Həftənin “xeyriyyəçisi” - Həftə-reytinq

17:55 06.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsveçrədə xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış bloger Mehman Hüseynova yardım kampaniyası başlandı.

Verilən məlumata görə,  ötən həftə ərzində artıq bloggerin müalicəsi üçün 140 000 manat vəsait toplanıb.

Mehman Hüseynov son açıqlamasında yardım edənlərin adlarını çəkməsə də onların hər birinə təşəkkürünü bildirib. Yardım kampaniyasına qatılan bəzi şəxslərin və qurumların adı bəlli olub. Cümə gün Mehman Hüseynovun müalicəsi üçün pul keçirən qurumlardan birinin hakim Yeni Azərbaycan Partiyasının olması haqda məlumat verilmişdi. Yardım kampaniyasına qoşulanlar cərgəsində YAP Gənclər Birliyinin də adı keçir. Amma hakim düşərgədən Mehmana dəstək olan təkcə YAP Gənclər Birliyi deyil. Son məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da blogger üçün pul köçürüb.

Görünür, MSK sədri bu jesti ilə son parlament seçkilərində ciddi konflikt yaşadığı Mehman Hüseynova qarşı qərəzli olmadığını nümayiş etdirməyə çalışıb.

Həftənin “koronaviruslu məşhuru”

“Crocus City Hall” və “Vegas City Hall”ın konsert salonlarına rəhbərlik edən 40 yaşlı azərbaycanlı müğənni Emin Ağalarov sensasion açıqlama verdi.

 “Moskovskiy Komsomolets” xəbər verir ki, Azərbaycanın xalq artisti  koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib.

Milyarder iş adamı Araz Ağalarovun oğlu olan E.Ağalarov  opera müğənnisi Yusif Eyvazovun  “İnstaqram” da etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.

E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb. 

"40 il ərzində ilk dəfə özümlə tanış oldum" deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.

Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını da bildirib. O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib.

Həftənin “televiziya filmi”

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günü münasibətilə televiziya filmi ərsəyə gətirildi.

Qanlı Stalin repressiyasının ən gənc ziyalı qurbanlarından olan M.Müşfiqə həsr olunmuş film “Bəraət: №1109” adlanır.

Ekran işində nakam şairin acı taleyi, repressiya qurbanı olaraq seçilməsinin səbəbləri gözlər önünə sərilib.

Film ötən cümə günü- iyunun 5-də 22:00-da İctimai Televiziyada yayımlanıb.

Həftənin “ittiham hədəfi”

"Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşəriyyətin çipləşdirilməsi barədə ittihamlara cavab verdi.

O, bu ittihamları əsassız adlandırıb və təkzib edib.

“Mən heç vaxt mikroçiplərin hazırlanması kimi işlərlə məşğul olmamışam. Bu, çox axmaq və qəribə səslənir”, - deyə B.Qeyts bildirib.

Amerikalıların bir hissəsi B.Qeytsin peyvənd proqramı vasitəsilə insanların çipləşdirilməsi üzrə plan qurduğuna inanır.

Həftənin “nazirilikşünası”

"Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi".

Deputat Fazil Mustafa bu fikirləri parlamentdəki çıxışında söylədi.

Millət vəkili qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək:

"Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var".

Həftənin “quduzluqşünası”

“Ceyms Mettisin ləqəbini “Quduz it” deyə dəyişdirmişdim”.

Bunu ABŞ Prezidenti Donald Tramp onu tənqid edən sabiq Müdafiə naziri Ceyms Mettis barədə danışarkən dedi.

“Barak Obama ilə yeganə ortaq nöqtəm budur ki, ikimiz də dünyanın ən ekstravaqant generalı Ceyms Mettisi qovmaq şərəfinə sahib olmuşuq. İstefa ərizəsini istədim və bundan çox məmnun oldum. Ləqəbi “xaos” idi. Mən bunu bəyənmədim və “quduz it” olaraq dəyişdirdim”, - Tramp bildirib.

Qeyd edək ki, C.Mettis Donald Trampın Amerika xalqını bir araya gətirməyə çalışmayan yeganə prezident olduğunu deyib.

Həftənin “koronaviruslu kəndi”

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, son bir neçə gün ərzində Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində sakinlər arasında qeyd olunan virusa yenidən yoluxma halları müşahidə olundu. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan mediaya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları pandemiyanın rayon ərazisində aşkarlanmasına operativ reaksiya verərək adı çəkilən kənd ərazisini xüsusi nəzarətə götürüblər. Polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb.

Oxunma sayı 836