Əlillərin əl işləri - Ümumrespublika Sərgisində SON ÜÇ GÜN - REPORTAJ

16:56 03.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar bu kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunub.

Hafta.az olaraq sərginin üçüncü, yəni sonuncu günündə burada iştirak edib, ümumi təəssüratlarla tanış olduq.

Əvvəlcə onu deyək ki, “Park Bulvar” alış-veriş mərkəzinin birinci mərtəbəsində təşkil edilən sərgiyə maraq yüksək səviyyədə idi.

Sərgi-müsabiqədə Bakı və respublikamızın bölgələri üzrə 217 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 1346 əl işi təqdim edilir. Əl işlərinə rəsm əsərləri, keramika, dulusçuluq, xalça və xalçaçılıq məmulatları, bədii tikmələr, toxuma və hörmələr, suvenirlər, oyuncaqlar, məişətdə işlədilən əşyalar və alətlər, müxtəlif modellər və maketlər, ağac, metal və daş üzərində işlər, musiqi alətləri və s. sənət nümunələri daxildir.

Sərgidə nümayiş olunan əşya və suvenirlərin qiymətlərinə gəldikdə isə, burada növündən asılı olaraq minimum 3-5 və maksimum 2500 manat dəyərində əl işi var idi. Nisbətən bahalı məhsullar sərginin sonuncu günündə nümayiş edilməsə də, qiyməti 250-600 manat arası olan rəsm əsərləri gələnlərin marağını cəlb etməkdəydi. Burada ən çox alınan məhsullar isə daha çox toxunma oyuncaqlar, suvenirlər və corablardır.

Sərgidə iştirak edib nələrsə alanlar arasında həm ətrafdan keçənlər, həm də sosial şəbəkələrdən görüb gələnlər var idi. Onlar bu rəngarəng məhsullarla tanış olur, keyfiyyətindən ağız dolusu bəhs edirdilər.

Daha sonra təşkilatçı qurumun – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Departament müdiri Elmir Valehli ilə sərgi haqqında bir qədər həmsöhbət olduq.

Elmir bəy ilk növbədə sərgi haqqında bizləri məlumatlandırdı:

“Sərgidə əlilliyi olan gənclərin əl işləri nümayiş etdirilir. Məqsəd fiziki məhdudiyyəti olan şəxslərə dəstək olmaqdır. Bu yolla onların əl işlərini insanlara təqdim edərək gəlir əldə etmələrinə və motivasiya qazanmaqlarına yardımçı oluruq”.

Daha sonra, Agentlik rəsmisi əlilliyi olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiyası üçün görülən işlərlə bağlı suallarımıza aydınlıq gətirdi:

“Əlilliyi olan şəxslərə yalnız dekabr ayında yox, hər zaman diqqət lazımdır. Buna görə də, Agentlik olaraq fiziki məhdudiyyətli şəxslərlə daima işləyirik. İşimiz tək sərgi təşkil etməklə də kifayətlənmir. Rayonlarda yaşayan sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün sosial reablitasiya və qayğı tipli mərkəzlərdə işlər görülür.  Fiziki məhdudiyyəti olan uşaqlardan əlavə onların valideynləri ilə də kompleks işlər görürük. Hətta bizdə əlilliyi olan 0-6 yaş uşaqlarla işlə bağlı səyyar sosial xidmət var. Xidmətin peşəkar işçi heyəti evdən çıxmaq, uşağı mərkəzə gətirmək imkanı olmayan ailələri ziyarət edir”.

Görülən və icra olunacaq işlərlə bağlı məlumat aldıqdan sonra sərgidə nümayiş olunan məhsulların seyrinə davam etdik. Burada ən möhtəşəm detal isə hazırlanan rəsmlərin yaxud da əl işləmələrinin hamısında daha Qarabağ həsrətinin olmaması idi. Demək olar bütün vətənpərvər motivli sənət nümunələri ordumuzun və dövlətimizin gücünü, milli qürurumuzun ucalığını özündə əks etdirir. Burada müxtəlif əşyalara vurulan naxışlardan daha çox xarı bülbül simvolu diqqətləri öz üzərinə çəkir.

Ardınca isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Departament müdiri Mirvacib Abdullayev suallarımızı cavablandırdı.

Onun sözlərinə görə, dünən sərgidə məhdudiyyəti olan şəxslərin əl işləri 11 nominasiya üzrə qiymətləndirildi. Ümumilikdə isə bütün kateqoriyalar üzrə 33 qalib müəyyənləşdi:

“Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Buraya bədii, idman və digər sahələr üzrə yarışlar da daxildir. Dünən sərgidə məhdudiyyəti olan şəxslərin əl işləri 11 nominasiya üzrə qiymətləndirildi. Onlardan 8 nəfəri 18 yaşdan yuxarı şəxslər, 3 nəfəri isə sağlamlıq məhdudiyyəti olan uşaqlar üçündür. Bütün kateqoriyalar üzrə 33 qalib müəyyənləşdi. Daha sonra qaliblərə diplom və mükafatlar təqdim olundu. Digər iştirakçılara isə həvəsləndirici təşəkkürnamələr və hədiyyələr verildi”.

Sərgidən əldə olunan gəlirin miqdarına gəldikdə isə, M.Abdullayev bu haqda məlumatının olmadığını bildirdi:

“Toplanan ümumi məbləğ haqqında məndə məlumat olmasa da, onu deyə bilərəm ki, hər günün satışı günün sonunda hesablanıb, məhsul sahiblərinə verilir. Məhsulların qiymətləri isə hazırlayan şəxslər tərəfindən təyin olunub”.

Agentlik rəsmisi, ötən illərlə müqayisədə pandemiyanın sərgiyə az da olsa təsir etdiyini dilə gətirdi:

“Sərgiyə maraq var. Lakin ötən illərlə müqayisədə pandemiya buraya da bir qədər təsir göstərib. Sərginin Park Bulvar ticarət mərkəzində təşkili bura gələnlərin sayına müsbət təsir göstərsə də, covid pasportu tələbi baxımdan vəziyyət bir qədər dəyişir. Düzdür, indi ölkə əhalisinin yüksək əksəriyyəti vaksin olunub. Ancaq yenə də mənim fikrimcə, bu qayda gələnlərin sayına təsir edir”. 

Qeyd edək ki, sərginin müddəti daha 2 gün - 4 və 5 dekabr tarixlərinə qədər uzadılıb. Maraqlı əl işləri ilə tanış olmaq istəyən hər kəs buyurub gedə bilər.