Kiprdə Tunc dövrünə aid ticarət mərkəzi aşkar edildi

10:05 18.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveç Arxeoloji Missiyasının rəhbərliyi ilə Kiprdə davam edən qazıntılar zamanı, Larnakanın Tunc dövründə bölgədə əhəmiyyətli ticarət mərkəzi olduğunu göstərən bir çox tarixi əsər ortaya çıxıb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Kipr Antik Əsərlər Departamentinin direktoru vəzifəsini icra edən Yorayos Yorayo, "Görünür, şəhərin zənginliyi mis istehsalı və ticarətinə əsaslanır" deyib.

Yorayo, Dromolaksia-Vizakya qazıntı sahəsinin Tunc dövründə işləyən liman olduğunu və bəzi mütəxəssislərin qənaətincə, bu limanın 25 hektar ərazisi olub. Yorayo AFP-yə deyib: "Məzarlara baxanda, şəhərin mis ixracında mütləq fəal olan hakim sinif ailələrinə aid olduğu bilinir”.

Eramızdan əvvəl 1600-1100-cü illər arasında inkişaf edən qəsəbə Larnaka Duz Gölü sahilində, Hala Sultan Təkkəsinin yaxınlığında yerləşir.

Göteborq Universiteti ötən ay elan edib ki, bu yaxınlarda ilk dəfə Tunc dövrünə aid ticarət məntəqəsinin ətrafında məzarlar aşkarlayıb. Universitetdən bildirilib ki, türbələr Aralıq dənizi bölgəsində tapılan ən zəngin məzarlar sırasındadır. Qəbirlərdəki qiymətli əşyalar eramızdan əvvəl 1500-1300-cü illər arasında mis ticarətinin mərkəzi olan şəhərin hökmdarlarına məxsus olduğunu göstərir.

Arxeoloq və ekspedisiyanın rəhbəri, professor Peter Fişer bildirib ki, qəbirlərdəki sərvətə nəzər salınanda, onların kral məzarları olduğunu demək daha məntiqli olur.

Qəbirlər yeraltı otaqlardan ibarətdir ki, onlara yerdən dar keçidlə çatılır. İsveç nümayəndə heyəti 2010-cu ildən Hala Sultan Təkkə ətrafında qazıntı işləri aparır. Nümayəndə heyəti qeyd edib ki, onlar iki qəbiristanlığa səpələnmiş 500-dən çox artefakt və tam fraqmentlər aşkar ediblər. "Artefaktların çoxu qiymətli metallar və bahalı daşlar, fil sümüyü və yüksək keyfiyyətli çinidən ibarətdir" deyib Fişer Universitetin saytında.

Fişer izah edib ki, artefaktların yarısı qonşu mədəniyyətlərdən, məsələn, Misirdən qızıl və fil sümüyü gətirilib.

“Göy lapis lazuli, tünd qırmızı qranat, mavi və yaşıl firuzə kimi qiymətli daşlar Əfqanıstan, Hindistan və Sinaydan gətirilib”, - deyə Fişer bildirib. “Qəbirlərdə Baltikyanı regiondan gətirilən kəhrəba əşyaları da var”, - deyə o əlavə edib.