Rusiyada iqtisadi artım dayandı, inflyasiya sürətləndi

14:16 27.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, yanacaq böhranının çoxsaylı mal və xidmətlərin qiymətlərini artırması səbəbindən 2026-cı il üçün inflyasiya gözləntilərinin artırıldığını və iqtisadi artım proqnozunun 0-1 faizə endirildiyini açıqlayıb.

Hafta.az yazır ki, “Euronews”un məlumatına görə, Rusiya Mərkəzi Bankı ölkədə inflyasiyanın 2026-cı ildə əvvəllər proqnozlaşdırılandan daha yüksək ola biləcəyini bildirib. Yanacaq qiymətlərinin artması səbəbindən bank gələn il üçün inflyasiya proqnozunu 6-7 faizə qədər artırıb. Əvvəlki proqnoza görə, inflyasiyanın 4,5-5,5 faizə qədər azalması nəzərdə tutulmuşdu.

Nabiullina həmin gün keçirilən mətbuat konfransında yanacaq bazarındakı vəziyyəti "təklif şoku" kimi xarakterizə edib.

Rusiya Mərkəzi Bankı həmçinin 2026-cı il üçün ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu aşağı istiqamətdə yeniləyib. Əvvəllər 0,5-1,5 faiz olaraq elan edilən artım gözləntisi 0-1 faizə endirilib.

Dördüncü rüb üçün illik artım proqnozu da 1-2 faizdən 0-1,5 faizə endirilib.

Nabiullina bildirib ki, "Real vaxt rejimində əldə edilən məlumatlar göstərir ki, şirkətlər tələbatın azalmasını gözləyirlər. İqtisadi potensialın müvəqqəti azalmasını nəzərə alaraq, ÜDM artım proqnozumuzu aşağı saldıq".

Neftlə zəngin Rusiyada yanacaq böhranı Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları səbəbindən davam edir. Ölkə daxilində, xüsusən də Moskva və Sankt-Peterburqda yanacaq satışına məhdudiyyətlər tətbiq olunur.

Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı logistika mərkəzlərinə hücumları da daxil olmaqla, hadisələr səbəbindən ilin sonuna qədər inflyasiyanın daha yüksək səviyyələrə çata biləcəyi proqnozlaşdırılır.