Həsən bəy və Azadə xanım (özlərinin xahişi ilə adları şərti olaraq verilir) koronavirusa yoluxmuş cütlüklərdir. Hər ikisi Kliniki Tibbi Mərkəzdə müalicə alırlar. Müalicələrinin son iki-üç günündədirlər. Səbrsizliklə evlərinə gedəcəkləri günü gözləyirlər. Adi qızdırma və öskürəklə ailə həkimlərinin yanına gediblər. Daha sonra poliklinikaya yollanıblar. Orada testdən keçiblər və məlum olub ki, koronavirusa yoluxublar. Yəni, nəticələri müsbət çıxıb.
29 illik evli olan cütlüklər hafta.az-a koronavirusla mübarizələrindən və necə qalib gəlmələrindən danışıblar.
-Həsən bəy, nə zaman bildiniz ki, virusa yoluxmusunuz?
-Martın 31-i günü testdən keçdik. Aprelin 2-i cavablarımız çıxdı. Müsbət idi. Bildik ki, virusa yoluxmuşuq. Özüm üçün qorxmadım, yoldaşıma görə bir az həyəcan keçirdim. Elə o da mənə görə narahat olurdu. Şükür ki, hər şey yaxşı qurtardı.
Söhbətə Azadə xanım müdaxilə edir və hadisəni əvvəldən danışmağa başlayır:
-Novruz bayramının sabahı günü yoldaşım qripə tutuldu. Əvvəlcə əhəmiyyət vermədik. Qızdırması düşmədi. Koronavirusa yoluxacağımız heç ağlımızın ucundan da keçmirdi. Həkimə getdik. Dərman aldıq. Boğazağrısı, qrip və öskürəyə görə dərmanlar yazdı. Yenə də qızdırması düşmədi. Sonra öskürək məni də tutdu. Ardınca qızdırma gəldi. 23 saylı poliklinikaya getdik. Həkim dərmanlar yazdı. Baş həkimin məsləhəti ilə testdən keçdik. Cavablar çıxana kimi bizi filtirli otaqda saxladılar. Təxminən iki gün orada qaldıq. Cavablarımız çıxanda bir balaca həyəcanlandıq. Yoluxmuşduq. Allahdan, hər gün isti maye qəbul edirdik. Demək olar ki, hər saat başı... O bizim xəstəliyimizi yumşaq keçirməyimizə kömək etdi.
-Azadə xanım, neçə yaşınızdasınız? Neçə ildir evlisiniz?
-Mənim 51, yoldaşımın 58 yaşı var. 29 ildir ki, evliyik. Qızlarımızı köçürmüşük. İndi ikimiz yaşayırıq.
-Deyəsən, Həsən bəyi çox sevirsiniz və onun yoluxduğunu eşidəndə çox narahatlıq keçirmisiniz?
-Hə, indi də narahatam (gülür). Sevib evlənmişik. Uşaqlarımın atası, nəvələrimin babasıdır. O da mənim üçün narahatlıq keçirirdi. Bir-birimizə ürək-dirək verə-verə müalicənin axırına çıxdıq.
-Nəticələr müsbət çıxandan sonra hara göndərdilər sizi?
-Klinik Tibbi Mərkəzə gəldik. Vəziyyətimiz orta ağır kimi qiymətləndirilirdi. İlk gündən ikimiz bir palatada qaldıq. 7-8 gündən sonra sağalmağa başladıq. Vəziyyətimiz yüngülləşdi. Sonra bizi yüngül xəstələrin müalicə aldığı palataya göndərdilər. O vaxtdan bəri buradayıq. 28 gün qalmalıyıq. Demək olar ki, hazırda heç nəyimiz yoxdur. Amma simptomlar yenidən 28 gün ərzində biruzə verə bilər. Ona görə də həkimlər 4 həftə qalmağımızı məqsədəuyğun saydılar. Hamı 4 həftə qalıb gedir.
-Darıxmadınız ki?
-Həsən yanımdadır. Ona görə darıxmadım. Bəlkə də onsuz çox çətin olardı. Bircə evimiz və nəvələrim, qızlarım üçün darıxıram.
