Həftənin “karantinşünas siyasətçisi” - Həftə-reytinq

16:56 27.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

AXP sədri Pənah Hüseyn sərt karantin rejiminin tətbiqindən sonra   siyasi partiyaların fəaliyyətini də ciddi bir şəkildə məhdudlaşdırmasından danışdı:

“Bu məsələ aprel ayında, ondan sonrakı dövrdə dəfələrlə qaldırılıb ki, siyasi partiyaların fəaliyyətinə şərait yaradan addımlar atılsın. Lakin məsələ həllini tapmayıb. Bu istiqamətdə təkliflərimiz Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib. Fəaliyyətimizi elektron kommunikasiya vasitələri ilə qururuq. Bu,  yeni bir situasiyadır. Lakin sonsuza qədər belə davam edə bilməz. Siyasi partiyaların karantin rejimində fəaliyyətinə imkan verən  normativ şəraitlər yaradılmalıdır. ASAN imza vasitəsilə icazələr alınması tətbiq olunur,  bu irəliləyişdir. Partiyaların sədrləri, sədr müavinləri ASAN imza vasitəsilə hərəkət icazəsi alıblar. Hüquqi şəxslərin fəaliyyətinə ASAN  imza vasitəsilə icazə verilməsi praktikası siyasi partiyaların sədr və sədr müavinlərinə də şamil olunur. Bunun vasitəsilə qərargaha gedib gələ bilirik. Lakin partiyanın digər üzvləri ilə əlaqələr yalnız telefon və internet vasitəsilə həyata keçirilir”.

 

Həftənin “dəli manyakı”

ABŞ prezidenti Donald Tramp özünün milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu sərt şəkildə tənqid edib və onu bir vaxtlar “insanları bombalamağı təklif edən” dəli manyak adlandırdı.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu sözləri “Fox News” kanalında dilə gətirib.

“Onu belə fikirlərinə görə hamı sərsəm sayırdı. Bolton hətta Rusiya və Çinlə də savaşmağı təklif edirdi. Əslində bu mənə danışıqlarda üstünlük qazanmağıma səbəb olurdu. Çünki adı çəkilən ölkələrin rəhbərləri yanımda bu manyakı görəndə mənim onlara bomba atacağımı düşünürdülər”,-deyə prezident söyləyib.

Ağ Evin rəhbəri Con Boltonun öz işini bacarmadığını, sərrast ağıla malik olmadığını da deyib. “Mən hələ onun bir dəfə də olsun, güldüyünü görməmişəm. Hətta bunu onun özündən də soruşdum. Əslində bu xüsusiyyət Boltonun necə insan olduğundan xəbər verir”,-deyə Donald Tramp bildirib.

 

Həftənin “karantin sakini”

Mediada yayılan məlumatlara görə, Xalq artisti Aygün Kazımovanın köməkçisi və ailə üzvləri koronavirusa yoluxdu.

Bundan sonra xalq artisti də karantinə alınıb. Onun köməkçisi və bütün ailəsi hazırda xəstəxanada müalicə alır. Xalq artisti koronavirusla bağlı insanlara müraciət edib.

 

Həftənin “koronaviruslu deputatı”

Milli Məclisin koronavirusa yoluxmuş deputatı xəstəxanaya yerləşdirildi.

Deputat Sahib Alıyev hazırda "Yeni Klinika"da müalicə alır.

Qeyd edək ki, Sahib Alıyev iyunun 20-də "Report"a açıqlamasında koronavirusa yoluxduğunu bildirmişdi.

 

Həftənin “zorakılıq tərəfdarı”

“Bizimləsən” verilişində Əməkdar artist Elza Seyidcahanın  qadınlarla bağlı açıqlaması qalmaqala səbəb oldu. Verilişə gələrək arvadının ona xəyanət etdiyini və şantajla hədələdiyini deyən kişiyə əsəbiləşən Elza Seyidcahan aşağıdakıları bildirib: “Kişiyə yaraşdırmıram ki, efirdə bu cür danışsın. Ağzına maska taxıb oturmusan, bəs abırdan, həyadan özünü necə gizlədəcəksən? Uşaqlarının anasıdır, nə olar şantaj edəndə? Danışma, yum ağzını otur, efirə çıxma. Uşaqlarının anası haqqında nələr danışırsan? Sən əgər müdrik olsaydın, ailəni bir araya yığardın. Gedib yoldaşını gizlində döyərdin, üzünü göyərdərdin, amma bunu uşaqlarına  deməzdin”.

Daha sonra isə əməkdar artist bildirib: “Qadınları sındırır, onlara qarşı şiddətdən də betər davranışlar göstərirlər. Qadın kişini sevirsə, silləsinə dözər. Arvad kişi tərəfindən döyülər. Qoy, kişilər arvadlarını vursunlar. Niyə kişi arvadını vurmamalıdır?".

 

Həftənin “qalib “KVN”çisi”

“Planet Parni iz Baku” KVN komandasının koronavirusa yoluxmuş türkiyəli aktyoru Mehmet Emin Cəfər xəstəliyə qalib gəldi.

Bu barədə danışan aktyor xəstəxanadan evə buraxıldığını bildirib: "Hazırda evdəyəm. Dünən koronavirus testimin cavabı neqativ çıxdı. Özümü çox sağlam hiss edirəm. Çətin günlər keçirsəm də, hamısı geridə qaldı. Şükür Allaha xəstəliyə qalib gəldim. Bu günlərdə məni axtaran, narahat olan, dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edirəm. Allah bütün xəstələrə şəfa versin".

 

Həftənin “koronavirusl şübhəlisi”

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxması haqda xəbərlər yayıldı.

Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.

Məlumata görə, Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib.

Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.

Lakin sonradan Yeniavaz.com saytına açıqlasında Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov başqa cür danışıb. O bildirib ki, səhhətində narahatçılıq hiss etdiyinə görə, 4 gündür ki, işə çıxmır: “Koronavirusa yoluxmamışam pnevmoniya olmuşam, hazırda evdə qonaqlarım var onlarla məşğulam”.

 

Həftənin  “balasevər heyvanı”

Rusiyanın Xabarovsk - Komsomolsk - Amur magistral yolunda yüksək sürətlə hərəkət edən avtomobilə ana ayı hücum etdi.

Hadisə videoya düşüb.

Görüntülərdən aydın olur ki, ayı avtomobilə balasını qorumaq məqsədilə hücum edir.

Hadisə nəticəsində zərər çəkən olmayıb. Ayı və balası qaranlıqda gizlənib, sürücü isə sadəcə yüngül qorxuğunu söyləyib. 

 

Oxunma sayı 3462