Mənim elim, mənim evim, qardaş ölkəm Türkiyə

21:50 13.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tam bir illik pandemiya dövründə ilk dəfədir ki, ölkə sərhədlərindən kənara səfər etmək şansı qazandım. Qardaş Türkiyə dövlətini - ikinci vətənimi, öz millətimi ziyarətə yollandım. Özü də bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə. 

Türk Hava Yollarına məxsus təyyarə Avropanın ən böyük aeroportu olan İstanbul hava limanına enəndə saat 11 olardı. Hə, bu arada, hava limanını tərifləməyə söz tapmaq mümkünsüzdür, o qədər böyük və möhtəşəmdir ki... Pandemiya vəziyyəti olsa da, limanın ərazisində sıralanmış saysız-hesabsız təyyarələr bu möhtəşəmliyi daha da qabardır. Fərqli xaqların nümayəndələri olan turistlərin iri çemodanları dartaraq apardığı ucsuz-bucaqsız salonlarda da ki, sözün əsl mənasında qayda-qanun hökm sürür. Termal kameralar insanları izləyir, kimdə yüksək hərarət var, onu müəyyənləşdirir. Polis və digər məsul işçilər isə maskasız yolçuları müəyyənləşdirir, adamlar arasında məsafənin qorunmasını təmin edirlər. Bir sözlə, dünyanın harasından olur-olsun, Türkiyəyə gələn turistlər üçün ilk qapı olan hava limanında Covid-19 təhlükəsindən qorunmaq üçün maksimum şərait yaradılıb.

Hava limanından şəhərə çıxışda bizi bələdçimiz olan Orçun bəy gözləyirdi - savadlı, dünyagörüşlü, insan kimi də mehriban, dürüst. Media qrupumuzdan hər birimizin çoxsaylı suallarını elə səbrlə cavablandırırdı ki... Beləliklə, bizi İstanbulda qonaqlayacaq beşulduzlu “Novotel”ə aparacaq avtobusa mindik.

Turistləri koronavirus təhlükəsindən qorumaq üçün həyata keçirdikləri üsullardan birini də avtobuslarda tətbiq edib Türkiyə hökuməti. Deməli, oturacaqlar qoşa olsa da, orada sadəcə bir turist otura bilir. Yəni iki nəfər yan-yana otura bilməz – məsafə qorunur. Hər bir sərnişin-turist üçün oturacağın üzərinə Covid-19 təhlükəsinə qarşı önləyici vasitələr – maska, tibbi spirt, antibakterial nəm solfetka, antibakterial maye sabun, antibakterial əl təmizləyici krem və quru, partlayan dərini nəmləndirən xüsusi kremdən ibarət paket qoyulur.

Otelə yerləşəndən sonra ilk görüşümüzü elə buradaca, Türkiyə Turuzim Təşviqi və İnkişafı Agentliyinin meneceri Məhməthan Kelkitlə keçirdik. Türkiyədə turizmin müasir vəziyyəti və pandemiya şəraitində bu sahənin inkişafı məqsədilə icra olunan planlardan söz açan cənab Kelkit bildirdi ki, hazırda ölkəsində turizmi təşviq etmək üçün Güvənli Turizm Sertifikatlaşdırma Proqramı icra olunur. Məhz bu proqram əsasında tətilini Türkiyədə keçirən türk vətəndaşlarına və əcnəbi turistlərə nəqliyyatdan qonaqlamaya, otel işçilərindən yolçuların sağlıq durumunadək çox geniş sahədə bir sıra tədbirlər həyata keçirilir. Bu il yanvarın 1-dən etibarən də sayı 30 və daha çox olan qonaqlama təsisləri (otellər, qonaq evləri və digər bu məzmunlu yerlər – V.T.) məcburi, otaq sayı sayı 30-dan az olan təsislər isə könüllülük əsasında sertifikat almaq istəyən beynəlxalq akreditasiya qurumlarına müraciət edə biləcəklər.

“Dünyadakı ilk nümunələrdən biri olan “Güvənli Turizm Sertifikatlaşdırma Proqramı”, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Səhiyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin dəstəyi və bütün sektor ortaqlarının əməkdaşlığı ilə hazırlanıb. Konaqlama, yemək-içmək təsisləri, tur və transfer vasitələri, konqres və sənət təsisləri, mexaniki xətlər və dəniz turizmini ayrı-ayrı meyarlar çərçivəsində, beynəlxalq standartlar əsasında yoxlayaraq, Güvənli Turizm Sertifikatlaşdırmasını verməyə səlahiyyətli olan akreditasiya firmaları, müraciət edən təsislərə mütəmadi olaraq yoxlama göndərib, tələblərə uyğun hidmət verilib-verilmədiyini araşdırmalıdır” deyən menecer əlavə etdi ki, ölkəyə gələn turistlərin tibbi və qonaqlama müstəvisində sığortalanması vacibdir. Çünki, məsələn, ölkəyə gələn hansısa turist koronavirusa yaxalanarsa, əgər o, sığorta edilibsə, o zaman müalicəsi Türkiyədə aparılır və qonaqlama sığortası da olunubsa, onun əvvəl yerləşdiyi oteldə iki həftə qalmaq şansı olur. Yəni sığorta onun xərclərini ödəyir. Yox, əgər sığorta olunmayıbsa, o zaman təsadüfən xəstələndiyi halda öz hesaabına müalicə ediləcək və ya otelə əlavə haqq ödəyəcək.

