəndində dəfn olundu.

Bu ilin 17 aprelində sabiq millət vəkili Hadi Rəcəbli 76 yaşında  ürəktutmasından vəfat etdi. O, on birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Mərhum İkinci Fəxri Xiyabanda dəfn edildi.

Bu il Əməkdar artist Cavanşir Məmmədovun qəfil ölümü də sevənlərini kədərləndirdi. Sənətçi aprelin 20-də ürəktutmasından dünyasını dəyişdi. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olundu.

İnsan hüquqları üzrə sabiq müvəkkil (Ombudsman) Elmira Süleymanova 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etdi. O, İkinci Fəxri xiyabanda dəfn edildi.

İllərdir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərən Xalq artisti Tofiq Mövləvi də bu ilin mayında vəfat etdi. 86 yaşlı aktyor 60 illik karyerası ərzində 100-dən çox tamaşada müxtəlif obrazlara həyat verib. Bunlar arasında "Qız atası", "Şeyx Sənan", "Ana", "O olmasın, bu olsun", "Atabəylər" kimi əsərlər var.

Xalq artisti Şahlar Quliyev də bu il vəfat edən sənət adamları arasındadır. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Sənətçi "Qurd qapısı" qəbiristanlığında dəfn edildi. Şahlar Quliyev uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. O, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.

Əməkdar artist Kifayət Gəncəli bu ilin sentyabrında ürək çatışmazlığından vəfat etdi. Sənətçi doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırıldı. Onun Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

Bu il dünyasını dəyişən məşhurlardan biri də Əməkdar artist Rafiq İbrahimovdur. O sentyabrda uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdi. Əməkdar artist Bakı Bələdiyyə Teatrının aktyoru idi. O 1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.

Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova sentyabrın 14-də 102 yaşında dünyadan köçdü.

Xəstəlikdən əziyyət çəkən “Bakı Metropoliteni” QSC-nin 16 il rəisi olmuş (1998-2014) Tağı Əhmədov isə oktyabrın 18-də həyatını itirdi. O, Günəşli qəbirstanlığında dəfn olundu.