Ov mövsümü başladı... - REPORTAJ

15:39 11.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illərin ov mövsümü 8 oktyabr 2021-ci il tarixindən etibarən açıq elan edilib.

İllər ötdü, zaman dəyişdi, ovçuluq sənəti ilk vaxtlardakı mahiyyətini günümüzün reallıqları ilə uyğunlaşdıraraq yeni bir dövrə qədəm qoydu. Hazırda kimi üçün peşə, kimi üçünsə xobbi olan ovçuluq ölkəmizdə də maraq dairəsindədir. Dünyada ovçuluğa olan böyük maraq ovçuluq turizminin yaranmasına səbəb olmuşdur. Bizdə ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir.

Hafta.az-ın əməkdaşı üz tutdu ovçuluq etmək istəyənlərə lazım olan bütün növ avadanlıqların satıldığı “Ovçu” mağazalarına. Görünən odur ki, əvvəllər ov həvəskarları mövsümün başlamasını səbirsizliklə gözləsələr də, pandemiya son illər bu sahəyə də marağın azalmasına səbəb olub.

Bundan başqa, bir məqamı diqqətinizə çatdıraq ki, mağazaların əməkdaşları suallarımızı cavablandırmaqdan boyun qaçırırdı. Nə satılan silahlar, nə də digər əşyalar haqqında məlumat vermək istəmirdilər. İlk yaxınlaşdığımız ovçu mağazasının əməkdaşı bildirdi ki, silahlar dövlətin icazə verdiyi, yaşı 18-dən yuxarı olan hər kəsə satılır. Bunun üçün 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin ov silahının alınmasına xüsusi icazəni əldə etmək üçün tələb olunan sənədlərin siyahısı isə aşağıdakılardır:

Ərizə;

Şəxsiyyət vəsiqəsinin sürəti;

Rəngli fotoşəkil(3x4) 2-ədəd;                 

Narkoloji dispanserdən sağlamlıq haqqında;

Ruhi-əsəb dispanserindən sağlamlıq haqqında;

Göz həkimindən sağlamlıq haqqında;

Məcburi köçkünlər üçün əlavə yaşayış yerindən arayışlar:

“Sadalanan bütün sənədlər toplandıqdan sonra, vətəndaşın ov silahı əldə etməsi üçün heç bir problem yoxdursa onlara silah satırıq. Ancaq indi pandemiya ilə bağlıdırmı nədir heç bilmirəm, satışlar elə də yaxşı deyil. Əvvəlki illərdə ov mövsümü başlar-başlamaz həvəskarlar iş başına keçirdilər. Ona görə də, satışlar gözlə görüləcək qədər azalıb. Silah alanlar da ən ucuz qiymətə olanını əldə etməyə maraqlıdırlar. Silahlardan başqa soyuq aylarda daha çox balıq tutmaq üçün alətlərin satışında artım olur. Onların da növləri və çeşidləri müxtəlifdir. Ancaq deyə bilərəm ki, bu son günlərdə satışında artım olan əsas ləvazimatlardan biri silah patronları və balıqçı alətləridir”.

Mağazadan ayrılıb digər ovçuluq dükanlarına da baş çəkmək üçün yolumuza davam etdik.  Növbəti müsahibimiz uzun illərdir ovçuluq ləvazimatları satışı ilə məşğul olan Cavanşir bəydir. O, söylədi ki, pandemiya işlərinə bir xeyli mənfi təsir göstərib. İndi də silah alınır, amma daha çox ucuz olanlara təlabat var:

“Ən çox satılan silahlar, 1000-1050 manatdan başlayan qiymətlərlə təklif edilənlərdir. Hansı ki, həmin silahların variantları yoxdur. “Baykal” şirkətinin istehsalı olan bu silahların “beşatılan” və “qoşalülə” növləri var. Bu silahlar mexanizm və içinin “işləmə”sinə görə digərlərindən bir qədər fərqlənirlər. Atış qabiliyyətində isə məsafə etibarı ilə fərqlilik yoxdur”.

Həmsöhbətimizin sözlərinə görə,  silah almaq üçün müraciət edənlər daha çox 35 yaşdan yuxarı şəxslərdir.

Nəzərinizə çatdıraq ki, ov mövsümü 27 fevral 2022-ci il tarixinə qədər davam edəcək.