QANUNVERİCİLİKDƏ DƏYİŞİKLİK EDİLMƏSİNƏ EHTİYAC VAR
Ölkəmizdə maddi-mədəni irs nümunələrinin qorunması, mühafizəsi və bərpası ilə bağlı xeyli müddətdir ciddi araşdırma aparıram. Qafqazda ən böyük mədəni irs nümunəsi olan Sultanbud kurqanına edilən təcavüzün qarşısının alınması, ərazidə aparılan tikinti işlərinin dayandırılması ilə bağlı atılan addımlar da məhz bu fəaliyyətin bir hissəsi hesab olunmalıdır.
Bakı və Bakıətrafı ərazilər özündə qədim tariximizi əks etdirən çoxsaylı mədəni-irs nümunələrinin daşıyıcısı olduğundan, ilk növbədə, Zirə, Türkan, Buzovna, Bilgəh və Fatmayı kəndlərinin qədim maddi-mədəni irs nümunələri ilə tanış olmağı özümə borc bildim. Bu gün Bakı və Bakıətrafı ərazilər qədim hamamların, məscidlərın, müxtəlif təyinatlı qalaların zənginliyi ilə hər kəsin diqqətini çəkməkdədir. Hazırda Balaxanı və Ramanı qəsəbələrinin qədim hissələrində dövlət səviyyəsində ciddi təmir-bərpa işləri görülür. Bu işlər həm sakinlərin, həm də turistlərin mənafeyi üçün həyata keçirilir. Tikililərin istifadəyə verilməsi və bu ərazilərin turizm marşrutlarına əlavə edilməsi irihəcmli layihələrin tərkib hissəsi hesab edilməlidir.
Bakı və Bakıətrafı ərazilərdə saysız-hesabsız hamamların olması isə ərazidə kök salmış əhalinin mədəni inkişaf səviyyəsinin göstəricisi hesab edilir. Təsəvvür edin ki, əsrlər öncə heç bir elektrik qızdırıcısı olmadan hamamın suyunun və onun binasının qızdırılması, üstəlik, çirkab suların axıdılması mexanizminin quraşdırılması həmin illərdə ən mütərəqqi nailiyyət, həm də əhalinin yüksək mədəni inkişaf səviyyəsini əyani göstəricisi hesab olunurdu.
Bu gün adıçəkilən istiqamətdə dövlət tərəfindən bir sıra ciddi layihələrin icrası həyata keçirilir və keçirilməkdədir. Açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi qədim Basqal qəsəbəsindəki XVII əsrə aid hamamın çox yüksək səviyyədə bərpa edilməsi, eksponatların sərgilənməsində nanotexnologiyalardan istifadə olunması mütərrəqi addımlardan biridir. Bu, həm də ondan xəbər verir ki, maddi-mədəni irsimizə aid nümunələrin bərpası dövlət siyasətinin tərkib hissəsidir.
***
Apardığımız müşahidələr ondan xəbər verir ki, bu sahədə çoxsaylı problemlər öz həllini gözləyir. Bir müddət əvvəl müvafiq dövlət qurumunun “neqativ” xidməti sayəsində problemlər daha da artmış və onların həlli çətin duruma düşmüşdür. Məlum olduğu kimi, ölkə başçısının bilavasitə ciddi və sərt müdaxiləsindən sonra mədəniyyət sahəsində kadr dəyişikliyinin aparılması təqdirəlayiq hal hesab edilməlidir. Mədəniyyət Nazirliyinə, həmçinin nazirliyin müvafiq dövlət xidmətinə yeni təyinat alan kadrların əsas vəzifələrindən biri, həm də cəmiyyətdə qurum barəsində yaranmış neqativi aradan qaldırmaq olmalıdır. Müşahidələr göstərir ki, az müddət ərzində qurum rəhbərləri sözügedən mənfilikləri aradan qaldırmağa müəyyən mənada nail ola biliblər, ancaq görüləsi işlərimiz daha çoxdur.
