Həftənin  “qoyunçusu” - Həftə-reytinq

18:57 25.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Vaxtilə "Xəzər adaları” layihəsini az qala dünya qəzetlərinin manşetlərinə daşıyan məşhur biznesmen Hacı İbrahim Nehrəmlinin aqrar sektorda da, konkret olaraq qoyunçuluqda özünü sınamağa qərar verdiyi bəlli oldu.

Modern.az-da dərc olunmuş materialda belə deyilir:

"Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz” – "Xəzər Adaları” utopik layihəsinin müəllifi Hacı İbrahim Nehrəmlinin sözləridir. 

O, bu sözləri 2017-ci ildə oğlunun istifadəsində olan və bank krediti hesabına alınması iddia olunan maşının kreditinin ödənməməsi ilə bağlı suala cavab olaraq demişdi. Həmin vaxt Hacı İbrahimin qoyun-quzudan danışması yersiz görünsə də, bu gün aydın olur ki, bu əbəs deyilmiş.

Vaxtı ikən "Xəzər adaları” layihəsini az qala dünya qəzetlərinin manşetlərinə daşıyan, Türkiyədə məşhur iş adamı Əli Ağaoğlundan tutmuş Küveyt, Qətər şeyxləri ilə investisiya sazişləri bağlamasına qədər hər bir addımını detallı danışan, Ələtdəki bu şəhərciyin layihəsini təyyarədə dizi üstə yazdığını deyən məşhur biznesmenin imperiyası alınmaz qalanı xatırladırdı.

Bir müddət ötdü və məlum oldu ki, "Xəzər adaları” Beyynəlxalq Bankdan götürülən astronomik kreditlər hesabına var olmalı imiş. Olmadı, Hacı İbrahimovun özünü də aparıb yarısı dövlətə məxsus olan bankdan alınan kreditləri qaytarmaq öhdəliyini xatırlatdılar. Hacı İbrahim "Xəzər adaları”nı təhvil verməklə on milyonlarla ölçülən kredit öhdəliklərindən canını qurtardı. O vaxtdan öz hücrəsinə çəkilən iş adamından soraq yox idi. 

İndi bəlli olur ki, Hacı İbrahim aqrar sektorda da özünü sınamağa qərar verib. Bu haqda "Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Hacı İbrahim qoyunçuluqla məşğuldur, eyni zamanda əkinçiliyə də baş vurub. Hacı İbrahimi aradıq. Onun yeni sahə ilə bağlı planlarını öyrənmək, düşüncələri ilə oxucuları tanış etməyə qərar verdik. Telefon zənglərimiz cavabsız qaldı. 

Ümumiyyətlə isə Azərbaycanda aqrar sektorda oliqarxların, nazirlərin bir çoxunun böyük biznesləri var. Qoyunçuluq təsərrüfatları, iribuynuzlu mal-heyvan fermaları, eşşək südü istehsalı, balıqçılıq, arıçılıq, ətlik dəvə, toyuq, dəvəquşu broylerləri, zəli biznesi, əkin-biçin, meyvə bağları və s sahələr məmur-oliqarxların ixtiyarındadır.

 

Həftənin “töhmətli icra başçısı”

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (“COVİD-19”) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

 

Həftənin “ölüb-dirilən prezidenti”

Həftə boyu Şimali Koreya (KXDR) lideri Kim Çen Inın aprelin 11-dən bəri müəmmalı şəkildə ortadan qeyb olması və ciddi xəstəliyi ilə bağlı xəbərlər dünyanın Top-10 xəbərlər sırasında yer almaqda davam etdi.

Şimali Koreya liderinin aprelin 12-də ölkənin ali rəhbərliyi üçün nəzərdə tutulmuş ixtisaslaşmış xəstəxanada əməliyyat olunduğu və hazırda Pxenqan vilayətindəki villasında həkim nəzarətində olduğu bildirilirdi.

Bu iddiaların yayılmasından 10 gündən artıq müddət keçsə də, liderin ürək əməliyyatı keçirməsi və komaya düşməsi barədə xəbərlərə rəğmən rəsmi Pxenyan israrla susur. “Niyə?”- bu da əslində sirdir. Rusiyanın “Rosbalt” saytı bu məqama diqqət çəkərək haqlı olaraq sual edir: “Məgər televiziyada dahi rəhbərin bir tikinti sahəsindəki işləri yoxladığını və ya sülhü qoruyan qırıcı pilotların hazırlığını yüksək qiymətləndirdiyini söyləyən bir saxta mətn verə bilməzdimi? Verilə bilərdi əlbəttə ki... Mütləq bununla bağlı hazır süjetlər və mətnlər də olmamış deyil. O zaman niyə bu müəmmaları artıran mövqe tutulur?”

