Qalereya məğlub oldu: “Troitsa” ikonası kilsəyə aparıldı

09:45 07.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Andrey Rublyovun Rusiyada son həftələrdə müzakirələrə səbəb olan “Troitsa” (“Üçlük”) ikonası nəhayət aprelin 3-də Tretyakov Şəkil Qalereyasından Xilaskar Məsih Katedralına köçürülüb.

Hafta.az-ın “İsvestiya” qəzetinə istinadən yazdığına görə, “Troitsa” Günü Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill ikonanın hüzurunda ibadət edib.

Qəzetin yazdığına görə, nə qədər ki, ikona katedralda qalıb, Tretyakov qalereyasının mütəxəssislərinin nəzarəti altında olacaq. Xəbərə görə, ikonanın zədələnməsinin qarşısını almaq üçün katedralın içinə yeni kondisioner sistemləri quraşdırılıb.

İbadətdən sonra ikona qismən ziyarətçilərin üzünə açılıb. Mətbuatda əks olunan fotoşəkillərdə “Rosqvardiya” üzvlərinin ikona ilə birlikdə olduğu görünür.

Rusiya muzey ictimaiyyəti, xüsusilə Tretyakov Şəkil Qalereyasının mütəxəssisləri ikonanın kilsəyə verilməsinə qarşı çıxdılar. Ekspertlər xəbərdarlıq ediblər ki, XV əsrdə hazırlanmış ikona ən kiçik səhvə görə geridönüşü olmayacaq dərəcədə pozulmaq riski altındadır.