Məscidül-Həram və Məscidi Nəbəvi (Harameyn) İşləri Baş İdarəsinin rəhbəri və Kəbənin imamı Əbdürrəhman əs-Sudeysi builki həcc mövsümünün “müstəsna və təhlükəsiz” olacağını gözlədiklərini bildirib.
Hafta.az-ın yazdığına görə, Sudeysi Səudiyyə Ərəbistanının “Əl-İhbariyye” telekanalına 2023-cü il həcc mövsümü ilə bağlı açıqlama verib. "Bütün hazırlıqlar xeyirli və yaxşı şeylərə işarə edir. Biz qeyri-adi, müstəsna, təhlükəsiz və asan həcc mövsümü üçün nikbinik", - Harameyn İşləri Baş İdarəsinin sədri və Kəbənin imamı Sudeysi deyib.
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Harameyn İşləri Baş İdarəsi ziyarət mövsümünün başlaması ilə hər il olduğu kimi Kəbənin örtüyünü 3 metr qaldırıb.
Kral Əbdüləziz Kisvəi Şərif Kompleksinin baş direktor müavini Sultan əl-Kuraşi, ziyarət mövsümündə olduğu kimi örtüyü təmiz və sağlam saxlamaq üçün hər il bu təcrübənin həyata keçirildiyini bildirib.
Bir çox zəvvar namizədinin Kəbə örtüyünə toxunmaq istədiyini, örtükdən kəsilmiş bəzi parçaların Kəbə örtüyünü zədələdiyini dilə gətirən Kuraşi, bu kimi halların qarşısını almaq üçün Kəbə örtüyünün yuxarı qaldırıldığını, əvəzində Kəbənin 47 metrlik ağ parça ilə əhatəyə alındığını söyləyib. Küraşi qeyd edib ki, Kəbənin örtüyü ziyarət mövsümündən sonra yenidən bərpa olunacaq.