***
İlk növbədə deməliyəm ki, ziyarət etdiyim kənd və qəsəbələrdəki bir sıra qədim abidələrin sakinlərin həyətyanı sahəsində olması təəssüf doğurur. Sözsüz ki, keçmiş sovet dövründə qədim abidələrimizə ciddi diqqət yetirilməməsi, üstəlik, onların elə öz əllərimizlə tədricən məhv edilməsi, həmin illərdə aparılan dövlət siyasətinin tərkib hissəsi idi. Necə ola bilərdi ki, keçmiş sovet dövrünün qılıncının, hətta tiyəsinin kəsdiyi bir zamanda – ötən əsrin 1950-1960-ci illərində – ərazidəki qədim abidələr həyətyanı sahə kimi istifadə olunurdu?! Çox təəssüf ki, bu həyətlərdə olan abidələrin heç biri həmin sakinlər tərəfindən qorunmayıb, mühafizə olunmayıb. Bir çox vətəndaşımızın da əsas məqsədi həmin abidənin daha sürətlə dağılmasına, bir növ, şərait yaratmaq olub. Onun da əsas məqsədi öz ərazilərini genşləndirmək, özünəməxsus torpaqda daha yaxşı şərait yaratmaq olub.
Fatmayı kəndində olan qədim karvansara, dəvəxana, Bilgəh kəndindəki Seyid Ağa hamamı və digər maddi-mədəni irs nümunələri, o cümlədən məşhur “Tonqal” qalası, Buzovna kəndindəki hamamlar, Zirə qəsəbəsindəki Qələndəriyyə ziyarətgahı bu gün qara günlərini yaşayır. Üstəlik, Buzovna qəsəbəsindəki “Qapapaltarlı qadın” pirini ziyarət etmək müşkül məsələdir – ev sahibi qapını bağlayıb heç kəsi içəri buraxmır.
Beləliklə, onlarca hamamın bu gün baxımsız vəziyyətdə qalması narahatlıq yaradan məsələlərdəndir. Zirə qəsəbəsindəki “El hamamı”nın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa edilməsi, eləcə də burada kəndin tarixinə həsr olunan onlarca eksponatın sərgilənməsi təqdirəlayiqdir. Hamamda ventilyasiya sisteminin qurulmaması isə sərgilənən eksponatların sıradan çıxmaq təhlükəsi deməkdir. İndidən həm hamamın, həm də eksponatların “dərdinə əlac tapılmalı” və onların gələcək nəsillərə olduğu kimi çatdırılması üçün tədbirlər görülməlidir.
***
Bilgəh, Buzovna, Fatmayı kəndlərində yaşı yüzdən artıq olan hamamların vəziyyəti Mədəniyyət Nazirliyinin diqqətində olmalıdır. Təəssüf doğuran fakt budur ki, maddi-mədəni irs nümunələrinə qarşı bu etinasızlıq yerli icra hakimiyyətlərindən də yan keçməyib. Nədənsə, rayon icra hakmiyyəti başçıları bu istiqamətdə üzərilərinə düşən işin mahiyyəti haqqında məlumatsızdırlar. Halbuki rayonun siyasi rəhbərinin əsas vəzifələrindən biri də məhz bu abidələrin mühafizəsinin təşkil edilməsi olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.12.7. maddəsində qeyd edilir: “Rayonun icra başçısı, həmçinin “tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir”.
Bu istiqamətdə vətəndaş mövqeyinin zəif olması, vətəndaş cəmiyyəti təmsilçilərinin təkliflərlə çıxış etməmələri də diqqətdən qaçmamalıdır.
