Koronavirusu ilə bağlı Azərbaycan bütün qabaqlayıcı tədbirləri görüb. Belə ki, bütün ictimai nəqliyyatda dezenfeksiya işləri aparılır. Həmçinin təhsil müəssisələrində də dezenfeksiya işləri ilə əlaqədar olaraq mart ayının 27-nə kimi dərslər dayandırılıb. Lakin ölkədə ictimai nəqliyyatdan əlavə taksilər də fəaliyyət göstərir.
Bəs taksilər dezenfeksiya olunmaqda maraqlıdırlarmı?
Şəhərin bir neçə istiqamətində taksi sürücülərin özündən soruşduq. Onlar gün ərzində daha çox insanlarla ünsiyyətdə olurlar, ünvalara insanları çatdırırlar.
Nərimanov metrosunun çıxışında dayanan Vasif bəy deyir ki, belə haya-küyə inanmaq lazım deyil:
"Azərbaycanda 6 nəfər yoluxub. Onlar da xarici vətəndaşlardır. Yalandan bu qədər böyütmək insanları təşvişə salmaq olmaz. Mən etdirməmişəm və gərək də görmürəm. Virus yayılacaqsa heç nəyə baxmayacaq. Axı bu virus xaricdədi. Ölkədə yoxdur. Niyə insanları qorxudurlar? Virus hər zaman yayıla bilir".
"Deməli siz də müəyyən dərəcədə öz üzərinizə düşəni edə bilərsiz" - çağırışımıza Vasif bəy deyir ki, hər zaman belə virus təhlükəsi olub:
"Bu bir siyasətdir. Mən heç vaxt qorxmamışam, maşınımı da özüm təmiz saxlayıram..."
Başqa sürücü Tural adlı Bakı sakini isə maşınına gün ərzində bir və ya iki nəfər mindiyini bildirir:
"Dörd saatdır dayanmışam. Heç kim minməyib. İndi taksiylə harasa gedən çox az adam olur. Ona görə də heç lüzum görmürəm dezenfeksiya etdirməyə. Nə də o maddəni hardan alırlar, necə edirlər məlumatım yoxdur".
Hətta bəzi taksi sürücüləri deyir ki, bu məsələdə dövlət maraqlı olmalıdır:
"Dövlət bütün ərazidə olan taksiləri dezinfeksiya etdirə bilər. Necə ki, avtobuslar olunur. Yoxsa bir dəfə biz etdirsək, onun elə də keyfiyyəti olmaz".
Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən hafta.az-a bildirilib ki, bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı, taksi minik avtomobilləri də dezinfeksiya olunur.
Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb. Diqqətə çatdırılıb ki, koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksilərdə də dezinfeksiya zəruridir.
Lakin keçirdiyimiz sorğulardan məlum olur ki, şəhərdə fəaliyyət göstərən özəl taksilər dezenfeksiya olunmayıb. Nə dərəcədə təhlükə mənbəyi ola biləcəyi isə məlum deyil. Təki insanlardan təhlükə uzaq olsun!