Pandemiya şəraitində Türkiyə - turistlər yenə də qardaş ölkəni seçir - Reportaj

22:36 15.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Mədəniyyət və Tuizm Nazirliyinin dəvəti ilə bu ölkəyə səfərimiz çərçivəsində İstanbulun “taxt-tacı” sayılan Topqapı saraş-muzeyini gəzdim. Əslində, burada çox olmuşam, bu dəfəki səfərim isə həm pandemiyanın dünyanı əsirinə çevirdiyi bir vaxta, həm də qarlı-boranlı bir günə təsadüf etdiyindən əvvəlkilərdən xeyli fərqləndi.

Cənnət bağı Topqapı

Bu yerdə qeyd edək ki, koronavirus pandemiyası dünya iqtisadiyyatını az qala çökdürdüyü bir vaxtda, qardaş Türkiyədə turizm sürətlə dirçəlib, özünü toparlamaqdadır. Hətta bu uğur o qədər şöhrət tapıb ki, bir sıra ölkələr turizm sənayesini gücləndirmək məqsədilə qardaş ölkədə ötən ilin mart-aprel ayından icra olunan “Türkiyə modeli”ni örnək alıb.

Hazırda Türkiyə hökuməti #SafeTourism, #GoTurkiye, #SafeTourismTurkiye təcrübəsinə əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya ilə bağlı  şərtlərinin tələblərinə uyğun şəkildə turzim sektorunu ayaqda saxlamaqdadır...

Əsas darvazadan keçib birinci həyətə daxil oluruq. Hər yer ağappaq qar libasını geyinsə də, Topqapının yüzillərə şahidlik etmiş binaları olduğu kimi əzəmətlə dayanaraq, dəstə-dəstə bura axışan turistləri salamlayır. Təməli İstanbul fəth olunduqdan sonra 1460-cı ildə fateh Sultan Məhmət tərəfindən qoyulan bu əzəmətli saray kompleksinin inşası 18 il davam edib və 1478-ci ildə tamamlanıb.

İstanbulun ən görkəmli yerlərindən olan Sarayburnunda yerləşən kompleks 300 min kvadratmetrlik ərazidə inşa edilib və məlumatlara görə, qala divarları ilə əhatələnən kompleksin ərazisində 2 mindən 4 minədək insan yaşayıb. Bunlar sultanın ailəsi, vəzirlər və digər yüksək çinli saray əyanları, eləcə də sultanın və ailəsinin, şahzadələrin xidmətçiləri və sair olub.  Topqapı sarayı 624 illik Osmanlı tarixinin 400 ilini imperiyanın siyasi mərkəzi olaraq fəaliyyət göstərib.

Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey kimi fəaliyyətə başlayan bu tarixi məkan “Cümhuriyyətin ilk muzeyi” adını qazanıb. Topqapı sarayı, eyni zamanda, dünyanın ən böyük saray-muzey kompleksidir.

Muzeydə Osmanlı imperiyasına aid memarlıq abidələri, əşyalar və təxminən 300 min arxiv sənədi saxlanılır. O cümlədən, Ayasofya məscid-muzeyi ilə eyni arxitekturada tikilmiş Aya İrini kilsəsi də məhz kompleksin birinci həyətinin sol qismində yer alır. Tarixçilərin fikrincə, Aya İrini kilsəsi hətta Ayasofyadan da qədimdir. Bu məbədin 330-cu ildə tikildiyi bildirilir.

“Bab-ı Hümayun”, “Babüsselam” və “Babüssaade” adlı üç əsas qapısı olan Topqapı Sarayı bağçalar və meydanlarla əhatə olunub. Saray bir-birinin içindən keçilən dörd həyətdən ibarətdir.

