“İnternet məhdidiyyəti informasiya almağa əngəl yaratmır” - Millət vəkili  

17:20 28.09.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Əgər bu gün sərhəddən uzaq rayonlarımızda da atəş səsləri eşidilirsə və insanlarımız səfərbərdirsə, deməli müharibə gedir. Müharibənin də öz şərtləri var. O şərtlərə əməl etmək hər birimizin borcudur”.

Bunu internetin məhdudiyyətli verilməsi və sosial şəbəkələrin dondurulması ilə bağlı yaranmış vəziyyəti hafta.az-a açıqlayan millət vəkili Jalə Əliyeva bildirb. 

Deputat hesab edir ki, ölkədə açıq döyüşlərin getdiyi bir vaxtda informasiyaların da “sücgəcdən” keçirilməsi çox mühüm amildir.

“Bəlkə də insanlar ordan-burdan eşitdikləri xəbərləri  sosial şəbəkələrdə yaymaqla istəmədən, bilmədən düşmənin əlinə bəhanə verə bilər. Yaxud, düşünülməmiş, yalan ajotaj xarakterli hər hansı bir məlumatın yayılması sadəcə ölkə insanın fikrini çaşdırmağa xidmət eləmir, eyni zamanda düşmən dəyirmanına  su səpmək kimi də qəbul edilə bilər”.

J.Əliyeva bu mənada hesab edir ki, ümumilikdə təşvişin yaradılmaması üçün inanılmış dövlət orqanının rəsmi məlumatlarına söykənilməlidir.

“ Dünəndən bəri Müdafiə Nazirliyi, digər rəsmi orqanların nümayəndələri ilə birlikdə brifinqlər keçirərək insanları hər dəqiqə məlumatlandırır.  Məlumatların yalnız  bir qaynaqdan verilməsi daha əhəmiyyətlidir.  Hər kəsin düşündüyünü, eşitdiyini sosial şəbəkələrdən xəbər kimi paylaşması düz deyil. Təbii ki, internet əsrində yaşadığımız bir dövrdə belə məhdudiyyətlə davam etmək hər birimiz üçün çətindir. Ancaq onu da unutmamalıyıq ki, hazırda müharibə gedir. Mən aran rayonları olan Zərdabı, Ucarı təmsil edirəm.  İnsanlar xoş bir həyacan içərisində cəbhədə baş verənləri izləyir. Belə olan şəraitdə insanlarımıza düzgün informasiyanın verilməsi daha doğrudur”.

J.Əliyeva bu gün sosial şəbəkələrlə çıxışın dayandırılmasının məlumatların xarici ölkələrə, beynəlxalq ictimaiyyətə ötürülməsinə maniə yaradacağı ilə bağlı fikirləri də bölüşmədi. Onun fikrincə, xarici mənbələr o informasiyaları elə bizim rəsmi qaynaqlardan, eləcə də saytlardan, portallardan götürə bilərlər. Bunun üçün heç bir əngəl yoxqdur.