M.Kelkit Türkiyədə pandemiya ilə mübarizə sahəsində tətbiq etdikləri maraqlı bir tərzdən də söz açdı. Dedi ki, Kovid-19 xəstəliyinin qarşısını almaq, bunun üçün virusun yayılmasını önləmək məqsədilə Türkiyənin bütün ərazisində maraqlı bir üsuldan istifadə edilir. Məsələn, tutaq ki, Çengiz adlı şəxs Covid-19-a yaxalanıb. Ondan soruşulur ki, bu gün haralara gedib, kimlərlə görüşüb və sair. Əgər desə ki, məsələn, məhəllədə dükana gedib, filan-filan adamlarla təmasda olub, mütləq nümayəndələr həmin dükana gedəcək, dediyi adamları tapacaq və onlar hamılıqla karantin altına alınacaqlar. Bu da virisin gündəlik artımının qarşısını almaqda çox müsbət effekt verib.

Təqdimatçımız dedi ki, hazırda Türkiyədə xəstəliyin öhdəsindən gəlmək üçün böyük potensial mövcuddur və hətta ölkəsi bu sahədə dünyanın əksər inkişaf etmiş dövlətlərindən daha üstün mövqeyə sahibdir. “Hazırda Türkiyədə 165 min həkim var, eləcə də dünya standartlarına uyğun 1524 xəstəxana fəaliyyət göstərir. Pandemiya üzrə ixisaslaşmış xəstəxanalın sayı isə 563-dür. O cümlədən, Türkiyənin 81 vilayətinin hər birində pandemiya üzrə ixtisaslaşmış xəstəxana mövcuddur. Bu da imkan verir ki, ölkənin ucqarlarında koronavirusa yoluxan vətəndaş yerindəcə müalicə olunsun".

M.Kelkit pandemiya müddətində Türkiyədəki otellərin vəziyyətindən danışarkən dildirdi ki, əvvəlki illərdən fərqli olaraq Kovid-19-la bağlı olaraq ölkəyə gələnlərin sayı ən azı üç dəfə azalıb. Amma əslində Avropadakı turizm mərkəzi sayılan dövlətlərlə müqayisədə ölkəsində vəziyyət daha qanedicidir. “Düzdür, Avropada, məsələn, Almaniya hökuməti öz vətəndaşlarına Türkiyəyə deyil, Yunanıstana, İtaliyaya, İspaniyaya və sair səfər etmələrini tövsiyyə edir. Niyə, həmin ölkələr avro məkanına daxildir və ona görə də insanlar sadəcə, Avropa İttifaqı sərhədləri daxilində iatirahətə üstünlük verməlidirlər. Təbii ki, bu yanaşmada siyasi çalarlar özünü açıq göstərməkdədir. Amma bütün bu əngəllərə rəğmən 2020-ci il pandemiya dövründə Türkiyəyə 16 milyon turist gəlib. Hansı ki, onların ən çoxu Rusiyadan, Ukraynadan, Almaniyadan, Böyük Britaniyadan, Skandinaviya ölkələrindən və sair təşrif buyurub. Çünki, Türkiyədə bir turistə lazım olan hər şey – dəniz, günəş və qum var, eləcə də yaşıl meşələrlə örtülü dağlar, çaylar, göllər, tibbi turizm, qış turizmi və sair – hər şey mövcuddur. Üstəlik, Türkiyədə bir turistin istirahət xərcləri Avropada xərcləyəcəyi puldan xeyli aşağıdır. Amma bu birmənalıdır ki, Türkiyə otellərində xidmətin səviyyəsi dünyanın istənilən ölkəsinin otellərində göstərilən xidmətdən çox yüksəkdir”, - agentliyin meneceri cənab Keltik dedi.

M.Keltik, ölkəsində pandemiya dövründə turistlərin rahatlığı və vaxtını mənalı keçirməsi üçün mütəmadi şəkildə turizm sektoru təmsilçilərinin, o cümlədən, otelçilərin fikir və təkliflərini nəzərə aldığını dedi. “Məsələn, hökumətin aldığı qərara əsasən həftə sonları hər yer, o cümlədən də turizm müəssisələri qapalıdır. Amma bu, qış turizmi sektorunda bir az sıxıntı yaratdı. Çox sayda insan xizək sürmək üçün getdiyi dağlarda çıxılmaz qaldı. Bu zaman hökumət qərarında düzəliş edərək yasağı xizəksürmə sektorunun üstündən götürdü. Bundan başqa, məsələn, günü bu gün bütün şəhərlərimizdə, o cümlədən İstanbulda sərt karantin rejimi hökm sürür, vətəndaşların evlərindən çıxması yasaqdır və bu yasağı pozmağa cəhd edənləri sərt cəzalar gözləyir. Amma turistlər üçün sıxıntı yaranmasın deyə, onlar karantinin sərt cəzasından kənar saxlanılır. Məsələn, siz bələdçinizin rəhbərliyi ilə bütün şəhəri gəzib-dolaşa biləcəksiniz” deyən cənab Keltik hökumətin bu istisna qərarını əsaslandıraraq bildirdi ki, karantin yasağı ilə əlaqədar küçələr tamamilə boş qaldığı üçün kiçik qruplarla gəzməyə çıxan turistlərin koronavirusa yoluxmaq təhlükəsi minimuma enir. Bu səbəbdən də hökumət turistlərin ölkə ərazisində rahat istirahətini təmin edib.

M.Keltiklə görüşdən sonra oteldəcə nahar edərək, bu gün olduğu kimi, həftə sonları insan səsinə qəribsəyən qədim və əzəmətli İstanbulu gəzmək üçün boş, amma füsunkar küçələrinə üz tutduq...

 

Bakı-İstanbul

Oxunma sayı 3625