Kinoloji Mərkəzdə bir gün - REPORTAJ

10:44 12.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tez-tez müxtəlif xəbər qaynaqlarından sərhəddə qanunsuz əşyaların aşkar edilməsi barədə məlumatlar eşidirik. Təbii ki, bunda gömrükçülərimizin əməyi danılmazdır. Lakin onlar bu missiyanın tək görəvliləri deyillər.

Əbəs yerə deyil ki, insan oğlunun ta qədim zamanlardan ən yaxşı dostu itlər hesab olunub. Elə biz də bu gün sizə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən qadağan olunmuş əşyalar, narkotiklər və xüsusi iyə malik digər vasitələrin aşkar edilməsində mühüm rol oynayan vəfalı dostlarımızdan söhbət açacağıq.

Hafta.az-ın əməkdaşı gizli qəhrəmanlar olan xidməti təlim itlərinin hazırlandığı Azərbaycan Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin qonağı olub. Mərkəzin yaranma tarixi, fəaliyyəti və s. ilə bağlı məlumatları rəhbərliyin öz dilindən eşidək.

Müsahibimiz Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanovdur.

– İlkin bəy, öncə Kinoloji Xidmət Mərkəzinin yaranma tarixi və fəaliyyəti ilə bağlı oxucularımıza bir qədər məlumat verərdiniz...

– Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi 1997-ci ildə Gömrük Komitəsinin müvafiq sərəncam və əmrləri əsasına yaradılmışdır. Hal-hazırda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin yerləşdiyi bina 2003-cü ildə istismara verilib. 2015-ci ilin sentyabr ayında Ümumdünya Gömrük Təşkilatı və Dövlət Gömrük Komitəsi arasında imzalanmış memoranduma əsasən, buraya Regional Kinoloji Təlim Mərkəzi statusu verilmişdir. Mərkəzin əsas istiqaməti xidməti axtarış itlərinin hazırlığı, narkotik vasitələrin, silah-sursatın, partlayıcı maddələrin, o cümlədən digər fərdi iyə malik olan əşyaların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını almaqdır. Bundan başqa tütün məhsulları, pirotexniki vasitələri də həmin siyahıya əlavə etmək olar.

Biz dəfələrlə müxtəlif beynəlxalq yarışlarda iştirak etmişik. 2019-cu ildə Moskva şəhərində keçirilən, Müstəqil Dövlətlər Birliyinin gömrük orqanları, kinoloji strukturları arasındakı yarışlarda birinci yerə layiq görülmüşük. Gömrük sərhəd-keçid nəzarət məntəqələrinə xidməti axtarış itlərinin təşkil olunması, kinoloqların, təlimçilərin, həm ixtisasvermə, həm də ixtisasartırma təlim kursları mərkəzdə həyata keçirilir.

Mərkəzin ümumi ərazisi 4 hektara yaxındır. Burada 100 baş itin saxlanması üçün saxlanc yerləri mövcuddur. Ərazidə inzibati bina, baytarlıq klinikası, reanimasiya otaqları, mətbəxlər, damazlıq və dölçülük işinin təşkili üçün bina, 2 böyük təlim meydançası mövcuddur. Meydançaların birində itlər sırf axtarış üçün hazırlanır. Digərində isə ümumi itaətetmə qaydaları öyrədilir.

– Bütün itlər eyni təlim prosesi keçir, yoxsa hər birinin həm fəaliyyət növü, həm də təlim prosesləri fərqlidir?

–      Öncədən müəyyən edirik ki, hansı istiqamətdə itlərimiz hazırlanmalıdır. Əvvəlcə itlərin iş qabiliyyətini yoxlayırıq. Əgər itin axtarış, izləmə keyfiyyətləri varsa, onlar təlimə öyrədilir. Bundan sonra itin kriteriyaları nəzərə alınaraq, onun narkotik vasitələrinin, silah-sursatın və yaxud digər vasitələrin axtarışı üçün uyğun olub-olmadığı nəzərə alınır. İtlər öyrədilərkən təlimçinin də xarakter və xüsusiyyətləri nəzərə alınır. Əgər təlimçi savadlı və fiziki cəhətdən güclü, lakin təbiət etibarilə passivdirsə, biz ona aktiv it verə bilmərik. Buna səbəb isə bir müddət sonra təlim keçilən itin də passivləşəcək olmasıdır. Ümumilikdə, bütün itlərə itaətetmə təlimi verilir.

– Müharibə dövründə itlərin fəaliyyətindən necə istifadə olundu?

– Müharibə dövründə, müvafiq qaydada gömrük sərhəd-keçid nəzarət məntəqələrinin gücləndirilməsi məqsədilə qərb, cənub və şimal istiqamətlərində xidməti axtarış itlərinin sayını artırdıq. Əsasən, silah-sursat, partlayıcı maddələrin axtarışına nəzarət gücləndirildi. Yoxlama-axtarış qruplarının fəaliyyəti qərb bölgəsində, “Qırmızı körpü” və “Mazımçay” gömrük postlarında bir qədər də güclənmiş oldu.

– Başqa dövlətlərə yardım üçün itlər göndərilib?

– Fəaliyyət dövrümüzdə 12 dövlətə xidməti axtarış itlərimiz ianə edilib. Proses müvafiq beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Həmin dövlətlərə, Makidoniyanı, Bolqarıstanı, Türkiyəni, Qırğızıstanı, Toqonu, Qabonu, Seneqalı, Monqolustanı misal göstərə bilərəm. Makedoniyaya 4 baş it vermişdik ki, onlardan biri 2012-ci ildə Makedoniya-Yunanıstan sərhədində 20 kiloqrama yaxın heroin aşkar etmişdir.

– Bəs dağıntılar altında qalan insanların xilas edilməsində necə, sizin xidməti itlərinizdən istifadə edilə bilər?

–  Bu, əsasən, Fövqaladə Hallar Nazirliyinin səlahiyyətlərində olan bir məsələdir. Bizim işimiz sərhəd-keçid nəzarət məntəqələri üzrədir.

–  Bildiyimiz kimi, əvvəl itlər xaricdən alınırdı, bəs hazırda vəziyyət necədir? Yenə xaricdən itlər alınır? Alınırsa, bir xidmət iti neçəyə başa gəlir?

– 2009-cu ilə qədər bəzi hallarda xarici ölkələrdən xidməti itlər alınırdı. Daha sonra isə damazlıq və dölçülük bölməsindən əldə olunub. Ümumilikdə, Avropadan götürsək, söhbət axtarış itindən gedirsə, bir itin qiyməti, 10-15 min avrodur. Bu zaman söhbət sifariş əsasında hazır olmuş xidmət itindən gedir.

– Hazırda mərkəzinizdə beynəlxalq yarışlarda iştirak etmiş və qalib gəlmiş itlər varmı?

– Burada deyillər. Biz damazlıq və dölçülük bölməsində bu itlərdən bala əldə etmişik. Həmin itlər hazırda keçid məntəqələrində fəaliyyət göstərir. 2019-cu ilin sentyabr ayında Moskvada keçirilən yarışlarda birinci yer tutan itlərin biri cənubda, digəri isə qərbdədir.

Haşiyə

Daha sonra direktor İlkin Osmanov bizi Kinoloji Mərkəzin muzeyi ilə də tanış etdi. Burada müxtəlif beynəlxalq yarışlarda çəkilmiş şəkillər, əldə olunan sertfikatlar nümayiş olunur.

Direktor deyir:

– Mərkəzimiz özü də kurslar həyata keçirir. Elə 2020-ci ilin yanvar ayında türkdilli dövlətlərin Gömrük Orqanlarının Əməkdaşlıq  Şurasının rəhbər heyəti və kinoloqları üçün burada kurslar təşkil edilmişdi.

Ən çox hansı itlərdən istifadə edilir?

Ardınca İ.Osmanovun müşayiəti ilə mərkəzlə əyani tanış olduq. Burada itlərin saxlanma şəraitini, keçdiyi təlimləri birbaşa izlədik. Direktor bildirir ki, saxlanc yerləri yay və qış üçün ayrıca nəzərdə tutulmuş hissələrdən ibarət olur. Qışda burada istilik sistemi işləyir. Yavruların saxlanması üçün bu şərtdir.

Müsahibəmiz davam edir:

– İlkin bəy, mərkəzdəki itlərin sağlamlığına nəzarət nə cür təşkil edilir?

– Əgər it sağlam deyilsə, ondan heç bir təlim gözləmək olmaz. Ona görə də mərkəzdə müvafiq peyvəndlərin vurulması, dərmanların tətbiqi həyata keçirilir. 

– Yəqin ki, itlər təlimə götürülməzdən öncə cinslərinə görə seçilirlər.

– Bir çox hallarda bəli. Alman, Belçika, Holland çoban itlərindən, Labrador cinsindən ən çox istifadə olunur.

Mərkəzin az əvvəl də adıçəkilən damazlıq və dölçülük bölməsi də var ki, burada xidmətəyararlı olan itlərin əldə olunması həyata keçirilir. İtlər 6-7 aylığına qədər bir təlim prosesi keçir, bundan sonra onların xidmətə yararlı olub-olmaması müəyyən olunur. Bir çox hallarda  xidmətə yararsız itlər olur ki, onlar da hədiyyə, yaxud  ianə edilir.

– İlkin olaraq xidməti itlərə itaətetməni öyətmək neçə müddət çəkir?

– Adətən, 2-3 ay vaxt alır. Bu da təbii ki, itdən və təlimçidən asılıdır.

– Xidməti itlərin qidalanmasında hansı yemlərdən istifadə olunur?

– Əsasən, quru yemlərdən, qış aylarında isə ət məhsullarından istifadə olunur.  

Təlim meydançası

Kinoloji Mərkəzin ərazisində 5-6 nəfərlik qrup üçün nəzərdə tutulmuş sinif otaqları da var ki, İlkin bəyin sözlərinə görə bura bir çox hallarda kitabxana kimi də istifadə olunur. Mərkəzin əməkdaşları itlərə aid ensiklopediyalardan, gömrük məcəlləsi ilə bağlı kitablardan faydalana bilir.

Xüsusi təlim meydançalarında isə itlərə müvafiq iylər əsasında axtarış aparmaq təlim edilir. Meydançanın kənarında tribunalar mövcuddur. Burada hakimlərin və tamaşaçıların yarışları izləyə bilməsi üçün şərait var.

Xidməti təlim itinə axtarış edərkən istiqamətverici işarə kimi, iki əsas reaksiya öyrədilir – aktiv və passiv. Aktiv işarə verəndə axtarış iti ya hürür, ya da həmin o hissəyə aktiv reaksiya verir.  Passiv işarədə isə it obyekti müəyyən etdikdən sonra ya oturur, ya da uzanır. Daha sonra axtarış itinin aşkar etdiyi gizli yerə təlimçi kiçik endoskopik kamera ilə baxış keçirir. Bu sistemdən itifadə kinoloji xidmətin fəaliyyətindəki ən son yeniliklərdən biridir.

Mərkəzdə real şəraitə uyğun olaraq gizli maddələrin xidməti itlər tərəfindən müəyyən edilməsi təlimləri də aparılır. Təlimçilər iti ilə birlikdə axtarış həyata keçirir, müəllimlər isə daha çox nəzəri məşğələlərdə iştirak etdilər.

Direktorla söhbətimizi davam etdiririk:

– Mərkəzdə itlərin təlimi ilə bağlı özəl xidmət göstərilir? Yəni kənar şəxslər də burada müəyyən vəsait qarşılığında itlərini təlim etdirə bilərlər?

– Bəli, bu mümkündür. İndi karantin dövrü ilə bağlı olaraq belə fəaliyyətlərə məhdudiyyət qoyulub. Bizim itçilik klubumuz var. Onlar təsərrüfat hesablıdır. Müvafiq əsasnamə  və müqavilə ilə iti saxlanca götürmək olur.