Ədalət qülləsi

İkinci həyətdə əsasən dövlət binaları tikilib. Tarix boyu bir çox rəsmi mərasimlərə şahidlik edən bu həyətdə imperianın xəzinəsi də yerləşir. Rəsmi mərasimlərin keçirildiyi əsas binanın arxasında isə sultanın ədalətinin rəmzi olan “Ədalət Qülləsi” göylərə ucalır. O cümlədən, sultanlar tərəfindən yığıncaqların keçirildiyi, yerli və xarici elçilərin qəbul olunduğu “Ərz otağı”, “Əndərun” xəzinəsi, “Fateh köşkü” kimi tikililər də məhz bu həyətdədir. Burada, eyni zamanda, “Səfərli”, “Xəzinəli”, “Böyük” və “Kiçik” otaq adlandırılan saray məktəbinin hissələri də yerləşir.

Bələdçimiz deyir ki, tarixi boyu bir çox hadisələrə şahid olan sarayın bir hissəsi 1574-cü ildə baş vermiş yanğın zamanı ciddi zərər görür. Bu səbəbdən Sultan II Səlimin əmri ilə tikilinin mətbəx, hərəm və ərz otaqları o zamanın tanınmış şəxsiyyətlərindən olan Memar Sinan tərəfindən bərpa işləri aparılıb.

Hazırda hər gün minlərlə insanın ziyarət etdiyi bu məkan İstanbulun ən çox turist qəbul edən yerlərindəndir. Tarixi xüsusiyyətləri, memarlıq üslubu ilə yanaşı, gözəlliyi ilə də istər yerli, istərsə də xarici turistləri özünə cəlb edən saray 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

İkinci həyət təxminən 1465-ci ildə II Məhmətin hakimiyyəti dövründə tamamlanıb, lakin müair görünüşünü 1525-1529-cu illərdə Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə alıb. Bu həyətdə saray xəstəxanası, çörəkxana, yeniçərilər üçün yaşayış yerləri, axırlar, hərəmxana, mətbəxlərdən şimalda Divanxana, həyətin sonunda Səadət darvazası yerləşir. Bütün həyət ərazisi mərmər kollonada ilə əhatələnib ki, bu da ümumi ansambl yaradır. 

Ədalət qülləsi divanxana ilə hərəmxana binası arasında yerləşir. Çoxmərtəbəli qüllə saray kompleksinin ən hündür binasıdır və qüllədən boğaza gözəl mənzərə açılır. Qüllə II Məhmətin hakimiyyəti dövründə inşa olunsa da, 1527-1529-cu illərdə Qanuni Sultan Süleymanın zamanında yenidən qurulub və genişləndirilib.

Sultanın ədalətsizliyə qarşı çıxdığını simvolizə edən türbənin şəhərin hər yanından görünməsi insanlarda sultanın hər yeri görməsi təsirini yaratmalı idi.

Bu həyətdə bir vaxtlar sarayın xəzinə binası yerləşib. Hansı ki, günümüzdə həmin binanın daş salonlarında müxtəlif silah-sursat və zirehli geyimlər, eləcə də dünyanın ən iri alması nümayiş etdirilməkdədir.

Həyətin sağ tərəfində ucsuz-bcaqsız, uzunsov şəkilli  saray mətbəxləri yerləşir. Mətbəxlərin bəziləri XV əsrdə, saray binası ilə birikdə inşa edilib. Mətbəxlər Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə genişləndirilsə də, 1574-cü ildə baş vermiş yanğın zamanı yanaraq sıradan çıxıb. Bundan sonra Memar Sinan 20 bacalı mətbəxlərin yenidən inşa olunması işini həyata keçirib. Mətbəxlər 10 gümbəzli binadan ibarətdir. Bələdçinin sözlərinə görə, 800 nəfərdən çox insanın çalışdığı mətbədə sultan, hərəmxana sakinləri və digərləri üçün yeməklər burada hazırlanıb. Həyətin digər tərəfindəki çökək hissədə sultanlığın at axurları mövcud olub. Eyni zamanda, orada I Mahmudun hakimiyyəti dövründə tikilmiş Bəşir ağa məscidi və hamamı yerləşir.

