ABŞ tərəfindən Karib dənizində ələ keçirilən tankerlərin texniki xidməti milyonlarla dollara başa gəlir. “New York Times”ın təhlili göstərir ki, Donald Tramp administrasiyası tərəfindən ələ keçirilən neft tankerlərinin texniki xidmət xərcləri dövləti "maliyyə böhranı" ilə üz-üzə qoyur.
Hafta.az yazır ki, ABŞ Venesuelaya qarşı hərbi əməliyyatının bir hissəsi olaraq 10 dekabrda “Skipper” tankerini ələ keçirib.
Təxminən 1,8 milyon barel Venesuela xam nefti daşıyan gəminin texniki xidmət dəyəri 47 milyon dollara çatıb. Üstəlik, tankerin dəyəri cəmi 10 milyon dollardır.
Ağ Ev, ehtimal ki, yaxın bir neçə ay ərzində digər xərcləri, əsasən sığorta və heyət xərclərini ödəmək üçün daha 5 milyon dollar xərcləyəcək.
ABŞ Ədliyyə Nazirliyinin yüksək vəzifəli məmuru Cin Pattonun sözlərinə görə, yanacağı tankerdə saxlamaq Vaşinqtona gündə 15 min dollara başa gəlir. Müsadirə edilmiş neftin dəyəri 120 milyon ilə 135 milyon dollar arasındadır.
Lakin Tramp administrasiyası məhkəmənin icazəsi olmadan nefti sata bilməz.
ABŞ administrasiyası tərəfindən tankerin göyərtəsindəki neftin satışına icazə vermək üçün başladılan hüquqi proses davam edir.
Federal prokurorlar bildiriblər ki, satış təsdiqlənərsə, gəlirin bir hissəsi "dövlət tərəfindən dəstəklənən terrorizmin beynəlxalq qurbanlarına" veriləcək.
Tramp administrasiyası Qayana bayrağı altında üzən "Skipper" gəmisini İran, Venesuela və Rusiya kimi sanksiya tətbiq edilən ölkələrdən neft daşıyan "kölgə donanması"nın bir hissəsi olduğu əsas gətirərək ələ keçirib.
Tankerin sahibi Windward Shipmanagement Seyşel adalarında qeydiyyatdadır. Prokurorlar şirkətin ABŞ tərəfindən sanksiya tətbiq edilən 10-dan çox şirkətlə eyni ünvanda olduğunu bildirirlər.
ABŞ administrasiyası indiyə qədər Venesuela ilə əlaqəli ən azı 10 tankeri ələ keçirib və daha neçə tankerin həbsdə qalacağı məlum deyil.
Anonimlik şərti ilə NYT-yə danışan ABŞ rəsmiləri Vaşinqtonun İranla əlaqəli tankerləri də ələ keçirməklə bu fəaliyyəti genişləndirməyi planlaşdırdığını söyləyirlər.
Tramp administrasiyası yüksək texniki xidmət xərclərinə baxmayaraq, ələ keçirmələrin zəruri olduğunu iddia edir. Adının çəkilməsini istəməyən Ağ Ev rəsmisi bildirib ki, onlar "İrana maliyyə ziyanı vurmaq məqsədilə bu əməliyyatları davam etdirəcəklər".