“Son illər Azərbaycanda təhsilin keyfiyyətinin artırılması istiqamətində çox böyük işlər görülüb. Bunun nəticəsidir ki, ölkə təhsildə əldə olunan nailiyyətlər ilbəil yüksəlir”. Bu fikirləri hafta.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Azərbaycanda təhsilin dövlət üçün həmişə prioritet sahə olduğunu xatırladan ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin BDU-nun yaranmasının 100 illiyi ilə bağlı tədbirdə şəxsən iştirakı bunun bariz nümunəsidir: “Həmin tədbirdə cənab Prezident bir sıra məsələlərə toxundu. O cumlədən ali təhsilin keyfiyyətinin artırılması, yeni peşələrin yaranması istiqamətində fikirlərini bölüşdü. Dövlət başçısının da vurğuladığı kimi bir neçə ildən sonra hazırda ali məktəblərdə tədris olunan bəzi ixtisaslar öz aktullağını itirəcək. Çünki müasir dövrün tələblərinə uyğun olaraq yeni peşələr yaranmaqdadır. Təbii ki, Azərbaycan da bu reallıqdan kənarda qala bilməz. Məlum olduğu kimi, ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya” qəbul olunub. Təbii ki, ölkəmizin mövcud reallıqları, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla Təhsil Qanunvericiliyimizin təkmilləşdirilməsi və yeniləşdirilməsi sahəsində irəliyə doğru nəzərəçarpacaq bir dönüş müşahidə olunmaqdadır. Son illər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa onlarla dəyişiklik edilib, yeni maddələr salınıb. Artıq bir neçə sahəvi qanunların qəbul edilməsi ilə yanaşı “Peşə təhsili haqqında” qanunun da qəbulu ilə əslində təhsilin pillələri arasında keçidin təmin olunması bir növ reallaşmış olur. Digər tərəfdən, Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Sənəd Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili və proqramda nəzərdə tutulan digər vəzifələrin reallaşdırılması xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsininə şərait yaratmaqla yanaşı, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da faydalı sayıla bilər. Bütün bunlar isə gələcəkdə ali təhsildə keyfiyyətin daha da yüksəlməsinə şərait yaradacaq”.