Bu gün Azərbaycan Milli Kitabxanasında "Azərbaycanda Özbəkistan mədəniyyəti günləri" çərçivəsində "Özbəkistan ədəbiyyatı guşəsi"nin açılışı oldu.

Hafta.az-ın yazdığına görə, ev sahibi olaraq Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, Yazıçılar Birliyinin sədri Anar, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Mətbuat Şurasının sədri Rəşad Məcid və digər rəsmi şəxslər iştirakı ilə gerçəkləşən açılış mərasimində Özbəkistanın məşhur ədibi Abdulla Qədirinin "Ötən günlər" əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimatı da keçriilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistanın iki qardaş xalqları arasında çox qədimdən sıx əlaqələr mövcuddur və bu da təbidir.

“Bu gün kitabxanamızda aılışına yığışdığımız Özbəkistan ədəbiyyatı guşəsi əslində çoxdan fəaliyyət göstərir. Ancaq bu gün təqdimatını keçirdiyimiz özbək ədəbiyyatının məşhur siması Abdulla Qədirinin Azərbaycan dilinə tərcümə olunaraq çap edilmiş əsəri bu guşəni daha da zənginləşdirəcək” deyən cənab Tahirov məlumat üçün əlavə edib ki, hazırda kitabxananın Özbəkistan ədəbiyyatı guşəsində Özbəkistan prezidenti Şovkat Mirziyoyevin Azərbaycanın dövlət başçısı İlham Əliyevə hədiyyə etdiyi bu 30 cildlik Özbəkistan Mədəniyyəti toplusu da sərgilənir.

Çıxış edən Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov bildirib ki, eyni soykökə malik qardaş xalqlarımız arasında çox qədim mədəni bağlar mövcuddur. O cümlədən, ölkələrimiz və xalqlarımız arasında ədəbi əlaqələri gücləndirən ən vacib amillərdən birinin məhz ədəbiyyat və ədəbiyyatçılar olduğunu dilə gətirən nazir Nazarbekov qeyd edib ki, yüzillər boyunca özbək və Azərbaycan xalqları bir-birinin ədəbiyyatının inkişafında yaxından iştirak ediblər. Bunun ən bariz nümunəsi kimi, Azərbaycanın və Özbəkistanın dahi şairləri Nizami Gəncəvi və Əlişir Nəvai Türk dünyasının ədəbiyyatına öz əvəzolunmaz töhfələrini verib.

“İndi də bu ənənə davam etdirilir və gələcəkdə də xalqlarımız mədəni müstəvidə birlik nümayiş etdirəcəklər. Özbəkistanda və Azərbaycanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi hər iki qardaş xalqın bir-birinin tarixi, mədəniyyəti və ənənələri ilə yaxından tanış olmasına böyük imkanlar yaradır”, - deyib nazir Nazarbekov.

Nazir 1-4 avqust tarixlərində Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin keçirildiyini xatırladıb və bildirib ki, hazırda toplaşdığımız tədbir də iki ölkə xalqlarının daha sıx inteqrasiyasında öz töhfəsini verəcək.