Ordumzun keçirdiyi uğurlu əks hücum əməliyyatı nəticəsində Cəbrayil şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad olundu. Bütün ölkə xəbəri bayram ab-havası ilə qarşılasa da, buna xüsusi sevinənlər var idi. Hansı ki onlar 28 ildir üstlərində “məcburi köçkün” statusunu daşıyırdı. Hafta.az-ın əməkdaşı həmin ailələrin birinin sevincinə şərik oldu.
İlk müsahibimiz Füzuli rayonundan olan məcburi köçkün İsgəndərova Təranə deyir ki, 28-ildir Azərbaycan Texniki Universitetinin yataqxanasında yaşayır. Bu illər ərzində hər zaman öz evinə qayıdacağı günə inanıb və arzu edib:
“Mən əminəm ki, bütün məcburi köçkünlər həmin günün tez gəlməyini istəyir. 22 il Füzulidə yaşamışam. Deyərdim ki ora dünyanın ən gözəl yeridir. Suyu “göz yaşı” kimi, dup-duru, təbiəti isə əsrarəngiz. Hələ də gözümün önündən getmir evimizi ilk tərk etdiyim gün. Novruz bayramı ərəfəsi idi. Olacaqlardan xəbərsiz hamı bayram hazırlıqları görürdü. Əhali arasında yayılmışdl ki, ermənilər deyir, “bayram yumurtalarınızı qara rəngə boyayacağıq”. Elə də oldu, 1990-cı il martın 20-də ilk bomba bizim evə düşdü. Füzulinin mərkəzində yaşayırdıq, elə həmin gün də, Qaraxanbəyli kəndində yerləşən digər evimizə getdik, daha sonra isə Bakıya. Burda bir müddət yaşasaq da yenə Füzuliyə qayıtdıq. Ancaq düşmən bu dəfə də bizə aman vermədi ki, öz obamızda yaşayaq. 1993 cü il avqustun 16-dan bu günə burda yaşayırıq.
Təranə xanım deyir ki, ailədə sevinc ikiqatdır. Çünki həyat yoldaşı Cəbrayılın Mehtili kəndindəndir. Kəndlərinin azad olduğunu eşidəndən bu günə ailənin sevincinin həddi-hüdudu yoxdur.
“Dünəndən bura evdə bayram abu-havası var, telefonlarımız isə susmur. Bütün qohumlarla zəngləşib bir-birimizi təbrik edirik. Səbirsizliklə öz doğma yurdumuza qayıdacağımız günü gözləyirik”.
Cəbrayıldan olan digər müsahibimiz Nəriman Kazımovdur. O Cəbrayılın Nüzgar kəndindəndir. Nəriman dayı deyir ki, şad xəbəri oğlundan alıb:
“Mən bu xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. O an hiss etdiyim sevinci sözlərlə təsəvvür edə bilmirəm. “ata bizim də kəndimizi azad etdilər” cümləsi 51 illik həyatımda eşitdiyim ən gözəl söz idi. Arzu edirəm ki, torpaqları hələ də işğal altında olan bütün həmvətənlərim mənim keçirdiyim xoş hissləri keçirsin”.
Bir digər həmsöhbətimiz isə Füzuli rayonunun Alxanlı kəndindən olan Alıyev İmrandır. O söyləyir ki, kəndləri hələ işğaldan azad olmasa da, yaxın zamanlarda bu şad xəbəri eşidəcəyinə inanır, rəşadətli ordumuz və Ali Baş Komandanımız sayəsində:
“Keçən ayın 27-dən bu yana, gözümüz, qulağımız elə hey televizorda qalıb, şad xəbərlər gələcəyinə inanırıq. 1993-cü ildən bu günə, doğma yurd-yuvamdan ayrı yaşayıram. Düzdür burada ailə qurmuşam, övladlarım burada dünyaya gəlib. Amma biz özümüzü hər zaman Füzuliyə aid hiss etmişik”
Elə İ.Alıyevin qardaşı oğlu Orxan da doğma kəndləri haqqında xoş sözlərini bizimlə bölüşdü:
“Sözün düzü mən Fizulidən çıxanda 2-yaşım olub. Ancaq buna baxmayaraq ora haqqında ailəmdən, kitablardan və televizordan kifayət qədər məlumatlıyam. Bilirəm ki, Fizuli gözəl təbiəti ilə həm səfalı, həm də bərəkətli yerdir və biz tezliklə öz doğma yurdumuza qayıdacağıq”.
Elə bizdə inanırıq ki, işğal altında olan bütün torpaqlarımız tezliklə azad ediləcək. Güclü ordumuz, xalqımız və prezidentimiz sayəsində o gün çox da uzaq deyil.