Parklardakı attraksionlar özəl şirkətlərə məxsus olduğundan standart qiymət tətbiq edilmir
Bir müddətdir, ölkəmizdə pandemiya səbəbindən, Operativ Qərargahın qərarına əsasən bulvar və parklarda, uşaq əyləncə mərkəzləri, atraksionlar işləmir. Hafta.az-ın əməkdaşı paytaxtın müxtəlif ərazilərində yerləşən parklarda olub, vəziyyəti yaxından izləyib.
Müşahidələrimizə əsasdən deyə bilərik ki, hazırda karantin dövrü ilə bağlı olaraq qurulan mexaniki atraksionların heç biri fəaliyyət göstərmir. Sürüşkənlər və bu qəbildən olan digər oyun aparatları isə balacaların ixtiyarındadır. Gəl gör ki, azyaşlılar bu haldan olduqca narahatdır. Valideynlər isə işləyəndə belə, qiymətlərin baha olduğundan şikayətlənir.
Nərimanov rayonu ərazisində yerləşən məşhur parkda da vəziyyət oxşar idi. Bura nəvələrini əyləndirmək üçün gətirən Tahir bəy deyir ki, uşaqları parka gətirmək onlar üçün daha maraqlı deyil. İndi nəvələrim burada mənimlə göyərçinləri yemləyirlər.
"Əvvəllər parkda yarım saatı 1 manata olan kiçik maşınlar var idi. Uşaqların da ən sevimli məşğuliyyəti maşın sürmək idi. Daha pandemiya dövrü başlayandan onlar da yoxdur. Qatar, at və bunabənzər attraksionlar da demək olar, işləmir. Düzü işləyəndə də qiymətlər sərf etmirdi, 5 dəqiqə üçün 1-2 manat alırdılar. Uşaqdır, istəyir o da minsin, əylənsin, biz də məcbur o pulu veririk".
Parka balaca qızı Ayşəni gətirən Nigar xanım da attraksionların bağlı olmasından gileylənənlərdən idi:
"Çoxdandır ki, uşağı parka gətirmirdim. Bir neçə ay əvvəl burada balaca mexaniki attraksionlar, yelləncəklər işləyirdi. İndi də həvəslə gəldik, o da ki belə, işləmir".
Elə bir qədər keçəndən sonra valideynin bu israrını görən bir nəfər kiçik attraksionların işlədiyini dedi. Yaxınlaşıb, “İcazə varmı?”, – deyə soruşulanda isə cavabı belə oldu:
"Bizim də çörəyimiz buradan çıxır. Gündə 5-10 manat qazana bilsəm, şükür edirəm. Əslində, nə böyük, nə də balaca attraksionların işləməsinə icazə var. Nə edək, məcbur qalıb adam olduqca kiçikləri işə salırıq".
Üz tutduğumuz bir çox park və istirahət məkanlarında vəziyyət oxşar idi. Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında da əvvəllər kiçik oyun maşınlarının olduğu park var idi. Daha burada da belə maşınları görmək olmur. Sakinlər deyirlər ki, pandemiya başlayandan yığışdırılıb.
Bəs görəsən, parklarda quraşdırılan attraksionlar hansı qurumun balansındadır? Burada qiymətlərə kim nəzarət edir?
Bizim nəzarətimizdə olan parklarda attraksion yoxdur
Bu suallara cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mətin Hüseynovun sözlərinə görə, bir çox park və istirahət məkanları onların nəzarətindədir. Elə parklar var ki, rayon icra hakimiyyətinin, eləsi də var, “Bakı Abadlıq” MMC-nin üzərindədir:
“Park kimindirsə, burada qurulan attraksionlara da onlar özləri nəzarət edirlər. Misal olaraq deyim ki, “Sahil bağı” Səbail Rayon İcra Hakimiyyətinin, “Tarqovu” ərazisi kimi tanınan məkan isə “Bakı Abadlıq” MMC-nin balansındadır. Deməli, burada qurulan attraksionlar da həmin qurumların nəzarətindədir. Burada birmənalı olaraq heç kim vahid subyekt kimi çıxış etmir. Bizim nəzarətimizdə olan parklarda isə attraksion yoxdur. Nümunə olaraq Alatava ərazisində yeni açılan meşə tipli parkı göstərmək olar. Burada heç bir pullu attraksion yoxdur”.
Attraksionlardan yığılan vergilərə gəldikdə isə meriyanın sözçüsü bildirdi ki, bununla bağlı heç bir məlumatı yoxdur: “Nəzarətimizdə olan parklarda belə attraksionlar olmadığına görə, mən nəsə söyləyə bilmərəm. Yaxşı olardı ki, kimin ərazisində belə park var, onlar danışsınlar”.
Ardınca isə buradan əldə olunan vəsait, ona nəzarət prinsipi və qiymət tənzimləmələri ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimovla həmsöhbət olduq. Ekspert söylədi ki, parklarda xidmət göstərən attraksionlar özəl şirkətlərə məxsusdur. Bunun hökumət tərəfindən təyin olunan standart qiyməti yoxdur:
“Attraksionlardan istifadə edən vətəndaşlar xidmət qarşılığında qəbz alır. Qəbz əsasında da heç şübhəsiz ki, gəlirin müəyyən miqdarı vergiyə ödənilir. Qiymət narazılığına gəldikdə isə, xidmətlər özəl sektora aid olduğu üçün dövlət standart təyin etmir”.
Nəzərinizə çatdıraq ki, bu gün parklarda quraşdırılan bəzi attraksionlarda qəbz verilmədən xidmət göstərilir. Ekspertin məsələyə yanaşması bu cür oldu:
“Belə olduğu halda, yəqin ki, Vergilər Xidməti sözügedən şəxsləri nəzarətsiz qoyub. Göstərilən xidmətdə hər hansısa özbaşınalıq halları ilə qarşılaşan vətəndaş yaxşı olardı ki, Vergilər Nazirliyinin qaynar xəttinə bununla bağlı məlumat versin. Yerli icra orqanlarına verilən məlumat əksər hallarda baxılmamış qalır. Nazirliyin qaynar xətti məlumata operativ yanaşacaqdır”.