“Media qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayır” - Baxrom Aşrafxanov

15:25 23.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Özbəkistanın Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib. Özbəkistanın ölkəmizdəki Səfirliyinin təşkil etdiyi tədbirdə Azərbaycanın bir sıra KİV subyektlərinin təmsilçiləri, o cümlədən MEDİA Agentliyinin sədri Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış jurnalistlər, iki ölkə arasında əlaqələrin inkişafına töhfə vermis digər şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov qeyd edib ki, Özbəkistanın Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Gününə həsr olunmuş bugünkü tədbir dərin məna və əhəmiyyət daşıyır.

“İkiqat sevindirici haldır ki, bu hadisə tarixi əlamətdar bir dövrdə - təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qəhrəmanı olan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğu bir ildə baş verir. Özbəkistanda hər il iyunun 27-də qeyd olunan KİV işçilərinin peşə bayramı Özbəkistan Respublikası Prezidentinin 1993-cü il 24 iyun tarixli “Mətbuat və KİV işçiləri gününün təsis edilməsi haqqında” Fərmanı ilə təsis edilib. Bu il biz bu bayramın 30 illiyini geniş şəkildə qeyd edirik. Lakin əslində bu əlamətdar tarix kifayət qədər uzun dövr keçib. Belə ki, 1906-cı il iyunun 27-də respublikamızın mətbuat tarixində parlaq iz qoyan ilk özbəkdilli “Tərəqqi” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Ona görə də əminliklə deyə bilərik ki, bu gün biz özbək mətbuatının anadan olmasının 117-ci ildönümünü qeyd edirik” deyən səfir bildirib ki, Azərbaycanda olduğu kimi, bu gün özbək mətbuatı da Özbəkistanın dövlət siyasətinin təbliğində, mühüm hadisə və faktların, ölkəmizin həyatının bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatların yerli və beynəlxalq ictimaiyyətın məlumatlandırılmaslnda mühüm rol oynayır.

“Sevindirici haldır ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatlar və aşkarlıq siyasəti sayəsində son 6 ildə ölkəmizdə Özbəkistan Respublikasının Konstitusiyası ilə elan edilmiş söz azadlığı və vətəndaşların məlumat almaq hüququ prinsiplərinin həyata keçirilməsini, informasiya sahəsinin dinamik və sərbəst inkişafını təmin edən səmərəli qanunvericilik bazası formalaşdırılıb” deyən səfir bildirib ki, bu gün Özbəkistanda ictimai, qeyri-dövlət qurum və strukturlarının informasiya sahəsində sərbəst fəaliyyətinin həyata keçirilməsi üçün lazımi təşkilati, hüquqi, texniki şərait yaradılıb. Eyni zamanda, dövlət tərəfindən azad və müstəqil KİV-in inkişafına, cəmiyyətdə məlumat azadlığına və fikir plüralizminə, informasiya məkanında rəqabət mühitinin formalaşdırılmasına dəstək təmin edilir, KİV-ə güzəşt və üstünlüklər verilir.

Diplomat qeyd edib ki, eyni zamanda, Özbəkistanda qeyri-dövlət mediasına dəstəyin verilməsi üçün, onların maddi-texniki bazasını və kadr potensialını gücləndirmək üçün bir sıra ictimai təşkilatlar yaradılıb. Onların arasında Milli Kütləvi İnformasiya Vasitələrinə Dəstək və İnkişaf İctimai Fondunun fəaliyyətini xüsusi qeyd etmək olar.

Səfir Aşrafxanov bildirib ki, statistikaya əsasən, bu gün Özbəkistanda 632 qəzet, 623 jurnal, 18 xəbər bülleteni nəşr olunur, 84 telekanal, 32 radio kanalı, 6 xəbər agentliyi, 745 inernet nəşrləri (veb-sayt) yayımlanır, kütləvi informasiya vasitələrinin ümumi sayı isə 2140 təşkil edir.

“Özbəkistan Respublikasının rəhbərliyi tərəfindən dövlət idarə və təşkilatlarının mətbuat xidmətləri vasitəsilə ictimaiyyətin vaxtında və obyektiv məlumatlandırılmasına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət orqanlarının və şirkətlərin bütün mətbuat xidmətlərinin rəhbərləri statuslarına görə nazir müavinləri ilə bərabərləşdirilir, mətbuat xidmətinin işçilərinin əməkhaqqının üstünə isə 50 faiz əlavə ödəniş verilir. Bütün dövlət strukturlarının ictimaiyyəti ilə səmərəli ünsiyyətin qurulması sayəsində Özbəkistan əhalisi maraq doğuran məlumatlara asan və vaxtında əldə etmək imkanına sahibdirlər” deyən səfir Azərbaycanın mediaya dəstək sahəsində uğurlarını da qeyd edib.

