“Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinin mətni son dərəcə mürəkkəbdir. Halbuki bunu çox konkret göstərmək olar. İndi gərək biz burda baş sındırıb, axtaraq”.
Hafta.az xəbər veri ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
“Bizə mətn tam verilməlidir ki, dəyişiklik edildikdən sonra miqrasiya haqqında qanun necə görünəcək. Yoxsa, oturub bir-bir, maddə-maddə baxmalıyıq, iynə ilə gor qazmalıyıq ki, bu dəyişikliklərdən sonra qanunun taleyinin necə olacağını bilək”, - deputat bildirib.
Deputat bu məcəllədə onu Azərbaycandakı oturum haqqında məsələnin narahat etdiyini deyib. Bildirib ki, kimin yüksək kapitalı varsa, oturum ala bilər.
“Bizim millətimizin yarısı ölkə xaricində, Güney Azərbaycanda yaşayır. Onların bir hissəsi bura müəyyən məqsədlər, təhsil almaq üçün gələ bilər. Kapital qoymaq imkanı olmayan şəxslərin taleyi necə olacaq? Bunları necə tənzimləyəcəyik? Qanunda bunun həllini görmədim”-deputat bildirib.