İngiltərədə Roma süvari qılıncları tapıldı

11:05 22.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə metal detektorun köməyi ilə taxta qınında iki Roma qılıncı aşkar edilib.

Hafta.az-ın “All Thats Interesting”ə istinadən yazdığına görə, "spata" kimi tanınan süvari qılıncları bütün Roma İmperiyasında istifadə olunurdu.

Qlenn Manninq bu ilin mart ayında İngiltərənin şimalındakı Kotsvoldsda metal detektordan istifadə edərək qılıncları, eləcə də yaxınlığında mis xəlitəli sınıq qab tapıb.

“Arkeonews” xəbər verir ki, Leycester Universitetindən professor Saymon Ceyms tapılan qılıncların təxminən eramızın 160-cı illərində hazırlandığına inanıldığını və üçüncü əsrə qədər istifadə edildiyini söyləyib.

Ölçülərinə görə, qılınclar çox güman ki, at belində döyüşərkən istifadə olunub.

Korinium Muzeyinin direktoru Emma Stüart bildirib ki, tapıntı Kotsvoldların şimalında Roma ordusunun mövcudluğunun sübutudur. “Bu, inanılmaz dərəcədə vacib tapıntıdır. Bu, bütün Britaniyanı həyəcanlandırmalıdır... Sual və müəmma budur ki, bu qılınclar niyə Kotsvoldların şimalında basdırılıb? Onların orada nə işi vardı?”, - Emma Stüart bildirib.

Qılıncların Korinium Muzeyində sərgilənəcəyi bildirilir. Muzeyin direktoru bu tapıntının qılıncların tapıldığı ərazidə daha dərin araşdırmalara səbəb olacağına ümid etdiyini və ehtimal ki, təxminən 2000 il əvvəl Kotsvoldlarda Roma varlığı haqqında daha çox məlumat verə biləcəyini söyləyib.