Onlar bilməlidirlər ki, jurnalistika çox çətin sahədir - Cahangir Məmmədli

16:45 22.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər il Milli Mətbuatın ildönümü ərəfəsində onunla söhbətləşməyimiz artıq ənənəyə çevrilib. O, ömrünün 55 ilini Azərbaycan jurnalistikasının inkişafına həsr edib. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. İndi də bu istiqamətdə fəaliyyətini sevə-sevə,  yorulmadan davam etdirir. Söhbət Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, Azərbaycanın tanınmış jurnalisti Cahangir Məmmədlidən gedir. “Həftə içi” qəzetinin müsahibi Azərbaycan jurnalistikasının ağsaqqalı Cahangir Məmmədlidir. 

- Cahangir müəllim, necəsiniz?

- Çox sağ olun, yaxşıyam.

- Qarşıdan Azərbaycan mətbuatının 148-ci ildönümü gəlir. Sizcə, bu gün müasir Azərbaycan mətbuatı “Əkinçi” ənənələrinə sadiqlik nümayiş etdirə bilirmi?

-  Ümumiyyətlə, mətbuatımızın 148 illik tarixi, sözün əsil mənasında böyük bir tarix hesab olunur. Azərbaycan mətbuat tarixinin formalaşmasının xalqımızın həyatında çox böyük bir önəmi var. Düzdür, bizdə Fransa, İtaliya, Türkiyə ilə müqayisədə mətbuatın formalaşması gec başlayıb. Amma buna baxmayaraq çox sürətlə inkişaf edib. Yəni, XIX əsrin ikinci yarısının maarifçiləri, başda Həsən bəy olmaqla cəmiyyəti maarifləndirmək üçün çox böyük çaba göstərdilər. Həsən bəy Zərdabinin buraxmış olduğu qəzetin səhifələrində tərəfsizlik, qərəzsizlik və dəqiqlik prinsipinə necə əməl etdiyini söyləmək olar. Məhz həmin materiallara yenidən diqqət salanda açıq şəkildə görmək olur ki, H.Zərdabi özünün ilk qəzeti ilə Azərbaycanın ilk milli qəzeti tərəfsiz, qərəzsiz və dəqiq informasiyanın tərəfdarı olub. Bu amil də onun təcrübəsində daha geniş anlamda həyata keçirilib. Ona görə də, belə bir addım böyük bir məktəb rolunu oynamış olub. H.Zərdabinin özündən sonra gələn Azərbaycan mətbuatının nümayəndələri bu məktəbdən bəhrələnib. Bundan sonra isə, Azərbaycanda yeni məktəblər meydana çıxdı. Əgər H.Zərdabi məktəbi bir tipoloji fakt olmuşdursa, onun ətrafında yaranan Azərbaycan jurnalistikasının sonrakı inkişafında mətbuatın çox geniş tipoloji spektri yarandı. Hətta elə bir mühit yetişdi ki, 1906-cı ildə Molla Nəsirəddin kimi, böyük bir satirik jurnal meydana çıxdı. Beləliklə də, Azərbaycan mətbuatında satirik jurnalistikanın da əsası qoyulmuş oldu. Bununla yanaşı, "Fyuzat" ədəbi məktəbi yaradıldı. Ona görə də, tam cəsarətlə demək olar ki, 1900-cü illərdə fəaliyyət göstərən mətbuat orqanlarının böyük əksəriyyəti millətə xidmət edən, milli müstəqilliyə çağırış notları ilə çap edilən bu qəzetlərin hər biri bir məktəb rolundadır. Məhz bu məktəbin davamı və nəticəsi Azərbaycan Xalq Cümhuriyyəti deyilən bir faktı ortaya qoymuş oldu. Bu fakt isə Şərq dünyasında birinci olaraq müstəqil respublikanın yaranmasına gətirib çıxarmış oldu.  Sonrakı dövrlərdə isə sovet dövrü mətbuatı meydana çıxmış oldu. Bunu isə sovet jurnalistikası adlandırırdılar. Məhz belə bir absurd və rus jurnalistikasının dəmir senzurası altında 1804-cü ildən 1991-ci ilə qədər davam edən senzuranın altında Azərbaycan mətbuatı fəaliyyətini davam etdirdi. Nəhayət isə, biz mətbuatın dəmir senzura sistemindən tam mənası ilə imtina etdik. 1992-ci ildə qəbul olunmuş KİV haqqında qanun və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası birdəfəlik olaraq senzuranı qadağan etdi. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə birdəfəlik olaraq senzuranın qalıqları tamamilə aradan qaldırıldı. Bu gün Azərbaycanda “Media haqqında” qanun beynəlxalq aləmdə və Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Bu mənada, Azərbaycan jurnalistikasının qanunvericilik bazası da yarandı və bu bazanın əsasında Azərbaycan jurnalistikası böyük sürətlə inkişaf etməkdədir.

Təbii ki, hazırda Azərbaycanda “Əkinçi” ənənələrini davam etdirən, bu ənənəyə sədaqət göstərən çox mətbuat orqanı var. Məsələn, sizin “Həftə içi” qəzeti, “525-ci qəzet”, “Şərq” qəzeti, “Kaspi” qəzeti və. s “Əkinçi” ənənələrinə son dərəcədə sadiqdirlər.  Düzdür, bu gün dünya dəyişir, texnologiya sürətlə inkişaf edir. Bu dəyişim sistemində ənənələrə sədaqət göstərənlər də, göstərməyənlər də var. Jurnalistikaya qeyri-peşəkarlar, hətta onların arasında orta məktəbi tam bitirməyənlər də var. Amma biz müşahidə edirik ki, onlar ələnirlər, sayları ilbəil azalır. Zərdabi, Axundov, Rəsulzadə ənənələrinə riayət edən, onların yolu ilə gedən mətbu orqanlarımız isə öz missiyalarını davam etdirirlər. Yəni, hansı mətbu orqanı milli mətbuatın ənənələrinə sadiq deyilsə, ənənələrdən kənara çıxırsa, onların ömrü də uzun olmur.

