Ər-Riyad şəhərində 14-16 mart tarixlərində “Turizmə açılan qapınız” adlı Səudiyyə Ərəbistanı Turizm Forumu keçiriləcək.
Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı Turizm İdarəsi tərəfindən təşkil edilən forumda “Hədəf 2030”un ən perspektivli sektorlarından biri olan daxili turizm və sənaye müzakirə olunacaq.
Forum səyahət və turizm sənayesində aparıcı mövqeyə malik Səudiyyə və beynəlxalq brendlər üçün qarşılıqlı əlaqə yaratmaq və bizneslərinin çiçəklənməsi məqsədilə yeni imkanlar tapmaq üçün keyfiyyətli məkan təmin edəcək. Tədbir həmçinin gələcəkdə turizm sənayesinə təsir edəcək qabaqcıl texnologiyalar və ekoloji həllər haqqında eksklüziv və ruhlandırıcı məzmun yaradacaq.
Səudiyyə Ərəbistanının istiqamətləri, proqramları, təcrübələri və turizm məhsullarının xarici şirkətlərə tanıtımına töhfə verəcək forum regional və beynəlxalq turistlərin milli destinasiyalara marağını artıracaq.
Səudiyyə Ərəbistanı Turizm İdarəsi hökumət və özəl sektordan olan tərəfdaşlarla birlikdə yerli turistləri cəlb etmək üçün korporativ planlar üzərində də işləyir. Səlahiyyətli qurum əvvəllər turistlərin və ziyarətçilərin səfərlərini planlaşdırmaları üçün Krallıqda bütün turizm və istirahət fəaliyyətlərini, tədbirləri və mövsümləri özündə əks etdirən Tədbirlər Təqvimini işə salmışdı.
Turizm milli iqtisadiyyatın əsasını şaxələndirmək, investisiyaların cəlb edilməsi, gəlir mənbələrinin artırılması və vətəndaşların iş imkanlarının təmin edilməsinə töhfə vermək məqsədilə “Hədəf 2030”un sütunlarından biri hesab olunur.