Fəvvarələr meydanında "İndoneziya Günü" adlı tədbir keçirilib

14:30 20.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakının mərkəzində yerləşən Fəvvarələr meydanında İndoneziyanın ölkəmizdəki səfirliyi tərəfindən iqtisadiyyat və incəsənətin təşviqinə həsr olunmuş "İndoneziya Günü" adlı tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, anqklunq, talemponq və sapenin sədaları, musiqi qrupunun canlı ifaları və rəqqasların rəvan hərəkətlərini seyr etmək üçün tədbirə yüzlərlə paytaxt sakini qatılıb.

Noyabrda Bakıda hava soyuq olsa da, bu, ziyarətçilərin ənənəvi İndoneziya musiqi və rəqslərindən həzz almaq, eləcə də çadırlarda mövcud olan müxtəlif növ İndoneziya mətbəxinin nümunələrini və içkilərini dadmaq həvəsini azaltmayıb.

İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamid açılış nitqi ilə çıxış edərək bildirib ki, İndoneziya Səfirliyi tərəfindən təşkil olunan “İndoneziya Günü” adlı tədbir bu ölkənin incəsənət və mədəniyyətinin müxtəlifliyini, eləcə də müxtəlif İndoneziya məhsullarını Azərbaycan xalqına nümayiş etdirmək məqsədi daşıyır.

Bu tədbir çərçivəsində İndoneziya Səfirliyi anqklunq, talemponq və sape kimi milli musiqi alətləri vasitəsilə ənənəvi İndoneziya mahnılarını və hər kəsin sevdiyi məşhur Azərbaycan musiqilərini, eləcə də musiqi qrupunun canlı çıxışlarını təqdim edib.

Bundan əlavə, İndoneziya səfirliyinin əməkdaşları, eləcə də İndoneziya incəsənəti və mədəniyyəti üzrə təqaüd proqramının (BSBI) məzunları tərəfindən “jaipong, enggang, ondel-ondel və indanq rəqsləri” gözəl və enerjili şəkildə təqdim edilib.

Müxtəlif ənənəvi musiqi və rəqslərdən əlavə, ziyarətçilər çıxışları izləyərkən “bakso, qızardılmış əriştə, satay padanq, rendanq və mendoan tempeh, dadar qulunq, risol və onde-onde” kimi ənənəvi İndoneziya təamlarını dadmaq imkanı əldə ediblər.

Aparıcının İndoneziya haqqında suallarını cavablandıran tamaşaçılar interaktiv oyunlarda da fəal iştirak ediblər. Düzgün cavab verən iştirakçılar maraqlı İndoneziya suvenirlərindən ibarət hədiyyə çantaları əldə ediblər.

Həmçinin, izləyicilərə İndoneziya incəsənətini, mədəniyyətini və iqtisadiyyatını təbliğ edən tədbir zamanı İndoneziyaya məxsus müxtəlif əl işləri və batik parçalar, toxuculuq nümunələri, ənənəvi geyimlər və müxtəlif bölgələrdən suvenirlər də nümayiş etdirilib.

Qeyd olunan çadırlarla yanaşı, İndoneziyaya turist cəlb etmək məqsədilə bu ölkəyə müxtəlif turpaketlərin satışı ilə məşğul olan Azərbaycanın “Falcon Luxury Travel” turizm agentliyinin stendi də əlavə olunub. Bu münasibətlə İndoneziya səfirliyində İndoneziyaya turizm məqsədilə səfər etmək istəyən ziyarətçilər üçün viza rəsmiləşdirmə xidməti fəaliyyət göstərir.

Təxminən 5 saat davam edən İndoneziya rəqs və mahnıları, müxtəlif növ İndoneziya təamları ilə zəngin olan “İndoneziya Günü” adlı tədbir çoxsaylı ziyarətçilər tərəfindən çox müsbət qarşılanıb.

Tədbirin sonunda tamaşaçılar “sajojo” və “gemu famire” rəqsini birgə ifa etməyə dəvət olunublar.

Oxunma sayı 2486
Mədəniyyət rubrikasından digər xəbərlər