Mərakeşin Kasablanka şəhərində baş verən zorakı hadisə ölkədə geniş təşvişə səbəb olub. 72 yaşlı keçmiş boksçu Əbdülkadir əl-Mənsuri adi şəxsiyyət yoxlaması zamanı baş verən mübahisə zamanı polis məmuru Yusif əl-İdrisiyə hücum edib. Zərbələrdən yerə yıxılaraq ağır yaralanan zabit ilkin tibbi yardımdan sonra İbn Rüşd Universiteti Xəstəxanasına aparılıb.
Hafta.az yazır ki, həkimlərin sözlərinə görə, başından ağır xəsarət alan zabit komadadır və hazırda reanimasiyadadır. Hadisə zamanı vətəndaşlar hücum barədə məlumat verdikdən sonra əraziyə çox sayda polis göndərilib.
Şübhəli Əbdülkadir əl-Mənsuri qısa zamanda tutulub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, hücum edən şəxs gənc yaşlarında peşəkar boksçu olub və milli turnirlərdə iştirak edib. Kasablanka Prokurorluğu hadisə ilə bağlı "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə araşdırma başlayıb.
Səlahiyyətlilər bildiriblər ki, polis məmuru Yusif əl-İdrisinin vəziyyəti ağırdır və hücumun dəqiq səbəbi əlavə araşdırmalardan sonra müəyyən ediləcək.