Özbək mətbəxi Bakıda - plov, mantı, çak-çak, samsa... - FOTO

22:35 29.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Azərbaycandakı səfirliyinin “Turizmin və milli mətbəxin inkişafına dəstək” qeyri-hökumət təşkilatı ilə birgə təşkil etdiyi “Azərbaycanda Özbəkistan mətbəxi həftəsi” üçüncü festivalının finalı keçirilib. Tədbir Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 27-ci ildönümünə və Özbəkistanın müstəqilliyinin 31-ci ildönümünə həsr olunub.

Hafta.az-ın yazdığına görə, açılışda çıxış edən Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Bəhram Qaripov qeyd edib ki, tədbir ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir, özbək xalqının kulinariya ənənələri ilə daha yaxından tanış olmağa imkan verir.

“Turizmin və milli mətbəxin inkişafına dəstək” qeyri hökumət təşkilatının sədri Fəxrəndə Həsənzadə də bildirib ki, böyük maraq doğuran müsabiqədə yüzlərlə yemək çeşidi təqdim edən həvəskar aşpazlardan 25-i seçilib. Hansı ki, onlar bugünki tədbirə öz bərəkətli süfrələri ilə qatılıblar.

“Biz bu tədbiri dördüncü dəfədir keçiririk və inanırıq ki, bu cür tədbirlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəsini verir” deyən xanım F.Həsənzadənin sözlərinə görə, ümumilikdə 741 həvəskar aşpaz müsabiqədə iştirak etsə də, onlardan cəmi 25 nəfəri finalda iştiraka vəsiqə qazanıb.

“Bu gün Azərbaycan Kulinariya Assosiasiyasının üzvü olan peşəkarlar aşpazlardan ibarət jüri kimin müsabiqədə qalib olacağına və təbii ki, Özbəkistana təyyarə bileti qazanacağına qərar verəcək, - deyib F.Həsənzadə.

Yeri gəlmişkən, müsahibimiz jüridəki baş aşpazın özbəkistanlı olduğunu da xüsusi vurğulayıb. F.Həsənzadə deyib ki, yalnız təyyarə bileti ilə kifayətlənməyəcəklər, digər qaliblər də müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bu arada, “Özbək yeməkləri həftəsi” layihəsinin müəllifi, “Azeri Home Chef” şirkətinin yaradıcısı və rəhbəri F.Həsənzadənin əsas məqsədi Azərbaycanla dost ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək üçün milli mətbəxləri təbliğ etmək, ən yaxşı kulinariya layihələrini həyata keçirməkdir.

Canlı musiqinin müşayiəti ilə davam edən tədbirdə finala vəsiqə qazanan yeməklər münsiflər heyətinə təqdim olunub.

İştirakçı həvəskar aşpazlar arasından 10 qalib seçilib. Məryəm Məmmədova isə Özbəkistan Qida Həftəsi Kulinariya Müsabiqəsinin əsas qalibi olub. İkinci yeri Yeganə Qaşqay, üçüncü yeri Luna Tağıyeva, dördüncü yeri Sevda Axundova, beşinci yeri Yuliya Əsgərova tutub.

Özbəkistanın “Vasilçuki” restoranı da öz növbəsində beş nəfəri qalib elan edib: 1-ci yer Yelena Korneva, 2-ci yer Vəfa Osmanova, 3-cü yer Mehriban Əliyeva, 4-cü yer Marqarita Günko, 5-ci yer Fidan Əmirbəyova.

Ən yaxşı yeməklərin müəllifləri Özbəkistan səfirliyi və sponsorların xüsusi mükafatları ilə təltif olunublar. Kulinariya müsabiqəsinin 1-ci, 2-ci və 3-cü yerlərinin qalibləri əsas mükafatı - Özbəkistana səyahəti əldə ediblər.

Tədbir çərçivəsində beynəlxalq müsabiqə və festivallar laureatı Emin Həsənin, gənc rəqqaslar Amal Axmadulin və Gülarə Xanmerzoyevin və başqalarının iştirakı ilə konsert proqramı təqdim olunub, müxtəlif viktorinalar keçirilib, lotereya oynanılıb. Özbəkistan səfirliyi bütün qonaqları şirin özbək qovun və qarpızı, ənənəvi özbək plovu və somsa ilə qonaq edib.

Qeyd edək ki, özbək mətbəxi özbək mədəniyyəti, dili və adət-ənənələri ilə sıx bağlı olan dərin tarixə malikdir. Özbəkistanda hər kəs yemək bişirə bilir və aşpaz peşəsi mübahisəsiz hörmətə malikdir. Özbək mətbəxində çeşidlər o qədərdir ki, onları saymaqla bitməz. Quzu ətindən hazırlanan çoxçeşidli yeməklər, maş və noxud xörəkləri, məşhur özbək şorbaları lağman və şurpa, plov və kabab, mantı və somsa. Ümumiyyətlə, özbək mətbəxi əsl kainatdır, bir ömür sürə bilən səyahətdir.

Plov isə özbək mətbəxinin əsas yeməyidir. Plov bişirmək üçün çoxlu reseptlər var - o müxtəlif növ ət və quş əti ilə, balıq və digər dəniz məhsulları ilə, tərəvəz və göbələklərlə (vegetarian plov), meyvə və giləmeyvə ilə (şirin plov) bişirilir.

Özbək mətbəxi təkcə məşhur özbək plovu deyil, həm də bir çox başqa yeməklər, o cümlədən lağman, kabab, beşbarmaq, damlyama, mantı, aççik-çuçuk, çuçvara, çak-çak, sumalak, samsa, patır, halvaitar, gul - xanım və sairlə şöhrət qazanıb.

Oxunma sayı 11089