“Əsl Şaxta baba” şousunun nümayişi başlanılıb

10:59 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış “Əsl Şaxta baba” adlı şou nağıl-tamaşanın nümayişinə başlanılıb. Məqsəd Yeni il bayramı ərəfəsində və tətil günlərində uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.

Teatrdan bildirilib ki, rusiyalı Natalya Abramtsevanın pyesi əsasında səhnələşdirilən tamaşada (tərcüməçi Lalə Məmmədova) Küpəgirən Qarının və onun əl altıları olan Qarğa, Muzey və Bostan müqəvvalarının uşaqların bayram gününü pozmasından bəhs edilir. Onlar əsl Şaxta babanı yalançı Şaxta baba ilə əvəz etmək istəsələr də, ağıllı Bayquş və qoçaq Dovşanın sayəsində məqsədlərinə çata bilmirlər və hər şey qaydasına düşür. Əsl Şaxta baba gəlib onların dərsini verir və uşaqlar sevinir.

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İsmayılova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, rəqslərin quruluşçusu isə Elvin Nuridir.

Teatrda Yeni il şənlikləri yanvarın 5-dək davam edəcək.