Misirdə tarixi saraylarda iftar və sahur verildiyini göstərən bir neçə video diqqət çəkib. Bu isə tarixi yerlərin restoran və səs-küylü Ramazan çadırları kimi ictimaiyyətə nə dərəcədə açıla biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Hafta.az-ın yazdığına görə, ötən il Qübbə sarayında şam yeməyi tədbirlərinin təşkili müzakirələrə səbəb olub. Builki Ramazan mövsümündə sosial mediada yayılan Abidin sarayında (Qahirənin mərkəzində yerləşir) eyni mövzuda müzakirələr yenidən gündəmə gəlib. Abidin sarayındakı iftar tədbirlərinin videoları, mövzunun tətbiqi mümkünlüyü və bu yerin tarixi abidələr üçün nə qədər təhlükəli olması ilə bağlı suallar ön plana çıxıb.
Abidin Sarayının içində yerləşən restoran, elektron qaydada öncədən rezervasiya edərək, Ramazan ayı yeməklərini musiqi və mahnıların müşayiəti altında əhaliyə təqdim edir. Restoran əsas yemək, qəlyanaltılar, içkilər və desertlər daxil olmaqla, adambaşına 1800 cuney (təxminən 60 dollar) olan iftar üçün nisbətən yüksək qiymətlər qoyur. İzləyicilərin fikrincə, bu yüksək qiymət arxeoloji sarayın içində yerləşən bu restoranda yemək yeyənlər üçün yüksək iqtisadi və sosial imkan tələb edir.

Misir Antik Əsərlər Ali Şurasının keçmiş baş katibi Dr. Məhəmməd Abdulmaksuda görə, kral saraylarının muzey statusu davam etməlidir. Abdulmaksud, “Dünyanın hər yerindəki kral sarayları çox diqqətli davranılması lazım olan arxeoloji ərazilərdir. Onlar restoran və şadlıq evləri kimi xalqa açılmamalıdır. Bu edilsə, onların tarixi dəyəri nəinki azalacaq, həmçinin strukturları qəza və zədələrə məruz qalar. İçində şam yeməkləri, Ramazan çadırları və ictimai tədbirlər onları bu cür zərərlərə məruz qoya bilər” deyib. Abidin Sarayı Kavalalı Məhəmməd Əli Paşa sülaləsi dövründə tikildiyi üçün Misirin ən dəbdəbəli tarixi saraylarından biri hesab olunur. Arxeoloji və muzey dəyəri ilə yanaşı, Misirdə 1952-ci il İyul İnqilabına qədər bir çox mühüm hadisələrin şahidi olduğu üçün tarixi statusa da malikdir.
Qübbə sarayı da, Kavalalı Məhəmməd Əli Paşa sülaləsi dövründə ən görkəmli kral saraylarından biri və ərazi baxımından ən böyüyüdür. O 1938-ci ilin yanvarında Kral Fərruxun kraliça Fəridə ilə evliliyinin şahidi olub.
Xatırladaq ki, Abidin Sarayında iki ay əvvəl qadınlar üçün moda nümayişi təşkil edilib.
Qahirədə Abidin, Dome, Heliopolis və Tahra sarayları, İsgəndəriyyədə Ras el-Tin və Montaza sarayları Misirin ən məşhur prezident saraylarındandır.
Misir Övladları Partiyası Turizm Ali Komitəsinin sədri Məhəmməd Kərim deyib ki, prezident Əbdülfəttah əs-Sisi bu arxeoloji ərazilərin ciddi nəzarətlə vətəndaşlara təqdim edildiyini vurğulayıb. “O, ötən il Qübbə Sarayının iki mühüm konfransa ev sahibliyi etdiyinə diqqət çəkib. O, Misir xəzinəsinə əhəmiyyətli iqtisadi gəlir gətirən sarayların özəl konsert tamaşaçıları üçün açılmasını dəstəklədiyini və saray turizmindən böyük gəlir əldə edən digər ölkələr kimi Misirin turizmin tanıtımına verdiyi töhfədən söz açıb”, - cənab Kərim deyib.
Qeyd edək ki, Abidin sarayında 2020-ci il Qurban bayramında Kovid-19 epidemiyası ilə əlaqədar gənc müğənni Məhəmməd Adaveya ilə atası, populyar müğənni Əhməd Adaveyanın virtual konserti keçirilib.