Qeyd edim ki, mərkəzdə axtarış itlərinin fəaliyyətində daha bir yenilik də tətbiq edilib ki, bu da iti uzaqdan yönləndirməkdir. Sözügedən prosesdə  təlimçi iti lazer şüası vasitəsilə axtarışa yönəldir. Normalda təlimçilər axtarış itini xalta ilə işlədir. Təlim olunan yenilik sayəsində iti uzaq məsafədən yönləndirmək mümkündür. Bu yenilik sayəsində indi təlimçilərin təhlükəsizliyini təmin etmək daha asan olacaq. Tutaq ki, bizə müəyyən yerdə partlayıcı olması barədə məlumat gəlir. Həmin yerin axtarışı zamanı təlimçi lazer şüasi ilə təhlükəli zonaya yaxın durmadan xidməti iti axtarışa yönəldə bilir.

 Mərkəzin həyətində xüsusi təlim otağı da mövcuddur. Burada təlimin ilkin mərhələlərində itlərə iylər öyrədilir. Bunun üçün xüsusi təlim vasitələrinin içinə narkotik və ya partlayıcı yerləşdirilir. Daha sonra itlərə həmin qoxuları aldıqdan sonra veriləcək ilkin reaksiyalar öyrədilir. Ardınca isə itlər mükafatlandırılır.

– Elə mükafat demişkən, tapşırığı uğurla yerinə yetirmiş itin qazancı nə olur?

– Mükafat əsasən oyuncaq olur. Təbii ki, bu bizim üçün oyuncaq olsa da, itə görə ov şikarıdır. Bizə axtarışda lazım olan, hər bir itin ov şikarının yüksək olmasıdır. Biz onu oyuncaq və topla əvəz edirik.

– Kinoloji Xidmət Mərkəzi olaraq beynəlxalq əməkdaşlıqlarınız varmı?

– Bəli var, əsasən, MDB ölkələri –Rusiya və Qazaxıstan ilə. Lakin, daha çox Türkiyə ilə sıx əməkdaşlığımız mövcuddur.

– Heç olubmu ki, təlimçilər itlərlə hər hansı qəza, xoşagəlməz hadisələr yaşasın?

– Bəli olub, elə mənim başıma da oxşar hadisə gəlib. Özüm 2004-cü ildə təlimçi kimi fəaliyyətə başlamışam. Təlimçi dövrümdə də, ondan sonra da belə hallar yaşanıb. Əsas olan budur ki, özünü itirməyəsən və şəraitə uyğun hərəkət edəsən. Elə olur ki, təlimçi yüksək nəqliyyat vasitəsinin yük yerini axtarmaq üçün təlim itini ora qaldırmalıdır. İt oradan yıxılıb ayağını sındıra, yaxud başqa xəsarətlər ala bilər. Bunun üçün əməkdaşlarımıza ilkin yardım xidməti öyrədilib. Hücum-mühafizə üzrə hazırlanan itlər bəzi hallarda əməkdaşı dişləyə bilər. Bu, çox nadir hallarda baş verir və elə də qorxulu bir şey deyil. Bütün itlər peyvəndlənib.

Qeyd edək ki, xidməti axtarış itləri 10 yaşına qədər balansda saxlanılır. Keçid məntəqəsində bir axtarış iti gün ərzində 25-30 maşın yoxlaya bilir. 8-9 yaşından sonra isə bu say getdikcə azalmağa başlayır. İtlər əvvəlki aktivliyini itirmiş olur.

Sonda bir məqamı da vurğulamaq istərdik. Belə ki, Böyük Vətən Müharibəsində Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin iki əməkdaşı da könüllü olaraq iştirak etmişdir. Hal-hazırda hər iki əməkdaş ordu sıralarından təxris olunub. Ümumilikdə isə 44 günlük Vətən müharibəsində Gömrük Komitəsinin 60 nəfər əməkdaşı iştirak edib.

 

Oxunma sayı 1426