Məlum olduğu kimi, bir neçə gün öncə Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib. Aksiyaya səbəb yeni direktor təyinatı olub. Məlumata görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb ediblər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildiriblər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb.
Zaqatalada orta məktəbə direktor təyinatından sonra başlayan etirazlara Şəki-Zaqatala Təhsil İdarəsi cavab verib: “Bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda məsələ araşdırılır”.
Xatırladaq ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Yeni direktor Məhnurə İsmayılova isə bu təyinata qədər Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib.
Qeyd edək ki, əslində baş verən bu hadisə yeni direktorlarla bağlı qeydə alınan ilk insident deyil. Azərbaycanda zaman-zaman məktəb direktorları ilə bağlı bu kimi problemlər yaşanır. Bir müddət əvvəl Naxçıvanda da buna oxşar hadisə qeydə alınmışdı və müəllimlərin, eləcə də valideynlərin etirazından sonra yeni direktorla bağlanan əmək müqaviləsinə xitam verilmişdi.
Bəs, görəsən, bu kimi hadisələrin baş verməsinə səbəb nədir? Bu cür etiraz aksiyaları məktəb direktorları ilə bağlı qəbul olunan qərarlara nə dərəcədə təsir göstərir? Ümumiyyətlə, Azərbaycanda məktəb direktorları hansı kriteriyalar əsasında şeçilir?
Mövzunu qəzetimizə şərh edən təhsil eksperti Kamran Əsədov deyir ki, Elm və Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi qaydaları yeni formatda həyata keçirilir:
“Tətbiq edilən qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilir. Müsabiqəni uğurla keçənlər sonda bu vəzifəyə təyin olunurlar. Direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilmək hüququ verilib. Bundan başqa əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər. Bu qaydalar 2013-2020-ci illər üçün uğurlu idi. Çünki həmin vaxt imtahan sualları, müsabiqənin keçirilməsi, müsahibə mərhələsi daha şəffaf idi. Amma bu gün vəziyyət tamamilə dəyişib. Həm imtahanların məzmunu, həm strukturu ilə bağlı ciddi problemlər mövcuddur. Artıq mövcud qaydalar belədir ki, test imtahanı verirlər, sonra da məktəbdən xəbərsizlər müsahibə edir və təyin edirlər. Tutaq ki, şagird sayı 150-ə qədər olan məktəblərə direktor təyinatı Regional Təhsil İdarələri tərəfindən kefləri və maraqları müqabilində həyata keçirilir. Son günlər bəzi məktəblərə məhz direktor təyinatından sonra baş verən etirazlar mövcud qaydalara dəyişikliklər tələb edir”.
Ekspert yeni direktor təyinatı zamanı baş verən hansısa narazılıqların qəbul olunan qərarlara təsirsiz ötüşmədiyini də qeyd edib:
“Təbii ki, bu kimi aksiyalar sonradan qəbul olunan qərarlara təsir göstərir. Biz müşahidə edirik ki, bəzən nazirlik araşdırma aparmadan etirazçıların tələblərini qəbul edir və yeni direktorla bağlı qərar dəyişdirilir. Bu doğru addım deyil. Bu da da onu göstərir ki, nazirliyin nəzarət və yaxud tədqiqat əməkdaşları öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Belə yanaşma gələcəkdə ciddi problemlərə yol aça bilər. Yəni, insanlar qərarlara təsir göstərə bilmək üçün etiraza əl atacaqlar. Və bu da təhsilin fəaliyyətini, normal tədrisi pozacaq. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi qərarları qəbul edərkən ciddi olmalı və düşünərək qərarlar qəbul etməlidir”.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov bildirib ki, Zaqataladakı məktəblə bağlı araşdırma nə qədər tez başa çatdırılarsa, etirazçılara və ictimaiyyətə qəbul edilən qərar barədə nə qədər tez məlumat verilərsə, məsələnin həlli də bir o qədər tez çözülmüş olar. Onun sözlərinə görə, məsələnin nizama salınması qəbul ediləcək qərarın nə dərəcədə obyektiv olub-olmamasından asılıdır:
"Yəni, araşdırma tam başa çatmayana və müvafiq qərar qəbul olunmayana qədər, hər hansı bir konkret fikir söyləmək obyektivlikdən kənar olub, söz demək xatirinə söz demək anlamına gələ bilər. İlkin olaraq təkcə onu deyə bilərəm ki, əgər yeni direktor çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş məktəbin əvvəlki direktorunun yerinə gəlibsə, bu halda aksiyanın qabaqcadan planlaşdırılması da istisna olunmaya bilər. Çünki, bu kimi hallarla təhsil praktikamızda heç də az üzləşməmişik. Digər bir məsələ yeni direktorun vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlamasıdır. Bu da bizim bir çox rəhbər işçilərimiz üçün xarakterik hal olub, heç də yeni metod sayıla bilməz. Bizlərdə bu, adətən “köhnə bazara təzə nırx” qoymaq kimi qəbul edilir və bir çoxları tərəfindən həzm olunmur. İstənilən halda ciddi araşdırılmalıdır ki, yeni direktor tərəfindən heç “üçü çıxmamış" tətbiq etdiyi “yeni qadağalar” nədir, bunların birbaşa təhsil qanunvericiliyi ilə əlaqəsi varmı, yoxmu... Yəni, etiraz var deyə direktoru işdən azad etmək də ədalətsizlikdən başqa bir şey olmayıb, sadəcə “gözə kül üfürmək”dən başqa bir anlama gəlməz. Yox, əgər bu qadağalar yeni direktorun ilk gündən "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipindən irəli gəlirsə, bu məsələnin başqa tərəfidir və müvafiq ölçü götürülməsi üçün əsaslı şərtdir".
Təhsil ekspertinin sözlərinə görə, istənilən halda araşdırmanın nə ilə sonunclanacağından asılı olmayaraq məlum olanı odur ki, məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında müəyyən boşluqlar var və bunlar aradan qaldırılmadıqca bu kimi halların baş verməsi qaçılmaz olacaq: "Məktəb elə bir sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz. Məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Elə ona görədir ki, orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır".