Mətbuatda Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dolların dondurulması barədə xəbər yayılıb. Gununsesi.info saytı Yaqub Eyyubovu taparaq ona zəng edib. Dövlət rəsmisi isə jurnalistin sualına hətta tamamlanmayan cümlə ilə cavab verib və dəstəyi yerə qoyub: “Nə pul, nə 1 milyard… Kim deyir bunu?”.
Həftənin İSTEFASI
Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç istefa verib. “İstefa ərizəsi yazmışam. Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhvdir, bu isə istefa deməkdir”, - deyə Arestoviç qeyd edib. Arestoviç yanvarın 14-ü Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına Rusiya ordusu tərəfindən raket zərbəsinin endirilməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqid olunub. Belə ki, hadisədən sonra Arestoviç bildirib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri Rusiya tərəfinin atdığı raketi vurub və bundan sonra raket Dneprdə binaya düşüb.
Həftənin MƏHKUMU
İranlı rejissor Müjgan İlanluya 10 il həbs və 74 şallaq cəzası verilib. O, milli təhlükəsizliyə təhdid yaratmaq, nizam-intizam əleyhinə gizli və aşkar fəaliyyət göstərmək və ictimai asayişi pozmaq ittihamı ilə həbs olunub. Həmçinin, ölkədən çıxışına qadağa qoyulan İlanlunun şəxsi kompüteri və telefonunun da məhkəmə tərəfindən müsadirə edildiyi bildirilir.
Həftənin SUALI
“Forumda iştirak edən həmkarlarıma Ukrayna Prezidentinin düstur məktublarını çatdıracağam. Sülhü qaytaran birlikdir. Əgər dünya Ukrayna şəhərlərinin yandırılmasını dayandıra bilmirsə, iqlim neytrallığına necə nail olmağı gözləyir?”. Yelena Zelenskaya bunu Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxışı zamanı deyib.
Həftənin İMTİNASI
Son vaxtlar trend olan “Tufan var” mahnısının ifaçısı Ceyhun Səmədov müğənni Manaf Ağayevlə efirə çıxmaqdan imtina edib. Bu barədə “Xəzər axşamı” verilişinin aparıcısı Mətanət Əliverdiyeva efirdə məlumat verib. Onun sözlərinə görə, Ceyhun efirdə qonaq olan Manaf Ağayev və Ülviyyə Namazova ilə konseptlərinin uyğun olmadığını səbəb gətirib. M. Ağayev isə “Allah ruzisini versin. Amma o sözü deyibsə, Allah onun ruzisini verməyəcək. Mənə zəng etsin, görüm niyə gəlməyib? Mən onun yaşı qədər sənətdəyəm, heç soruşmamışam ki, efirdə qonaq kimdir?” – deyə cavab verib.
Həftənin DERBİSİ
İspaniya superkubokunun qalibi müəyyənləşib. Həlledici oyunda “Real” və “Barselona” komandaları üz-üzə gəliblər. Kataloniya təmsilçisi bu oyunda inamlı hesabla qalib gəlib. Nəticədə sözügedən komanda tarixində 14-cü dəfə bu titula sahib çıxıb.