Ortada hələ ki, Yaponiya və ABŞ kəşfiyyatına aid iddialar var, Kim Çen In ürək əməliyyatı keçirib, vəziyyəti ağırdır, onun yerini sevimli bacısı Kim Yo Çjin tutacaq.

 

Həftənin “söyüşcül sənətçisi”

Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan 16:00-dək dayandırılması haqda qərar qəbul etdi. Buna sözügedən telekanalda yayımlanan “Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb oldu. 

Belə ki, canlı yayımda Afaq Bəşirqızı Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Həmin anlar efirə gedib. Sözügedən görüntülər sosial şəbəkədə və peşəkar mediada yer alıb, müzakirələrə səbəb olub.

İnsanlar xalq artistinin ard-arda atdığı biabırçı addımları tənqid edib. Çünki aktrisanın bir neçə gün əvvəl müsahibələrindən birində dediyi "Rayondan gəlib, "padyez"də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir" sözləri də qalmaqala səbəb olmuşdu.

O, daha sonra fikirlərinin səhv başa düşüldüyünü və müsahibəsinin təhrif olunduğunu qeyd etmişdi. Xalq artistinin budəfəki addımı da birmənalı qarşılanmayıb. A.Bəşirqızı tənqidlərdən uzaqlaşmaq üçün instaqram səhifəsini silib. 

 

Həftənin “karantin villası”

“Microsoft” şirkətinin qurucusu Bill Qeytsin koronavirus epidemiyasına görə tətbiq olunan karantin günlərini ABŞ-da okean sahilində yerləşən 43 milyon dollarlıq lüks malikanəsində keçirdiyi bəlli oldu.

Bill Qeytsin Kaliforniya ərazisində karantin müddətində yaşadığı möhtəşəm malikanənin görüntüləri ilk dəfə yayımlanıb. Malikanənin ümumi sahəsi 5800 kvadrat metrdir.

Burada 10 nəfərlik cakuzi, ev kinoteatrı, şüşə hovuz və tennis meydançası var.

 

Həftənin “karantin pozucusu”

Aktrisa Pərvin Abıyeva karantin rejimi və yol hərəkəti qaydalarını da pozmaqla gündəmə gəldi.

Aktrisa avtomobil idarə edə-edə instaqramda canlı yayıma qoşulub. İzləyicilərin suallarına cavab verən aktrisanın kəmər taxmaması, tez-tez rolu buraxması, telefondan istifadə etməsi diqqətdən qaçmayıb.

Lakin Pərvin qaydaları pozması ilə bağlı izləyicilərin iradlarına məhəl qoymayıb.

Aktrisa eyni zamanda karantin qaydalarını da pozub. O, icazə almadan evdən çıxdığını gizlətməyib:

"Heç neçəyə mesaj göndərməmişəm. Mənə yox, bu insanlara deyin bu karantində hara gedirlər". Hər zaman canlı yayımı şəxsi səhifəsində bölüşən aktrisa tənqidlərdən sonra həmin görüntüləri silib.

 

Həftənin “əkinçisi”

Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveçdə meşə ərazisində 1000 hektar torpaq sahəsi aldı.

Bildirilir ki, torpaq sahəsi ötən ilin yayında, futbolçu ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edərkən alınıb. Torpaq sahəsi “Persson Invest” şirkətindən 30 milyon İsveç kronası və ya 2,7 milyon avro qiymətinə əldə edilib.

Artıq Zlatan bu ərazidə bir neçə obyektlə malikdir. Dağ yaxınlığındakı böyük villadan əlavə olaraq, o həmçinin göldə ovçu evinə sahibdir. İndi isə onun yaxınlığında torpaq sahəsi futbolçunun mülkiyyətinə keçib. Daha əvvəl məlum oldu ki, Zlatan ovla, balıq tutmaqla və aktiv istirahətlə maraqlanır.

İbrahimoviç İtaliyada koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin müddətində İsveçə qayıtıb. O, "Hammarbyu" ilə məşq edir. Futbolçu bu klubun 25% səhminə sahibdir.

 

Oxunma sayı 144