Türkiyənin Burdur vilayətinin Ağlasun rayonundakı Saqalassos antik şəhərində bir vaxtlar romalıların “narahat” ruhları sakitləşdirmək üçün istifadə etdikləri ritualın dəlilləri tapılıb.
Hafta.az-ın “Antiquity”ə istinadən yazdığına görə, qədim şəhərdəki məzarları araşdıran arxeoloqlar ən azı 6 əsri əhatə edən müxtəlif dəfn mərasimlərinə aydınlıq gətirirlər.
Tədqiq olunan qəbiristanlıqlar son Ellinizm dövrünə (e.ə. 150-25-ci illər), erkən imperiya dövrünə (e.ə. 25 - eramızın 100-cü illəri), orta imperiyaya (100 - 300-cü illər) və Son Roma (300 - 475-ci illər) aid edilib. Bu qəbiristanlıqlar arasında mərhumun cəsədinin əvvəlcə yandırılaraq sonra dəfn edildiyi nümunə xüsusi maraq doğurub. Həmin qəbirdə müxtəlif maraqlı əşyalar, o cümlədən qəsdən əyilmiş mismarlar var idi. Ölənlərin külü də əhəng kərpiclə örtülmüşdü.
“Antiquity” elmi jurnalında dərc olunan məqalədə bu təcrübənin ölülərin ruhunu məzarda saxlamaq üçün istifadə edilən bir növ “sehr” ola biləcəyi qeyd olunub. Məqalədə deyilir: “Ölüləri saxlamaq üçün hazırlanmış mismar və kərpiclərin möhürləmə effekti narahat olmayan ölülərin qorxusunu göstərir”.
Belçikanın Leuven Katolik Universitetindən Yohan Kleysin rəhbərlik etdiyi tədqiqat qrupuna görə, mismarlar əslində Qədim Roma qəbiristanlıqlarının ümumi xüsusiyyətidir. Bunlar adətən iki səbəbə görə məzarlara qoyulur: ölüləri axirətdə qorumaq və ya ruhunun geri qayıtmasının qarşısını almaq üçün.
Tədqiqatçılar bildirirlər ki, qəbri örtən qalın plitələr və əhəng təbəqəsi ilə birləşən bu mismarlar ikinci varianta işarə edir. “Əhəngdən qalıqların fiziki bütövlüyünü qorumaq və ya estetik məqsədlə istifadə edildiyinə dair heç bir əlamət yoxdur”, - deyən məqalə belə davam edir: “Çox güman ki, bu əhəng, sağ qalanları ölülərin zərərli təsirlərindən qorumaq məqsədi daşıyan əlavə müdaxilədir”.