“İqtisadi baxımdan çox böyük layihə olan TAP-ın istifadəyə verilməsi ilə İtaliya Azərbaycan üçün təkcə ticarət tərəfdaşı deyil, eyni zamanda Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısına çevrilib. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda mövqeləri möhkəmlənməkdədir. Bu istiqamətdə çox mühüm addımlar atılır. Eyni zamanda bu səfərlə bağlı biznes forumun keçirilməsi də nəzərdə tutulur. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çox mühüm əhəmiyyət kəsb edir.”.
Bunu hafta.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, eyni zamanda 2018-ci ildə məlumdur ki, İtaliyanın Prezidenti Azərbaycanda olmuş və Sumqayıta "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Bundan başqa kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivi də çox inkişaf edən bir sahə kimi qeyd olunur: “Məlum məsələdir ki, məhz Romada təşkil olunacaq şirkətlərin biznes forumu əsasən bu məsələlər ətrafında olacaqdır. İtaliya ilə bizim iqtisadi sahədə bərpa olunan enerji mənbələri, suyun və torpağın təmizlənməsi ilə əlaqədar ekoloji məsələlər üzrə ikili əlaqələrimiz mövcuddur və eyni zamanda memarlıq və inşaat sahəsində də əməkdaşlığımız var”.
Arzu Nağıyev deyib ki, Memarlıq və İnşaat Universitetində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması da çox müsbət bir hal kimi dəyərləndirilməlidir: “Məlum məsələdir ki, Ələt Limanında İtaliya şirkətlərinin infrostrukturunun yaradılması ilə bağlı da çox mühüm işlər olub. Bunlar böyük iqtisadi məsələlərdir. Digər tərəfdən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsində İtaliya çox mühim rol oynayan bir dövlətdir. İtaliya Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqında bir nömrəli dəstəkçilərimizdəndir. Avropa bu gün enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycana çox güvənir. Azərbaycan bu istiqamətdə çox mühim addımlar atır. İtaliya da bir tərəfdaş kimi bunu dəyərləndirir. Bütün bu prosesləri nəzərə alsaq Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətləri hərtərəfli genişləndirəcək". Qeyd edək ki, ötən gün president İlham Əliyevin İtaliyaya işgüzar səfəri baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.