Söhbətə Həsən bəy müdaxilə edir:
-Niyə darıxmalıdır ki, tibb işçiləri Azadəyə burada bir ad günü təşkil elədilər ki, gəl görəsən... Aprelin 15-i yaşı idi. Qızlara mən dedim ki, xanımın doğum günüdür. Onlar da şirniyyat gətirdilər. Çay qonaqlığı ilə ad gününü yola verdik. Evdə olsaydım, indi 100-150 manat ziyana düşmüşdüm (gülür).
-Bəs ilk simptomlar nələr idi? Nəfəs daralması var idimi?
-Vardı bir o qədər də yox... Azadə dedi, biz o qədər də ağır keçirmədik. İmmunitetimiz də güclü oldu. Dəf edə bildik.
-Bəs həkimlərin sizə qulluğundan razısınızmı?
-Çox razıyıq. Onlar da ailələrini görə bilmirlər. Biz də... Burada bir ailə kimi olmuşuq. Üzlərini görə bilmirik amma isnişmişik. Onları səslərindən tanıyırıq. Hər birinə təşəkkür edirik. Həqiqətən də əziyyətimizi çox çəkdilər. Xəstəliklə bağlı şikayətimiz olanda onlara deyirik. Hər bir narahatlığımızı dəftərə yazırlar. Qeyd edirlər. Dərmanlarımız vaxtlı-vaxtında verilir. Gündə üç dəfə qızdırmamız ölçülür.
-Başqa xəstəlikləriniz də var idimi? – sualımıza Həsən bəy – mən şəkərli diabet xəstəsiyəm – deyib sözə başlayır:
-Koronavirusa yoluxan xəstələrin yan xəstəlikləri də varsa, onun müalicəsi daha ehtiyatla aparılır. Dərmanlara, onların əks təsirlərinə fikir verilir. Mən elə həblər qəbul edirəm ki, onların şəkər xəstəliyinə heç bir təsiri olmasın. İndi insulinim də normal səviyyədədir. Təzyiqim də normaldır.
Azadə xanım da əlavələr edir. Deyir ki, həkimlərin fədakarlığı sözlə ifadə ediləsi deyil:
-Arada söhbətləşirik. Bizimlə bir-iki metr məsafədə olurlar. Elə həkim var ki, iki aya yaxındır ailəsindən uzaqdadır. Üzlərini görə bilmir. Onlar bizim üçün buradadırlar. 8 saat ayaq üstə olurlar. Səhər növbədən çıxan gecə bir də növbəyə gəlir. Yuxu nədir bilmirlər. Hamısını bağrıma basıram. Hamısını öz balamız kimi çox istəyirik.
Həsən bəy isə xəstəxanada olmağın onlara çoxlu faydalı olduğunu bildirdi:
-Mən taksi sürücüsüyəm. Çox güman ki, virus da elə hansısa müştəridən yoluxub. Sözümün canı bu deyil. Səhər gedib axşam gəlirdim. Evdə olmurdum. Özümə, ailəmə vaxt ayıra bilmirdim. Burada yoldaşıma çoxlu zaman ayırdım (gülür). Gələcək haqqında planlar qurduq. Keçən günlərimizi xatırladıq. Bilirsiniz, insan bəzən öz-özünə zaman ayırınca haralara gəlib çıxdığını, bu həyatda nələr etdiyini xatırlamaqla, geriyə baxmaqla öyrənir. Bu baxımdan hər bir işdə bir xeyir var məsəli yerində çəkilmiş misaldır. Buradan çıxandan sonra üzü yaya doğru daha çox ailəmə zaman ayıracağımı, istirahət edəcəyimizi düşünürəm.
-Bəs buradan nə zaman ayrılacaqsınız?
-Həkimlər nə zaman məsləhət bilsə, ya 28-i, ya da 29-u... Əsas odur tam sağlam gedək.
-Evdə qalmağı özlərinə rəva bilməyənlərə, ailələrini təhlükəyə atanlara bir çağırışınız varmı?
-Əlbəttə, evdən qəti şəkildə çıxmasınlar. Biz çıxdıq, cəzamızı da çəkdik. Həyəcan keçirdik ki, axırımız nə olacaq. Ailə üzvlərimiz həyəcan içində qaldılar. Heç kəsə arzulamıram. Dövlətimiz hər şəraiti yaradıb. İşləməyənlərə pul da verilir. Burada elə eşitdik. Daha nə istəyirlər. Evdə oturub çayınızı için, nəvələrinizlə, uşaqlarınızla oynayın. Qara günün ömrü az olar. Allah heç kimə peşmanlıq yaşatmasın.