Deyib ki, onlar bu istiqamətdə aparılan mühüm islahatları, o cümlədən medianın inkişaf etdirilməsi və onlara hər cür dəstəyin verilməsi üçün nəzərdə tutulmuş “KİV haqqında” qanunun qəbulunu və Medianın İnkişafı Agentliyinin yaradılmasını alqışlayırlar.

Azərbaycan rəhbərliyinin jurnalistlərin sosial dəstəyi ilə bağlı səyləri alqışlayan səfir Aşrafxanov, “Güzəştli mənzil” proqramı vasitəsilə jurnalistlərin mənzillə təmin olunmasını, eləcə də KİV-in İnkişafı Agentliyinin keçirdiyi müsabiqə seçimlərində qalib olan mətbuat orqanlarının inkişafına vəsaitin ayrılmasını nümunə göstərib.

Mühüm hadisələri və faktları çox fəal və operativ işıqlandıran, xarici siyasətin təbliğində dövlət orqanlarına köməklik göstərən, diplomatları isə bütün mühüm yeniliklərlə xəbərdar edən Azərbaycan jurnalistlərinin işindən çox təsirləndiyini deyən səfir bildirib ki, Azərbaycan jurnalistlərinin öz canları bahasına işlərini gördükləri halları tarix xatırlayır. O, bu münasibətlə ədalət, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Çingiz Mustafayevin, Məhərrəm İbrahimovun, Sirac Abışovun və başqalarının əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyib.

“Biz əminik ki, jurnalistika və media dövlətlər arasında, bizim vəziyyətdə isə qardaş Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Siz jurnalistlərin sayəsində, özbək, Azərbaycan ictimaiyyəti, ümumiyyətlə, beynəlxalq ictimaiyyət ölkələrimiz arasında münasibətlərin necə sürətlə inkişaf etdiyini görür, Azərbaycan prezidenti, möhtərəm İlham Əliyevin ötən il Özbəkistana üç səfərinin necə həyata keçirildiyi haqda, eləcə də bu il mart ayında Özbəkistan prezidenti, hörmətli Şavkat Mirziyoyevin Azərbaycana yüksək səviyyəli səfəri barədə məlumatlandırırlar. Ümidvaram ki, Özbəkistanla Azərbaycan arasında gələcəkdə baştutacaq bütün yüksək dərəcədə və ali səviyyədə əlaqələr eyni miqyaslıqla işıqlandırılacaq” deyən səfir bu il aprelin 30-da Özbəkistan Konstitusiyasının yenilənməsi ilə bağlı keçirilən ümumxalq səsverməni işıqlandıran azərbaycanlı jurnalistlərin əməyini ayrıca qeyd edib. Əminliklə qeyd edib ki, iyulun 9-da Özbəkistanda keçiriləcək prezident seçkilərinin işıqlandırılması da eyni fəallıqla həyata keçiriləcək.

“Bu siyasi hadisə nəyinki bizim, çəkinməyərək deyə bilərəm ki bütün türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edir, çünki seçkilərin nəticələri Özbəkistan dövlətinin daxili və xarici siyasətini müəyyən edəcək, respublika ilə Azərbaycanın xüsusi yer tutduğu xarici dövlətlər arasında əlaqələrin gələcək inkişafının zəmanətinə çevriləcək”, - deyib səfir Aşrafxanov.

Diplomat çıxışının sonunda qeyd edib ki, “Özbəkistanın Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Günü bizim ümumi bayramımızdır, çünki jurnalistlərin fəaliyyətinin miqyası bir dövlətin hüdudlarından olduqca kənara çıxır və artıq qeyd etdiyim kimi , medianın işi dövlətlərarası əlaqələrin inkişafına töhfə verir”.

Səfirin çıxışından sonra Özbəkistanla Azərbaycan arasında qardaşlıq əlaqələrinin inkişafına töhfə verən ümumilikdə 8 nəşr və 21 jurnalist müxtəlif kateqoriyalar üzrə təltif olunub.

Təltif olunanlar arasında “Həftə içi” qəzetinin redaktoru Vüsal Tağıbəyli də var. O, "Özbəkistan haqqında marifləndirici kitabın müəllifi" nominasiyasında diplom və hədiyyə ilə mükafatladırılıb.

P.S. “Həftə içi” qəzetinin və Hafta.az xəbər saytının kollektivi olaraq özbəkistanlı mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq. Eləcə də Azərbaycan jurnalistlərinin əməyini dəyərləndirdikləri üçün Özbəkistanın ölkəmizdəki səfiri cənab Baxrom Aşrafxanova və səfirliyin bütün əməkdaşlarına təşəkkür edirik.