-Cahangir müəllim, ömrünüzün böyük bir hissəsi Bakı Dövlət Universitetinin  Jurnalistika fakültəsi ilə bağlıdır. Hazırda fakültədə tədris imkanları hansı səviyyədədir?

- Bakı Dövlət Universiteti müxtəlif istiqamətlər üzrə kadr hazırlayır. 1928-ci ildən bünövrəsi  qoyulan, sonralar Filologiya fakültəsində şöbə kimi, 1969-cu ildən ayrıca fakültə kimi fəaliyyət göstərən Jurnalistika fakültəsi indiyədək minlərlə jurnalist hazırlayıb. Bu gün də bizim fakültə öz tarixi missiyasını davam etdirir. Jurnalistika fakültəsinə tələbə qəbulu həm də yaradıcılıq müsabiqəsi əsasında aparılır. Hər il yüz nəfərdən çox tələbə qəbul edilir. Bu fakültənin bünövrəsini Azərbaycan ictimai  düşüncəsində ustad müəllim və ustad jurnalist kimi yaşayan Nəsir İmanquliyev və Şirməmməd Hüseynov qoyublar. Onların bu fakültədə  yaratdığı təmiz dünya, tələbəyə müəllim sevgisi, obyektiv qiymət meyarı, jurnalist tələbələrə vətəndaşlıq keyfiyyəti aşılamaq, onları peşəkar media işçiləri kimi formalaşdırmaq ənənəsi indi də davam edir.

Ümumiyyətlə, jurnalistikada informasiya texnologiyası sürətlə dəyişir. Texnologiya nə qədər dəyişsə də, bizim fakültə üçün medianın yaradıcılıq prinsipləri və  beynəlxalq standartlar dəyişməz olaraq qalır. Məzunlarımız peşəkarlığı vətəndaşlıq prinsipləri ilə birləşdirib fəaliyyət göstərirlər.Vətəndaşlıq, azərbaycançılıq, klassikanı öyrənmək və ənənələri yaşatmaq prinsipi fakültəmizin təhsil sisteminin dəyişməz qanunlarındandır. Biz bu gün də fəaliyyətimizi həmin missiya ilə davam etdiririk.

- Son illər Jurnalistika fakültəsinə maraq xeyli artıb. Lakin belə bir fikir var ki, Jurnalistika fakültəsinə daxil olmaq asandır, amma jurnalist olmaq çətin məsələdir. Sizin bu barədə düşüncələriniz nədən ibarətdir?

- Açığı, bu fakültəyə daxil olmağın özü də asan iş deyil. Bunun üçün ilk növbədə  tanrı vergisi olmalıdır. İnformasiya texnologiyasının indiki inkişaf çağında çoxuna elə gəlir ki, jurnalist olmaq asandır. Sağlığında yüzlərlə jurnalistə müsahibələr verən  ulu öndər Heydər Əliyev bu sahəni çox çətin peşə kimi qiymətləndirirdi. Bu peşənin məsuliyyətini dərk etmədən “qələmə sarılanlar”ın ictimai rəydə heç bir qiyməti yoxdur. Jurnalist hər şeydən əvvəl ictimai və milli maraqlara xidmət etməlidir. Bunun üçün gərək jurnalistin öz üslubu, zəngin leksikası, aydın sintaksisi, geniş dünyagörüşü və mütləq yaradıcı təfəkkürü olsun. Bunların hansısa birindən məhrum olan, yaxud bu prinsiplərə etinasız “jurnalistlər” ictimai qınaqla qarşılaşırlar. İctimai marağa deyil, öz şəxsi  maraqlarına uyan jurnalist isə heç vaxt bu sahədə uğur qazana bilməz.

- Bu sahədə yeni addımlayan jurnalistlərə tövsiyələriniz nədən ibarətdir?

- Onlar bilməlidirlər ki, jurnalistika çox çətin sahədir. Ulu öndər Heydər Əliyevin jurnalistika ilə bağlı bir fikri var idi. O, deyirdi ki, jurnalistika çətin peşədir, bəzən jurnalistlər qınaq obyektinə çevrilirlər, ona görə ehtiyatlı olmalıdırlar. Amma ümummilli liderimiz jurnalistlərə həm də onu tövsiyyə edirdi ki, özünüzü göstərmək xətrinə sensasiya dalınca qaçmayın. Yəni, bu peşəyə gələnlər işin çətinliyini anlamalıdırlar. Mən tələbələrin arasındayam və görürəm ki, 2-3 il sonra artıq tələbələrimiz bu işin məsuliyyətini dərk edirlər. Bu sahədə yeni addımlayanlara da əsas tövsiyəm odur ki, jurnalistika peşəsinin məsuliyyətini dərk etsinlər və öz fəaliyyətlərini vətəndaşlıq, azərbaycançılıq üzərində qursunlar.

- Müsahibə üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm. Hər dəfə məni yada saldığınız üçün minnətdarlığımı bildirirəm.