Misirdə əhali artımını azaltmaq üçün qərar: al pulunu, 2 uşaq bəsindir

11:14 17.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əhali artımına qarşı mübarizə çərçivəsində Misir hökuməti ilk dəfə olaraq “Misir ailələrini maksimum uşaq sayına həvəsləndirmək məqsədi daşıyan maliyyə stimulları” proqramını təsdiqləyib. Baş nazir Mustafa Medbuli Misir Ailəsinin İnkişafı Milli Layihəsində maliyyə təşviqi proqramı ilə bağlı Planlaşdırma və Maliyyə Nazirlikləri arasında əməkdaşlıq protokolunun imzalanması mərasimində iştirak edib.

Hafta.az-ın yazdığına görə, maliyyə naziri Məhəmməd Mait proqramdan söz açarkən Maliyyə Nazirliyinə istinadən deyib ki, ən çox iki uşağı olan hər evli qadın ildə min cuneyh (1 dollar-30,9 cuneyh) ala bilər. Amma bu vəsait qadın 45 yaşını tamamlayanadək toplanacaq və sonra onu bütöv şəkildə alacaq. Bir məsələ var, qadın üçüncü uşağını dünyaya gətirərsə, bu məbləği tələb etmək hüququnu itirəcək.

Qeyd edək ki, əhalinin artımı məsələsi 1960-cı illərdən bəri Misir rəhbərliyinin gündəliyində olub. Misir prezidenti əhali artımının təhlükələri barədə əvvəllər də dəfələrlə xəbərdarlıq edib. Keçən ilin sonlarına doğru yeni Əl-Mənsurə şəhərinin birinci mərhələsinin açılışı zamanı o, “Əhalinin artması ölkəni yeyəcək” deyərək, bütün dövlət qurumlarını buna son qoymaq üçün işləməyə çağırıb.

Misirin Planlaşdırma və İqtisadi İnkişaf naziri Hala Səid deyib: "Layihə əhalinin artımına nəzarət etmək və demoqrafik göstəriciləri yaxşılaşdırmaqla vətəndaşların həyat keyfiyyətini yüksəltmək məqsədi daşıyır".

104 milyondan çox əhalisi olan Misir, "ölkə resurslarını tükəndirən" əhalinin artım sürətini azaltmağın yollarını axtarır. Bəzi partiyalar ailənin müəyyən sayda uşağa bağlılığını tələb edən qanunlar istəyir.

BMT-nin Qahirə Əhali Fondunun keçmiş direktoru Dr. Məcdi Xalid hesab edir ki, bu məsələdə qanuna istinad etmək düzgün deyil. "Çin indi əvvəlki təkuşaqlı ailə qərarlarından geri çəkilməyə başlayır" deyib Xalid. O qeyd edib ki, doğum nisbətinin aşağı düşməsi mütləq təhsil səviyyəsinin artması ilə müşayiət olunmalıdır.

Avqust ayında açıqlanan 2021-ci il üçün Misir Ailə Sağlamlığı Araşdırmasının nəticələri təhsil səviyyəsi ilə doğuş nisbətləri arasında əlaqəni ortaya qoyub. Çünki bu, orta və ya daha yüksək təhsili başa vurmuş hər qadına görə doğuş göstəricilərinin 2,6 uşaq, ibtidai təhsili başa vurmayan hər qadına isə 3,6 uşaq kimi qeydə alındığını göstərirdi. İctimai Səfərbərlik və Statistika Mərkəzinin rəsmi məlumatlarına görə, Misir gələcək illərdə doğuş nisbətini azaltmağı və hər qadına 1,6 uşağa çatdırmağı planlaşdırır.

Misirin planlaşdırma naziri bildirib ki, bu məsələ ilə bağlı imzalanan protokol 21-45 yaş arası qadınlara Misir Ailəsinin İnkişafı üzrə Milli Layihədə iştirak etməyə icazə verir. Nazirlik qadınların layihənin şərtlərinə sadiqliyinə vaxtaşırı nəzarət edəcək və bunu yoxlamaq üçün bütün lazımi tədbirləri görəcək, vaxtaşırı yenilənən, layihə üçün xüsusi məlumat bazası yaradacaq və Maliyyə Nazirliyinə layihə vasitəsilə hədəflənən qadınlarla bağlı bütün statistik məlumatları təqdim edəcək.