Üçüncü həyətdə dinləmə otağı, III Əhmədin kitabxanası, daxili xəzinə, Məhrəm otaq, Səfərli koğuşu, qılıncdaşıyanlar qalereyası, Miniatür və Portret qalereyası, Topqapı Muzeyinin direktorluq binası, müvəqqəti sərgilər zalı, Ağalar məscidi, hərəmxanaya çıxış, quşxana, hərəmağasının mənzili və sair yer alır. Üçüncü həyət Topqapı sarayının özəyi hesab edilir.

Hər, qeyd edək ki, Topqapı muzeyində Məhəmməd peygəmbərin əşyaları, qızı Fatimanın üst paltarı, Həzrət Əlinin əbası və sair saxlanılır.

Mən muzeyin məhz bu qismində olanda orada 7-8 cavan, orada qəribə dini geyimli kişilər vardı. Ziyarətdən sonra qapının ağzında onlarla bir-iki ağız söhbətləşdim. Dedilər ki, Nəxşibəndi icmasının üzvləridirlər, vaxtlarını maraqlı keçirmək üçün burdadırlar. Onlardan müsəlman dini cərəyanının üzvləri niyə öz vaxtlarını səmərəli keçirmək üçün Məkkə və Mədinəyə, Kərbəlaya, Nəcəfə, hətta Quma, Məşhədə yox, məhz İstanbula gəlmələrinin sirini soruşdum.  İçlərindən biri cavab verdi ki, ABŞ-da yaşayırlar, əsas liderləri isə Şimali Kipr Türk Respublikasından olub. Amma onların xasiyyət və fikirləri əsasən Türkiyənin siyasətinə uyğun gəlir.

Ayasofya – mədəniyyətlərin qovşağı

Topqapı muzeyini dolaşıb həyətdən çıxdım. Yolum Aya Sofyayadır. Elə Topqapı saray-muzeyinin qarşısındaca yerləşən bu qədim məbəddə çox sayda adam vardı. Kimlər qırmızı xalı döşənmiş döşəmədə oturub namaz qılır, kimlər də ki, hərə əlində bir telefon öz şəkillərini çəkirdi. Hörmət və ən əsası qaydalar əsasında, digər yüzlərlə insan kimi, ayaqqabılarımı çıxarıb məscid-muzeyə girdim. Binanın nəhəng çilçıraqlar asılmış tavanında bəzi guşələrdə İsa peyğəmbərin,  Həzrəti Məryəmin ikonaları həkk olunub. Amma həmin ikonaların ətrafındasa ərəb əlifbası ilə Qurandan ayələr yazılıb. Yəni burada xristianlıqla İslam vəhdətdədir.

Aya Sofyadan ayrılıb məbədin qarşısındakı meydançaya gəldim. Biri bişmiş qarğıdalı, başqa biri odda izqara edilmiş şabalıd, başqa biri isə əlində tutduğu bir topa əlcək və şərfi satmaq üçün dil boğaza qoymurdu. Peşman oldum əlcəyin qoymətini soruşmağa, satıcı başladı malını tərifləməyə ki, ən aşağı qiymətə ondadır, alsam xeyir tapacağam və sair.

Qarlı hava olsa da, yüzlərlə əcnəbi turistin qaynaşdığı meydançada satıcıların şıdırğı alveri, sözün əsl mənasında turizm sahəsinin canlandığını göstərirdi. Ukrayna, Çin, Böyük Britaniya, Rusiya və konkret hansı ölkədən gəldiklərini ayırd etməsəm də, ərəb olduqları uzaqdan bilinən turist dəstələrinin Topqapı və Ayasofya kimi muzeyləri heyrətlə ziyarət etməsi 3-4 il öncəki Topqapı ziyarətimdən aldığım təəssüratlarımı təkrar canlandırdı: İzdiham, böyük maraq və Türkiyə turizminin sürətli inkişafı...

Bakı-İstanbul

 

Oxunma sayı 2968