Nəzərə alaq ki, tikilişinə görə paytaxt hamamları Şərq memarlığının inciləri hesab edilir. Hamamlarda ayrıca yuyunma otaqlarının olması, yuyunma otaqlarının döşəməsinin altında quraşdırılmış xüsusi kanallar vasitəsilə isti suyun dövriyyəsi vasitəsilə və ya tüstü ilə isidilməsi memarlıq abidəsinin, həm də mənəvi çəkisini xeyli artırırdı. Etiraf edək ki, milli memarlıq ənənələri hamam tikililərində özünü daha qabarıq göstərmişdir. Qeyd edək ki, Bakı hamamlarında suyu isitmək üçün hovuzun altında və yan tərəfində tağ-tavan örtüklü "külxan" adlanan xüsusi qurğu quraşdırılırdı. Fatmayı, Bilgəh və Buzovna kəndlərindəki hamamlarda bu sistemin izləri bu gün də qalmaqdadır.
***
Bəs niyə maddi-mədəni irsimizə edilən təcavüzün qarşısını vaxtında ala bilmirik? Üstəlik, mövcud olanları ciddi-cəhdlə qoruyub gələcək nəslə çatdırmaq, bərpa edib hansısa xidmət sahəsi və təsərrüfat hesablı müəssisə yaratmaq əvəzinə, həm də irs nümunəsinin saxlanılması xərcini əldə etmirik.
Sözsüz ki, ilk növbədə, istər sakinlərin, istərsə də RİH təmsçilçilərinin, xüsusilə də icra başçılarının bu sahəyə diqqətinin artırılması üçün daha ciddi addımların atılmasına ehtiyac var. Ən əsası, qanunvericilik baxımından ciddi sanksiyaların, cərimələrin tətbiqi həyata keçirilməlidir. Təsəvvür edin, istənilən maddi-mədəni irs nümunəsinə dəymiş ziyanın səbəbkarını maksimum yüzmanatlıq cərimə gözləyir. Necə ola bilər ki, bir ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunamüfaviq olaraq minimum 1 000 manatlıq cərimə yazır. Həmin qurum qədim maddi-mədəni irsimizə qarşı cinayət əməli törədən şəxsə, məmura və icra başçısına cəmi 100 manatlıq cərimə kəsir? Bu, əslində bir boşluqdur: müəyyən mənada mədəni irsimizə qarşı neqativə köklənmiş insanlar bundan istifadə edir və “sevincək” 100 manatını verib cinayətini törədir və rahatlıqla ört-basdır edir. Belə olan halda, problemin həllində Mədəniyyət Nazirliyi və onun müvafiq dövlət xidməti aciz qalır və hüquqi baxımdan hər hansı addım ata bilmir. Vəziyyətdən çıxış yolu kimi, ilk növbədə, qanunvericiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Yəni cərimə məbləğlərinin həcmini artırmaqla onu ən yüksək həddə tətbiq etmək lazımdır ki, cinayət törədilməsinə səy göstərilməsin.
Bununla yanaşı, bütün maddi-mədəni irs nümunələrinin müayinə edilərək, bərpası mümkün olanının siyahısı tutulmalıdır. Yəni maddi-mədəni irs nümunəsi bərpa edilərək boş saxlanılmamalıdır.
Etiraf edək ki, İçərişəhərdəki qədim karvansara xidmət müəssisəsi kimi fəaliyyət göstərməsəydi, qədim abidəmiz bu səviyyədə, sözsüz ki, qalmayacaqdı. Bu təcrübə bütün dünya ölkələrində tətbiq edilir. Bununla həm mədəni irs numunələri qorunur, mühafizə olunur, həm də büdcəyə əlavə maliyyə vəsaiti daxil olur. Qeyd edim ki, ziyarət etdiyim qədim abidələrin bir çoxunu həqiqətən bərpa edib yaşatmaq mümkündür. Sadəcə, bu proses konkret proqram əsasında həyata keçirilməli, mənfi təzahürlərə yol verilməməli və əsas məqsədimiz qədim və zəngin irsimizi gələcək nəsillərə çatdırmaq olmalıdır.
Bu işdə Mədəniyyət Nazirliyinin üzərinə böyük məsuliyyət yükü düşdüyündən, hər kəs bu prosesə öz dəstəyini göstərməli, nazirlik isə bu dəstəyin vaxtında verilməsinə şərait yaratmaqdan çəkinməməlidir.
Vüqar Tofiqli